Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər.
(Hud surəsi, 62)
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Allahı tənzih edərik, bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər.
(Yusif surəsi, 31)
De: “Bu, mənim yolumdur. Mən Allaha çağırıram. Mən və mənə tabe olanlar açıq-aydın bir dəlilə əsaslanırıq. Allah pak və müqəddəsdir. Mən Allaha şərik qoşanlardan deyiləm!”
(Yusif surəsi, 108)
Kitab verdiyimiz kimsələr, sənə nazil etdiyimizə (Qurana) görə sevinirlər. Ancaq (sənin əleyhinə olan) dəstələrdən bəziləri onun bir qismini inkar edirlər. De: “Mənə ancaq Allaha ibadət etməyim və Ona şərik qoşmamağım əmr olunmuşdur. Mən Ona dəvət edirəm və axır dönüşüm də Onadır!”
(Rad surəsi, 36)
Elçiləri (onlara) belə dedilər: “Göyləri və yeri yaradan Allah haqqında şübhəmi edirsiniz?! O sizin günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün sizi (haqq dinə) çağırır”. Onlar isə belə dedilər: “Siz də bizim kimi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər sizin dediyiniz doğrudursa,) bizə açıq-aşkar bir dəlil gətirin!”
(İbrahim surəsi, 10)
O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
(Qəsas surəsi, 25)
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfsinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman etmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.
(Şura surəsi, 15)
Ey qövmümüz! Allahın dəvətçisini qəbul edin və ona iman edin ki, O sizin günahlarınızı bağışlasın və sizi şiddətli əzabdan qorusun.
(Əhqaf surəsi, 31)
Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
(Əhqaf surəsi, 32)
Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
(Qələm surəsi, 43)
Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim.
(Nuh surəsi, 5)
Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı.
(Nuh surəsi, 6)
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
(Nuh surəsi, 7)
Sonra mən onları ucadan dəvət etdim.
(Nuh surəsi, 8
)