Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın elçisisən!” - dedilər. Allah da bilir ki, sən Onun elçisisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
(Münafiqun surəsi, 1)
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun elçisi də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”.
(Tövbə surəsi, 94)
Siz onların yanına qayıtdığınız zaman onlardan əl çəkməyiniz üçün sizin qarşınızda Allaha and içəcəklər. Ona görə də onlardan əl çəkin! Çünki onlar murdardırlar. Qazandıqları günahların cəzası olaraq sığınacaqları yer cəhənnəmdir.
(Tövbə surəsi, 95)
Onlardan razı qalasınız deyə, qarşınızda and içərlər. Siz onlardan razı qalsanız belə, şübhəsiz, Allah fasiqlər tayfasından razı olmaz.
(Tövbə surəsi, 96)
Onlar sizi razı salmaq üçün Allaha and içərlər. Əgər onlar mömindirlərsə, Allah və Onun elçisini razı salmaları daha doğrudur.
(Tövbə surəsi, 62)