Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin ürəklərinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah ürəklərdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq.
(Qamər surəsi, 49)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
(Ey elçi!) Sən hansı işlə məşğul olsan, nə vaxt Qurandan bir şey oxusan, (ey möminlər!) siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, Biz sizə şahidik. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın.
(Yunis surəsi, 61)
Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı.
(Taha surəsi, 129)
Heç bir ümmət öz əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.
(Muminun surəsi, 43)
Əgər Allah sizi (haqq yoldan) azdırmaq istəsə, mən sizə öyüd-nəsihət vermək istəsəm də, nəsihətim sizə heç bir fayda verməz. O sizin Rəbbinizdir və siz Ona qaytarılacaqsınız!”
(Hud surəsi, 34)
Əgər Allah sənə bir zərər toxundursa, Ondan başqa heç kim onu aradan qaldıra bilməz. Əgər Allah sənin üçün bir xeyir diləsə, heç kim Onun lütfünə mane ola bilməz. Onu, bəndələrindən dilədiyi kimsəyə bəxş edər. O bağışlayandır, mərhəmətlidir.
(Yunis surəsi, 107)
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
(Taha surəsi, 40)
İnsanlar tək bir ümmət idilər. Sonra isə ixtilafa düşüb ayrıldılar. Əgər Rəbbindən (əzabın gecikdirilməsinə dair) bir söz olmasaydı, ixtilafa düşdükləri məsələlər haqqında aralarında mütləq hökm verilərdi.
(Yunis surəsi, 19)
Rəbbin dilədiyini yaradar və seçər. Onların isə seçmə haqqı yoxdur. Allah pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
(Qəsas surəsi, 68)
Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmazdan əvvəl bir kitabda (Lövhi-məhfuzda yazılmış) olmasın. Şübhəsiz ki, bu, Allah üçün asandır.
(Hədid surəsi, 22)
Göydə və yerdə gizli qalan elə bir şey yoxdur ki, hər şeyi bəyan edən bir Kitabda (Lövhi-məhfuzda) olmasın.
(Nəml surəsi, 75)
Heç bir millət öz əcəlini nə tezləşdirə bilər, nə də gecikdirə bilər.
(Hicr surəsi, 5)
Hər bir ümmətin bir əcəli (müddəti) vardır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər”.
(Əraf surəsi, 34)
Sizi palçıqdan yaradıb sonra ölüm vaxtını təyin edən də Odur. Onun dərgahında müəyyənləşdirilmiş bir vaxt (qiyamət gününün vaxtı) vardır. Sonra siz yenə də şübhə edirsiniz.
(Ənam surəsi, 2)
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq.
(Ali İmran surəsi, 145)
De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”
(Tövbə surəsi, 51)