""
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
- (Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman etdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə nə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” - dedi.
(Şuəra surəsi, 49)📋
- İnkar edənlər isə elçilərinə: “Ya sizi yurdumuzdan çıxaracağıq, ya da dinimizə qayıdacaqsınız!” - dedilər. Rəbbi onlara (elçilərə) belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcəyik!
(İbrahim surəsi, 13)📋
- (Firon) dedi: “Əgər məndən başqasını ilah qəbul etsən, səni mütləq həbs edəcəyəm!”
(Şuəra surəsi, 29)📋
- (Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
(Taha surəsi, 71)📋
- Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” - dedilər.
(Şuəra surəsi, 167)📋
- İbrahimin qövmünün cavabı isə: “Onu öldürün və ya yandırın!” - demələri oldu. Lakin Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman edənlər üçün ibrətlər vardır.
(Ənkəbut surəsi, 24)📋
- Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
(Qəmər surəsi, 9)📋
- Qövmünün cavabı isə ancaq belə demək oldu: “Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlarmış!”
(Əraf surəsi, 82)📋
- Şüeybin qövmündən olan təkəbbürlü başçılar: “Ey Şüeyb! Səni və səninlə birlikdə iman edənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi: “Biz (bunu) istəməsək belə?!
(Əraf surəsi, 88)📋
- Onlar dedilər: “Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”
(Hud surəsi, 91)📋
- Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz.
(Şuəra surəsi, 129)📋
- Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız.
(Şuəra surəsi, 130)📋
- Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”
(Məryəm surəsi, 46)📋