Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz ki, Biz insanı sınamaq üçün qarışıq bir nütfədən yaratdıq, sonra da onu eşidən və görən bir varlıq halına gətirdik.
(İnsan surəsi, 2)
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
(Mülk surəsi, 2)
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
(Ənbiya surəsi, 35)
Biz onlardan (insanlardan) hansının daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yer üzündəki hər şeyi, ona məxsus bir zinət olaraq yaratdıq.
(Kəhf surəsi, 7)
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta elçi və onunla birlikdə iman edənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!
(Bəqərə surəsi, 214)
Şübhəsiz, Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal-dövlət, can və məhsuldan əskiltməklə sınayarıq. Səbir edənlərə müjdə ver!
(Bəqərə surəsi, 155)
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
(Məhəmməd surəsi, 31)
Şübhəsiz, siz mal-mülkünüzlə və canlarınızla imtahan ediləcəksiniz. Həqiqətən, sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətli (sözlər) eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, əlbəttə, bu, əzmkarlıq tələb edən (dəyərli) işlərdəndir.
(Ali İmran surəsi, 186)
İnsanlar imtahana çəkilmədən yalnız: “İman etdik!” - deməklə onlardan əl çəkiləcəyinimi hesab edirlər?
(Ənkəbut surəsi, 2)
Şübhəsiz ki, Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Allah doğru söyləyənləri də, yalançıları da, əlbəttə, bilir.
(Ənkəbut surəsi, 3)