Əlif, Lam, Ra! Bu, açıq-aydın Kitabın ayələridir.
Başa düşəsiniz deyə Biz onu ərəbcə bir Quran olaraq nazil etdik.
(Ey elçi!) Bu Quranı vəhy etməklə sənə (keçmiş ümmətlərə dair) hekayələrin ən gözəlini danışırıq. Həqiqətən, bundan əvvəl sən (bu hekayələri) bilməyənlərdən idin.
Bir zaman Yusif atasına belə demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəşi və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.
(Atası Yaqub) dedi: “Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir.
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa (elçilik) nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”.
Həqiqətən, soruşanlar üçün Yusif və qardaşlarının hekayəsində ibrətlər vardır.
O zaman (Yusifin qardaşları) belə demişdilər: “Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir.
(Qardaşları öz aralarında belə dedilər:) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız”.
Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”.
Onlar dedilər: “Ay ata! Sənə nə olub ki, Yusif barəsində bizə etibar etmirsən? Halbuki, biz onun yaxşılığını istəyirik.
Sabah onu bizimlə birlikdə göndər ki, yeyib-içib oynasın. Biz onu mütləq qoruyacağıq!”
Yaqub dedi: “Onu aparmağınız məni çox kədərləndirər və qorxuram ki, siz ondan xəbərsiz ikən onu qurd yeyər”.
Onlar: “Biz bu qədər çox olduğumuz halda qurd onu yeyərsə, o zaman biz aciz olarıq axı!” - dedilər.
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!”
Onlar (qardaşları) axşam çağı ağlaya-ağlaya atalarının yanına gəldilər.
Onlar dedilər: “Ay ata! Biz bir-birimizlə yarışmaq üçün (uzağa) getmişdik. Yusifi də əşyalarımızın yanında qoymuşduq. Bir də gördük ki, qurd onu yeyib. Biz doğru söyləsək də, sən bizə inanmayacaqsan”.
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub elçi) dedi: “Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”.
Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir.
Onlar Yusifə dəyər verməyərək onu ucuz qiymətə - bir neçə dirhəmə satdılar.
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
Yusif yetkinlik yaşına çatdığı zaman ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” - dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi.
Həqiqətən, (Züleyxa) ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. Biz pisliyi və əxlaqsızlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Şübhəsiz ki, o, Bizim ixlaslı bəndələrimizdəndir.
İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
Yusif dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır.
Əgər onun köynəyi arxadan cırılıbsa, (Züleyxa) yalan deyir, Yusif isə doğru danışanlardandır”.
(Züleyxanın əri) Yusifin köynəyinin arxadan cırıldığını gördüyü zaman (Züleyxaya) dedi: “Şübhəsiz ki, bu siz qadınların hiylələrindəndir. Həqiqətən, sizin hiyləniz böyükdür!
Yusif, bundan (bunları söyləməkdən) əl çək! (Ey Züleyxa!) Sən də günahının əfvini dilə! Sən həqiqətən, günahkarlardan oldun”.
Şəhərdəki bəzi qadınlar belə dedilər: “Vəzirin zövcəsi öz cavan köləsini tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onu dəli-divanə etmişdir. Həqiqətən, biz onu açıq-aşkar bir sapqınlıq içində görürük”.
(Züleyxa) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən Züleyxa Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Allahı tənzih edərik, bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər.
(Züleyxa) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”.
Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyil salar və cahillərdən olaram”.
Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı. Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
Sonra (vəzir və yanındakılar) dəlilləri görmələrinə baxmayaraq onu müəyyən bir müddətə qədər zindanda həbs etmək qərarına gəldilər.
Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
Yusif dedi: “Sizə verilən yemək gəlmədən əvvəl onun yozumunu sizə xəbər verəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Şübhəsiz ki, mən Allaha inanmayan bir qövmün dinini tərk etmişəm. Məhz onlar axirəti də inkar edirlər.
Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe olmuşam. Hər hansı bir şeyi Allaha şərik qoşmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfündəndir. Lakin insanların çoxu (Allaha) şükür etməz.
Ey zindan yoldaşlarım, müxtəlif ilahlar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah?!
Allahı qoyub ibadət etdikləriniz sizin və atalarınızın (uyduraraq bütlərə) qoyduğu adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O, yalnız Özünə ibadət etməyinizi əmr etmişdir. Doğru din budur, lakin insanların çoxu bilmir.
Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı.
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir də yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni (Yusifin olduğu zindana) göndərin!”
(O, Yusifin yanına gəlib dedi:) “Yusif! Ey doğru danışan, bizim üçün (yuxuda görülən) yeddi arıq inəyin yediyi yeddi kök inəklə yeddi yaşıl sünbül və yeddi quru sünbülü yoz! Ola bilsin ki, adamların yanına (doğru bir yozumla) qayıdaram və bəlkə, onlar da (həqiqəti) bilərlər”.
Yusif dedi: “Yeddi il adətiniz üzrə (torpağınızı) əkin. Sonra da yeyəcəyiniz az bir miqdar istisna olmaqla, biçdiyiniz məhsulu sünbüldə saxlayın!
Ondan sonra (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, o illər üçün tədarük etdiklərinizi yeyib bitirən yeddi çətin il (quraqlıq və qıtlıq ili) gələcəkdir.
Onun ardınca da (Allah tərəfindən bol yağışla) insanlara yardım ediləcəyi və meyvələrin şirəsini sıxacaqları bir il gələcəkdir”.
Kral dedi: “Onu mənə gətirin!” Elçi (Yusifin) yanına gəldiyi zaman (Yusif) dedi: “Ağanın yanına qayıdıb ondan soruş ki, əllərini kəsən qadınlara nə olmuşdu?! Şübhəsiz ki, mənim Rəbbim onların hiyləsini yaxşı bilir”.
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi (Züleyxa) dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”.
(O zaman Yusif dedi:) “Bu, (vəzirin) yoxluğunda mənim ona xəyanət etmədiyimi və Allahın xainləri hiylələrində müvəffəq etməyəcəyini bilməsi üçündür.
Mən nəfsimi də təmizə çıxartmıram. Həqiqətən, nəfs şiddətli şəkildə pis işlər görməyi əmr edər. Ancaq Rəbbimin rəhm etdiyi kimsə istisnadır. Şübhəsiz ki, Rəbbim bağışlayandır, rəhmlidir”.
Kral dedi: “Onu mənə gətirin! Onu özümə xas (müşavir) edəcəyəm”. (Kral) onunla danışarkən belə dedi: “Sən bu gün yanımızda yüksək mövqe sahibi, etibarlı bir şəxssən!”
Yusif dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə (rəhbər) təyin et! Həqiqətən, mən yaxşı qoruyanam, (bu işi) yaxşı bilənəm”.
Beləliklə, Yusifi o yerdə yüksək mövqe sahibi etdik. O, istədiyi yerdə qalırdı (və istədiyi kimi hərəkət edirdi). Biz, dilədiyimiz kimsəyə rəhmətimizi çatdırarıq və gözəl əməl sahiblərinin mükafatını zay etmərik.
İman edib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı daha xeyirlidir.
Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. O, dərhal onları tanıdı, lakin onlar onu tanımadılar.
Yusif onlar üçün yüklərini hazırladığı zaman dedi: “Atabir qardaşınızı da mənim yanıma gətirin. Görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və çox qonaqpərvər biriyəm?!
Əgər onu mənə gətirməsəniz, tərəfimizdən sizə heç bir şey çəkilib verilməyəcək və (bunun üçün) mənə yaxınlaşmayın!”
(Qardaşları) dedilər: “Onun (gəlməsi) üçün atasını razı salarıq. Biz (bunu) hökmən edəcəyik”.
Yusif qulluğundakı cavanlara dedi: “Onların (mübadilə üçün gətirdikləri) mallarını yüklərinin arasına qoyun! Ola bilsin ki, ailələrinin yanına qayıtdıqları zaman bunu başa düşər və geri qayıdarlar”.
Onlar atalarının yanına qayıtdıqları zaman dedilər: “Ay ata! Ölçülüb verilən ərzaq bizə qadağan edildi. Ərzaq ala bilməmiz üçün qardaşımızı da bizimlə göndər. Biz mütləq onu qoruyacağıq”.
(Yaqub) dedi: “Daha əvvəl qardaşı (Yusif) haqqında sizə nə qədər güvəndimsə, bunun haqqında da sizə o qədər güvənirəm. Allah ən yaxşı mühafizə edəndir və O, mərhəmətlilərin ən mərhəmətlisidir!”
Onlar yüklərini açdıqları zaman (mübadilə üçün apardıqları) mallarının geri qaytarıldığını gördülər və belə dedilər: “Ay ata, daha nə istəyirik?! Budur, öz mallarımız da bizə geri qaytarılıb. Bununla ailəmizə yenə ərzaq gətirərik və qardaşımızı da qoruyarıq. Bir dəvə yükü ərzaq da artıq alarıq. (Çünki indi gətirdiyimiz) bu ərzaqın miqdarı çox azdır”.
(Yaqub) dedi: “Başınıza bir müsibət gəlməsi istisna olmaqla, onu mütləq mənə gətirəcəyinizə dair Allah adına mənə söz verməyincə, onu sizinlə göndərməyəcəyəm”. Onlar söz verdikdən sonra (Yaqub) dedi: “Allah bizim söylədiklərimizə şahiddir”.
(Sonra Yaqub) dedi: “Ey oğullarım! (Şəhərə) eyni qapıdan deyil, ayrı-ayrı qapılardan girin! Yenə də Allahdan gələn heç bir şeyi mən sizdən dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etmişəm. Qoy təvəkkül edənlər də yalnız Ona təvəkkül etsinlər!”
Onlar atalarının buyurduğu yerlərdən daxil olsalar da, bu, Allahdan gələni onlardan dəf edə bilmədi. Yaqub sadəcə olaraq ürəyindən keçəni söyləmiş oldu. Həqiqətən, o, öyrətdiklərimiz sayəsində elm sahibi biri idi. Lakin insanların əksəriyyəti (bunu) bilməz.
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!”
Yusif onların yüklərini hazırladarkən su qabını qardaşının yükünün arasına qoydu. (Karvan yola düşdükdən) sonra bir carçı belə səsləndi: “Ey karvandakılar, siz həqiqətən, oğrusunuz!”
(Yusifin qardaşları) onlara dönüb: “Nə itirmisiniz?” - dedilər.
Onlar dedilər: “Kralın su qabını itirmişik. Onu gətirənə bir dəvə yükü ərzaq veriləcək”. (Carçı dedi:) “Mən də buna zaminəm!”
Onlar dedilər: “And olsun Allaha! Siz də yaxşı bilirsiniz ki, biz bura fitnə-fəsad çıxartmağa gəlməmişik. Biz oğru deyilik!”
(Carçı və adamları) dedilər : “Əgər yalan deyirsinizsə, onda bunun cəzası nədir?”
(Yusifin qardaşları:) “Onun cəzası (oğurlanan əşya) yükündə tapılan şəxsin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq”, – deyə cavab verdilər.
Beləcə, (Yusif) qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı. Sonra onu (su qabını) qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir görməyi öyrətdik. (Yoxsa) Allahın diləməsi istisna olmaqla, kralın qanunlarına görə qardaşını (öz yanında) saxlaya bilməzdi. Biz dilədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər elm sahibinin üstündə daha yaxşı bilən biri vardır.
Onlar dedilər: “Əgər o oğurlayıbsa, daha əvvəl onun bir qardaşı da oğurluq etmişdi”. Yusif bunu ürəyində saxladı və onlara bildirmədi. O dedi: “Siz daha pis bir vəziyyətdəsiniz. Allah sizin söylədiklərinizi (o işin əslini) daha yaxşı bilir”.
(Qardaşlar) dedilər: “Ey vəzir! Onun çox qoca bir atası var. Onun yerinə bizdən birini saxla. Çünki sənin yaxşı insanlardan olduğunu görürük”.
Yusif dedi: “Əşyamızı tapdığımız şəxsdən başqasını saxlamaqdan Allaha sığınırıq! Yoxsa, biz həqiqətən haqsızlıq etmiş olarıq”.
Ondan ümidlərini kəsdikləri zaman (məsələni müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara çəkildilər. Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır.
Atanızın yanına qayıdın və deyin ki: “Ay ata! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimizin (gözümüzlə gördüyümüzün) şahidi olduq. Biz qeybin mühafizəçiləri deyilik.
Getdiyimiz şəhərdən (şəhərin əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruşa bilərsən. Həqiqətən, biz doğru söyləyirik!”
(Yaqub) dedi: “Xeyr, öz nəfsiniz sizi belə bir işə sövq etdi. Ona görə də mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Ola bilsin ki, Allah onların hamısını mənə gətirər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hikmət sahibidir”.
(Yaqub) onlardan üz çevirib: “Ah Yusifim!” - dedi. Kədərindən gözlərinə ağ gəlmişdi. Çünki o, qəmini ürəyində saxlayırdı.
(Oğulları:) “Allaha and olsun ki, hələ də Yusifi xatırlayırsan. Axırda ya xəstə düşəcək, ya da öləcəksən”, - dedilər.
(Yaqub) dedi: “Mən qəm-qüssəmi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhylə) sizin bilmədiyiniz şeyləri bilirəm.
Ey oğullarım, gedin Yusif və qardaşından bir xəbər gətirin! Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, inkar edənlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz”.
Onlar (Yusifin) hüzuruna daxil olduqları zaman dedilər: “Ey vəzir! Bizə və ailəmizə qıtlıq üz verib və biz dəyərsiz bir malla gəlmişik. Bizim haqqımızı tam ölçərək ver, bizə sədəqən olsun! Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar”.
Yusif dedi: “Cahilliyiniz ucbatından Yusifə və qardaşına nələr etdiyinizi bilirsinizmi?!”
Onlar dedilər: “Doğrudan da, sən Yusifsənmi?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. (Bir-birimizə qovuşmağı) Allah bizə lütf etdi. Şübhəsiz ki, kim (pis əməllərdən) çəkinər və səbir edərsə, həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz”.
Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə, əlbəttə, xəta etmişik!” - dedilər.
(Yusif) dedi: “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.
Mənim bu köynəyimi aparıb atamın üzünə qoyun, o görməyə başlayacaq. Sonra da bütün ailənizlə mənim yanıma gəlin!”
Karvan (Misirdən) ayrılarkən (Kənan diyarındakı) ataları (yanındakılara) dedi: “Əgər məni səfeh hesab etmirsinizsə, (bilin ki,) mən Yusifin qoxusunu alıram”.
(Yanındakılar:) “Allaha and olsun ki, sən yenə (Yusifi həddindən artıq sevməklə) köhnə xətanı təkrar edirsən!” - dedilər.
Müjdəçi gəldiyi zaman onu (köynəyi Yaqubun) üzünə qoydu və onun gözləri dərhal açıldı. (Yaqub) dedi: “Mən sizə demədimmi ki, Allahdan (gələn vəhylə) sizin bilmədiklərinizi bilirəm”.
(Oğulları) dedilər: “Ay ata, günahlarımızın bağışlanması üçün (Allahdan) əfv dilə! Həqiqətən, biz günahkar olmuşuq”.
(Yaqub) dedi: “Rəbbimdən, sizin üçün əfv diləyəcəyəm. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir”.
(Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: “Allahın diləməsi ilə əmin-amalıq içində Misirə daxil olun!”
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir.
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Ey Rəsulum!) Bu (Yusifin hekayəsi), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə qurub işlərinə qərar verdikləri zaman sən onların yanında deyildin.
Sən nə qədər istəsən də, insanların çoxu iman edəsi deyil.
Halbuki bunun əvəzində onlardan heç bir şey istəmirsən. O (Quran), aləmlər (insanlar) üçün yalnız bir öyüddür.
Göylərdə və yerdə (Allahın varlığını və birliyini göstərən) neçə-neçə dəlillər vardır ki, (insanlar) onların yanından üz çevirib keçərlər.
Onların çoxu ancaq şərik qoşaraq Allaha iman edərlər.
Yoxsa onlar Allahın hər şeyi bürüyən əzabının gəlməyəcəyindən, yaxud özlərinin də xəbəri olmadan qiyamətin qəfildən qopmayacağından əmindirlərmi?!
De: “Bu, mənim yolumdur. Mən Allaha çağırıram. Mən və mənə tabe olanlar açıq-aydın bir dəlilə əsaslanırıq. Allah pak və müqəddəsdir. Mən Allaha şərik qoşanlardan deyiləm!”
Səndən əvvəl də yalnız şəhər əhlindən vəhy etdiyimiz kişiləri elçi göndərdik. Onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görsünlər?! Şübhəsiz, təqva sahibləri üçün axirət yurdu daha yaxşıdır. Hələ də dərk etmirsinizmi?
Nəhayət, elçilər ümidsizliyə düşüb özlərinin yalançı hesab edildiklərini düşündükləri zaman köməyimiz onlara gələr və dilədiyimiz kimsəyə nicat verilər. Əzabımız isə günahkar qövmdən dəf olunmaz.
Şübhəsiz ki, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrət vardır. (Bu Quran) uydurulan bir söz deyildir. Lakin o, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən, hər şeyi açıq şəkildə izah edən (bir kitab) və iman edən bir qövm üçün hidayət və rəhmətdir.