Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?!
(Kəhf surəsi, 9)
Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” - demişdilər.
(Kəhf surəsi, 10)
Beləliklə, mağarada illərlə onların qulaqlarına vurduq.
(Kəhf surəsi, 11)
Sonra da iki qrupdan hansının, (yuxulayıb) qaldıqları müddəti daha düzgün hesablayacağını bilmək (görmək) üçün onları oyandırdıq.
(Kəhf surəsi, 12)
Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman etmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.
(Kəhf surəsi, 13)
Onların qəlbinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq.
(Kəhf surəsi, 14)
Bizim bu qövmümüz Allahdan başqa ilahlar qəbul etdi. Onlar bu ilahlar barəsində açıq bir dəlil gətirməli deyildilərmi?! Elə isə, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?!”
(Kəhf surəsi, 15)
(Həmin gənclərdən biri belə dedi:) “Madam ki, onlardan və Allahı qoyub ibadət etdiklərindən uzaqlaşmısınız, onda dərhal mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən bəxş etsin və bu işinizdə ehtiyacınız olan şeyləri sizin üçün hazırlasın”.
(Kəhf surəsi, 16)
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
(Kəhf surəsi, 17)
Onlar yuxuda ikən sən onların oyaq olduğunu zənn edərdin. Biz onları sağ tərəfə və sol tərəfə çevirirdik. Onların iti də mağaranın girişində qabaq ayaqlarını uzadıb yatmışdı. Əgər onları müşahidə etsəydin, mütləq dönüb onlardan qaçardın və gördüklərinə görə səni qorxu bürüyərdi.
(Kəhf surəsi, 18)
Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!
(Kəhf surəsi, 19)
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!”
(Kəhf surəsi, 20)
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
(Kəhf surəsi, 21)
(İnsanlardan bəziləri): “Onlar üç nəfər idilər, dördüncüsü də itləri idi”, - deyəcəklər. (Bəziləri də) qeyb (onların sayı) barəsində fikir yürüdərək: “Beş nəfər idilər, altıncısı da itləri idi”, - deyəcəklər. (Digərləri isə:) “Yeddi nəfər idilər, səkkizincisi isə itləri idi”, - deyəcəklər. De ki: “Onların sayını ən yaxşı Rəbbim bilir. Onlar haqqında məlumatı olanlar çox azdır”. Ona görə də açıq-aydın dəlillər istisna olmaqla, onlar barəsində mübahisəyə girişmə və onların (kitab əhlinin) heç birindən onlar haqqında soruşma!
(Kəhf surəsi, 22)
Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, - demə!
(Kəhf surəsi, 23)
Ancaq: “Allah diləyərsə (“İnşaAllah” - de)!” (İnşaAllah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”.
(Kəhf surəsi, 24)
Onlar mağaralarında üç yüz il qaldılar və doqquz il də əlavə etdilər (il qaldılar).
(Kəhf surəsi, 25)
De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmünə heç kimi ortaq etməz”.
(Kəhf surəsi, 26
)