Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin inkar edənlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər.
(Maidə surəsi, 103)
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki: “ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”
(Yunis surəsi, 18)
Onlar Allahı qoyub, Onun heç bir dəlil nazil etmədiyi və özlərinin də heç bir bilgiləri olmadığı şeylərə ibadət edirlər. Zalımların heç bir yardımçısı yoxdur.
(Həcc surəsi, 71)
O, Allahı qoyub özünə nə zərər, nə də xeyir verə bilən şeylərə dua edir. (Haqdan) uzaq zəlalət məhz budur!
(Həcc surəsi, 12)
(İnkar edənlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə nə zərər, nə də xeyir verə bilən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.
(Furqan surəsi, 3)
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcənizi analarınızın yerinə qoymamış, övladlığa götürdüklərinizi də övladlarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir.
(Əhzab surəsi, 4)
Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
(Loğman surəsi, 30)