"Peyğəmbərə itaət, Allaha olan itaətdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Rəhman və Rəhim olan Allahın adı ilə
Ey iman gətirənlər, Allaha itaət edin! Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.
(Nisa surəsi, 59)
Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur!
(Nisa surəsi, 13)
(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.
(Əhzab surəsi, 71)
Ey iman gətirənlər, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Quranı) eşitdiyiniz halda, ondan üz çevirməyin!
(Ənfal surəsi, 20)
Biz hər bir peyğəmbəri, - Allahın izni ilə - yalnız özünə itaət olunması üçün göndərdik. Əgər onlar, özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın, tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər.
(Nisa surəsi, 64)
Allah və Onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.
(Ənfal surəsi, 46)
De: “Allaha da, Peyğəmbərə də itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Peyğəmbərin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir.
(Nur surəsi, 54)
Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik.
(Nisa surəsi, 80)
De: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərlərsə, (bilsinlər ki,) Allah inkar edənləri sevməz”.
(Ali İmran surəsi, 32)
Allaha və Peyğəmbərə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.
(Təğabun surəsi, 12)