Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar atalarının buyurduğu yerlərdən daxil olsalar da, bu, Allahdan gələni onlardan dəf edə bilmədi. Yaqub sadəcə olaraq ürəyindən keçəni söyləmiş oldu. Həqiqətən, o, öyrətdiklərimiz sayəsində elm sahibi biri idi. Lakin insanların əksəriyyəti (bunu) bilməz.
(Yusif surəsi, 68)
Beləcə, (orada) Öz dərgahımızdan rəhmət bəxş etdiyimiz və elm öyrətdiyimiz bir bəndəmizi (Xızırı) tapdılar.
(Kəhf surəsi, 65)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
Musa yetkinlik yaşına çatdığı zaman Biz ona hikmət (elçilik) və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Qəsas surəsi, 14)
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu elçiyə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
(Nisa surəsi, 83)
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər.
(Ali İmran surəsi, 159)