Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən inkar edənlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət vardır.
(Ali İmran surəsi, 13)
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
(Ali İmran surəsi, 122)
Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə də Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız!
(Ali İmran surəsi, 123)
O zaman möminlərə belə deyirdin: “Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?”
(Ali İmran surəsi, 124)
Bəli, əgər səbir edib (Allahdan) qorxsanız və onlar (düşmənləriniz) dərhal üstünüzə gəlsələr, Rəbbiniz nişan qoyulmuş beş min mələklə sizə yardım edər.
(Ali İmran surəsi, 125)
Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
(Ali İmran surəsi, 126)
(Həmçinin Allah) inkar edənlərin bir qismini məhv etsin və ya onları darmadağın etsin deyə (belə etdi). Beləcə, onlar məğlub olub geri dönsünlər.
(Ali İmran surəsi, 127)
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 174)
(Xatırlayın ki,) o zaman Allah sizə iki dəstədən birinin sizin olmasını vəd edirdi. Siz isə silahsız olanının sizin olmasını istəyirdiniz. Ancaq Allah, Öz sözləri ilə haqqı ortaya çıxarmaq və inkar edənlərin kökünü kəsmək istəyirdi.
(Ənfal surəsi, 7)
Bu, günahkarların xoşuna gəlməsə də, haqqı ortaya çıxarmaq və batili yox etmək üçündü.
(Ənfal surəsi, 8)
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da: “Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi.
(Ənfal surəsi, 9)
Allah bunu yalnız bir müjdə olsun və onunla qəlbiniz sakitləşsin deyə etmişdi. Yardım (qələbə) yalnız Allahdandır. Şübhəsiz ki, Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 10)
O zaman Allah Öz dərgahından arxayınlıq olsun deyə sizi mürgülətmişdi. O sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, qəlbinizi bir-birinə bağlamaq və (müharibədə) ayaqlarınızı möhkəmləndirmək üçün göydən üstünüzə yağış yağdırırdı.
(Ənfal surəsi, 11)
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! inkar edənlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi.
(Ənfal surəsi, 12)
(Ey inkar edənlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (elçiyə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir.
(Ənfal surəsi, 19)
O zaman (Bədr döyüşündə) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 42)
(Xatırla ki,) o zaman Allah yuxunda sənə onları (düşmənləri) az göstərmişdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxacaq və bu iş barəsində bir-birinizlə mübahisə edəcəkdiniz. Lakin Allah (sizi bundan) qurtardı. Şübhəsiz ki, O, qəlbdəkini bilir.
(Ənfal surəsi, 43)
Allah, olacaq bir işi yerinə yetirmək üçün (döyüşdə) üz-üzə gəldiyiniz zaman onları sizin gözünüzdə (sayca) az göstərir, sizi də onların gözündə az göstərirdi. Bütün işlər Allaha qaytarılacaqdır.
(Ənfal surəsi, 44)
Yer üzündə (inkar edənləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir elçiyə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 67)
Əgər (əsirlər) sənə xəyanət etmək istəsələr, (bil ki,) onlar daha əvvəl Allaha da xəyanət etmişdilər. Buna görə də (Allah sənə) onlara qarşı (öldürmə və əsir tutma) imkanı verdi. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Ənfal surəsi, 71
)