Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, zəif olduğunuz halda Allah sizə Bədrdə yardım etmişdi. Ona görə də Allahdan qorxun ki, bəlkə şükür etmiş olasınız!
(Ali İmran surəsi, 123)
Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbiniz rahatlasın deyə etdi. Zəfər ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır.
(Ali İmran surəsi, 126)
Yer üzündə (inkar edənləri) zəiflədənə qədər əsirlərə sahib olmaq heç bir elçiyə yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin üçün) axirəti istəyir. Allah qüdrətlidir, hikmət sahibidir.
(Ənfal surəsi, 67)
Onlarla mübarizə aparın ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rəzil-rüsvay etsin, sizi onlara qalib etsin və möminlər tayfasının qəlbini fərəhləndirsin.
(Tövbə surəsi, 14)
De: “Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də Allahın Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”.
(Tövbə surəsi, 52)
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.
(Şuəra surəsi, 227)
İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlbindəkini bilmirmi?!
(Ənkəbut surəsi, 10)
Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir.
(Əhzab surəsi, 25)
Onlara mütləq yardım olunacaqdır.
(Saffat surəsi, 172)
Allah saleh əməlləri səbəbilə müttəqiləri (cəhənnəmdən) xilas edəcəkdir. Onlara heç bir pislik toxunmayacaq və onlar qəmgin olmayacaqlar.
(Zumər surəsi, 61)
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
(Məhəmməd surəsi, 4)
Və Allah sənə şanlı bir zəfər bəxş etsin.
(Fəth surəsi, 3)
Onlara qarşı sizə zəfər bəxş etdikdən sonra Məkkənin yaxınlığında (Hüdeybiyyədə) onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Odur. Allah sizin etdiklərinizi görür.
(Fəth surəsi, 24)
Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver!
(Saff surəsi, 13
)