Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
(Loğman surəsi, 12)
Vaxtilə Loğman öz oğluna öyüd verərək: “Ey oğlum, Allaha şərik qoşma! Həqiqətən, şərik qoşmaq böyük zülmdür”, - demişdi.
(Loğman surəsi, 13)
(Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır.
(Loğman surəsi, 16)
Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.
(Loğman surəsi, 17)
Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.
(Loğman surəsi, 18)
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
(Loğman surəsi, 19)