Mücadilə surəsi
Rəhman və Rəhim olan Allahın adı ilə
- Əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Mücadilə surəsi, 1)
- Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır.
(Mücadilə surəsi, 2)
- Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 3)
- Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun Peyğəmbərinə iman gətirdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! Kafirlər üçün acı bir əzab vardır.
(Mücadilə surəsi, 4)
- Şübhəsiz, Allaha və Peyğəmbərinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. Kafirlər üçün alçaldıcı bir əzab vardır.
(Mücadilə surəsi, 5)
- O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri özlərinə xəbər verəcəkdir. Allah onları (etdikləri əməlləri bir-bir) saymışdır, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahiddir.
(Mücadilə surəsi, 6)
- Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
(Mücadilə surəsi, 7)
- Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və ürəklərində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8)
- Ey iman gətirənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!
(Mücadilə surəsi, 9)
- Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman gətirənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
(Mücadilə surəsi, 10)
- Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman gətirənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.
(Mücadilə surəsi, 11)
- Ey iman gətirənlər! Peyğəmbərlə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir.
(Mücadilə surəsi, 12)
- (Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 13)
- Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
(Mücadilə surəsi, 14)
- Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onlar necə də pis işlər görürlər!
(Mücadilə surəsi, 15)
- Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.
(Mücadilə surəsi, 16)
- Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Mücadilə surəsi, 17)
- O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.
(Mücadilə surəsi, 18)
- Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.
(Mücadilə surəsi, 19)
- Şübhəsiz ki, Allaha və Peyğəmbərinə düşmən olanlar ən zəlil kimsələr arasındadırlar.
(Mücadilə surəsi, 20)
- Allah (lövhi-məhfuzda): “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
(Mücadilə surəsi, 21)
- Allaha və axirət gününə inananların - ataları, oğulları, qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və Peyğəmbərinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
(Mücadilə surəsi, 22)