Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Atası Yaqub) dedi: “Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir.
(Yusif surəsi, 5)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Yük daşıyan və (yunundan) döşək hazırlanan heyvanları da (O yaratmışdır). Allahın sizə verdiyi ruzilərdən yeyin və şeytanın addımlarını izləməyin! Şübhəsiz, o, sizin açıq-aşkar düşməninizdir.
(Ənam surəsi, 142)
Ey insanlar! Yer üzündəki nemətlərin halal və təmiz olanlarından yeyin, şeytanın addımlarını izləməyin! Həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
(Bəqərə surəsi, 168)
O sizə yalnız pisliyi, murdar işləri və Allah barəsində bilmədiyiniz şeylər söyləməyinizi əmr edər.
(Bəqərə surəsi, 169)
Ey Adəm övladları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, - deyə əmr etmədimmi?!
(Yasin surəsi, 60)