Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Şuəra surəsi, 107)
Qövmünün inkar edən başçıları belə demişdilər: “Həqiqətən, biz səni səfeh görür və yalançılardan hesab edirik!”
(Əraf surəsi, 66)
Hud demişdi: “Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm.
(Əraf surəsi, 67)
Mən sizə Rəbbimin vəhylərini təbliğ edirəm və sizin üçün etibarlı bir nəsihətçiyəm.
(Əraf surəsi, 68)
Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir elçi gəlmişdi.
(Duxan surəsi, 17)
(O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
(Duxan surəsi, 18)
Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!”
(Yusif surəsi, 54)
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
(Maidə surəsi, 12)
O elçi güclüdür, Ərşin sahibi yanında çox hörmətlidir.
(Təkvir surəsi, 20)
Orada (mələklər tərəfindən) itaət ediləndir, mötəbərdir.
(Təkvir surəsi, 21)