Yaralandıqdan sonra da Allahın və Peyğəmbərin dəvətinə uyanların arasından yaxşı işlər görüb (pis işlərdən) çəkinənlər üçün böyük bir mükafat vardır.
(Ali İmran surəsi, 172)
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)