Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Hud demişdi: “Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
(Əraf surəsi, 67)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)
O iki qızdan biri utana-utana onun yanına gəlib dedi: “Atam heyvanlarımızı suladığına görə haqqını vermək üçün səni çağırır”. Musa onun (Şüeybin) yanına gəldiyi zaman başına gələnləri ona danışdı. O da: “Qorxma! Sən zalım qövmdən xilas olmusan”, - dedi.
(Qəsas surəsi, 25)
Qızlardan biri: “Atacan! Onu muzdla (çoban) tut! Həqiqətən, o, muzdla tutduqlarının ən yaxşısı, ən güclüsü və ən etibarlısıdır”, - dedi.
(Qəsas surəsi, 26)
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)
(O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Duxan surəsi, 18)
Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!”
(Yusif surəsi, 54)
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 178)
O (Quran), dəyərli bir elçinin sözüdür.
(Təkvir surəsi, 19)
O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.
(Təkvir surəsi, 20)
Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.
(Təkvir surəsi, 21)