🏠
×
Hicr surəsi
Hicr surəsi
1.
Əlif, Lam, Ra! Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.
2.
Vaxt gələcək ki, (axirətdə) inkar edənlər: “Kaş biz də müsəlman olaydıq!” - deyə arzulayacaqlar.
3.
Qoy onlar yeyib-içib keflərini sürsünlər və boş ümidlər onları məşğul etsin. Tezliklə (əməllərinin nəticəsini) biləcəklər.
4.
Biz heç bir məmləkəti təyin edilmiş vaxtı çatmadan məhv etmədik.
5.
Heç bir millət öz əcəlini nə tezləşdirə bilər, nə də gecikdirə bilər.
6.
Onlar dedilər: “Ey özünə Zikr (Quran) nazil edilən kəs! Həqiqətən, sən divanəsən!
7.
Əgər doğru danışanlardansansa, bizə mələkləri gətirməli deyildinmi?!”
8.
Biz mələkləri yalnız haqq (əzab) ilə endiririk. O zaman onlara möhlət verilməz.
9.
Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!
10.
(Ey elçi!) Şübhəsiz, səndən əvvəlki millətlərə də elçilər göndərdik.
11.
Onlar özlərinə gələn hər bir elçiyə istehza edirdilər.
12.
Beləcə, Biz onu (küfrü) günahkarların qəlbinə yeridirik.
13.
Əvvəlkilərin başlarına gələnlər onlara məlum olduğu halda hələ də ona (Qurana) inanmırlar.
14.
Əgər onlara göydən bir qapı açsaydıq və oradan yuxarı çıxsaydılar,
15.
Hökmən: “Sadəcə olaraq gözlərimiz bağlanmış, daha doğrusu, biz sehrlənmişik”, - deyərdilər.
16.
Həqiqətən, Biz göydə bürclər yaratdıq və seyr edənlər üçün onları bəzədik.
17.
Onları daşlanaraq qovulmuş hər bir şeytandan qoruduq.
18.
Ancaq xəlvətcə qulaq asanlar istisnadır. Onu da dərhal yandırıb-yaxan bir ulduz təqib edər.
19.
Yer üzünü döşədik və orada möhkəm dağlar yerləşdirdik. Orada hər şeydən müəyyən ölçüdə (hər cür bitkidən) bitirdik.
20.
Orada həm sizin üçün, həm də ruzisi sizə aid olmayanlar üçün dolanacaq vasitələri yaratdıq.
21.
Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən bir ölçü ilə endiririk.
22.
Küləkləri də dölləndirici olaraq göndərdik və göydən su endirdik. Beləcə, o sudan sizə içirtdik. Halbuki (Biz bunu etməsəydik, ehtiyat üçün) siz onu yığıb saxlaya bilməzdiniz!
23.
Şübhəsiz ki, həyat verən də, öldürən də Bizik. (Hər şeyin) varisi də Bizik!
24.
Şübhəsiz, Biz sizdən əvvəl gəlib-gedənləri də, (bundan sonra qiyamətə qədər) kimlərin gələcəyini də bilirik.
25.
Həqiqətən, sənin Rəbbin onları (axirətdə) bir yerə toplayacaqdır. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir.
26.
Həqiqətən, Biz insanı uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan yaratdıq.
27.
Daha əvvəl cinləri də tüstüsüz oddan yaratmışdıq.
28.
Bir zaman Rəbbin mələklərə demişdi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan bir bəşər yaradacağam.
29.
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz dərhal ona səcdə edin (təzim göstərin)!”
30.
Beləliklə, bütün mələklər səcdə etdilər.
31.
İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
32.
Allah dedi: “Ey İblis! Sənə nə oldu ki, səcdə edənlərlə birlikdə olmadın?”
33.
(İblis) dedi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan yaratdığın bir bəşərə səcdə edən deyiləm!”
34.
Allah dedi: “Elə isə oradan çıx! Çünki sən qovulmusan.
35.
Şübhəsiz, axirət gününə qədər sənə lənət olacaqdır”.
36.
(İblis) dedi: “Ey Rəbbim, elə isə (insanların) dirildiləcəkləri günə qədər mənə möhlət ver!”
37.
Allah dedi: “Sən möhlət verilənlərdənsən;
38.
O məlum günə qədər!”
39.
(İblis) dedi: “Ey Rəbbim! Sən Məni azdırdığına görə mən də mütləq onlara yer üzündə (pis əməlləri) gözəl göstərəcək və onların hamısını azdıracağam.
40.
Ancaq Sənin ixlaslı bəndələrin bundan istisnadır”.
41.
Allah dedi: “Mənə gətirən doğru yol budur!
42.
Sənə tabe olan azğın kimsələr istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hakimiyyətin yoxdur!”
43.
Şübhəsiz ki, onların hamısına vəd olunan yer cəhənnəmdir.
44.
Onun yeddi qapısı var. Hər bir qapı üçün onlardan (cəhənnəmliklərdən) müəyyən bir dəstə vardır.
45.
Şübhəsiz, müttəqilər cənnətlərdə və bulaq başlarında olacaqlar.
46.
(Onlara belə deyiləcək:) “Sağ-salamat və əmin bir şəkildə ora daxil olun!”
47.
Biz onların qəlbindəki kin-küdurəti çıxarıb atdıq. Onlar taxtlar üzərində qardaşcasına qarşı-qarşıya əyləşərlər.
48.
Onlar orada əsla yorğunluq hiss etməz və oradan çıxarılmazlar.
49.
(Ey elçi!) Bəndələrimə xəbər ver ki, həqiqətən, Mən bağışlayanam, rəhmliyəm!
50.
Mənim əzabım da çox ağrılı-acılı əzabdır.
51.
Onlara İbrahimin qonaqları haqqında da xəbər ver!
52.
Bir zaman (mələklər) onun hüzuruna daxil olub: “Salam!” - dedilər. (İbrahim isə:) “Biz, həqiqətən, sizdən qorxuruq!” - dedi.
53.
Onlar dedilər: “Qorxma! Biz səni çox bilikli bir oğlan uşağı ilə müjdələyirik!”
54.
(İbrahim:) “Mən qocalmışkən mənə müjdəmi verirsiniz? Nə (qəribə bir şey) ilə müjdə verirsiniz?” - dedi.
55.
(Mələklər) dedilər: “Biz sənə haqq ilə müjdə veririk. Ona görə də əsla ümidsizliyə qapılanlardan olma!”
56.
(İbrahim) dedi: “Haqq yoldan azanlardan başqa kim Rəbbinin mərhəmətindən ümidini kəsər?!”
57.
“Ey elçilər! (Digər) vəzifəniz nədir?” - dedi.
58.
Onlar dedilər: “Şübhəsiz ki, biz günahkar bir qövmə (əzab vermək üçün) göndərilmişik.
59.
Ancaq Lutun ailəsi istisnadır. Biz, əlbəttə, onların hamısını xilas edəcəyik.
60.
(Lutun) zövcəsindən başqa! Biz onun geridə qalanlardan (əzaba düçar olanlardan) olmasına qərar verdik”.
61.
Elçilər Lut ailəsinin yanına gəldikləri zaman;
62.
(Lut) dedi: “Həqiqətən, siz tanımadığımız insanlarsınız”.
63.
(Mələklər) dedilər: “Əksinə, biz sənə onların şübhə etdiklərini (əzabı) gətirmişik.
64.
Sənə haqqı gətirmişik. Həqiqətən, biz doğru söyləyirik.
65.
Gecənin bir vaxtı ailəni yola çıxart, sən də onların arxasınca get. Sizdən heç kim dönüb arxasına baxmasın və sizə əmr olunan yerə gedin!”
66.
Və ona (Luta) bu əmri vəhy etdik: “Səhər vaxtı bunların (inkar edənlərin) kökü kəsilmiş olacaq”.
67.
Şəhər əhalisi sevinərək (mələklərin yanına) gəldilər.
68.
(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır, məni biabır etməyin!
69.
Allahdan qorxun və məni rüsvay etməyin!”
70.
Onlar dedilər: “Sənə camaatın işinə qarışmağı qadağan etməmişdikmi?”
71.
(Lut) dedi: “Əgər (düşündüyünüz şeyi) edəcəksinizsə, bunlar mənim qızlarımdır (qızlarımla evlənin)!”
72.
(Ey elçi!) Sənin həyatına and olsun ki, həqiqətən, onlar sərxoşluqları (ehtirasları) içində çaşqın bir vəziyyətdə idilər.
73.
Beləcə, günəş doğarkən o qorxunc səs onları yaxaladı.
74.
Oranın altını üstünə çevirdik və onların üstünə odda bişmiş palçıqdan daşlar yağdırdıq.
75.
Şübhəsiz ki, bunda fərasətli kimsələr üçün ibrətlər vardır.
76.
Həqiqətən, o (məhv edilmiş məmləkətin izləri hələ də Məkkədən Şama gedən) yolun üstündə durur.
77.
Şübhəsiz ki, bunda möminlər üçün ibrət vardır.
78.
Həqiqətən, Əykə xalqı da zalım idi.
79.
Biz onlardan da intiqam aldıq. Şübhəsiz, ikisi də (Əykə və Mədyən) görünən bir yol üstündədir.
80.
Hicr əhalisi də elçiləri yalanlamışdı.
81.
Biz onlara da möcüzələrimizi göndərdik. Ancaq onlar bunlardan (bu möcüzələrdən) üz çevirdilər.
82.
Onlar əmin-amanlıqda olmaq üçün dağları yonub evlər düzəldirdilər.
83.
Sübh çağı qorxunc səs onları da yaxaladı.
84.
Qazandıqları isə heç bir şeyi (əzabı) onlardan dəf edə bilmədi.
85.
Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!
86.
Şübhəsiz ki, sənin Rəbbin hər şeyi yaradandır, biləndir.
87.
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik.
88.
Onlardan bəzi zümrələrə verdiyimiz dünya malına əsla göz dikmə, onlara görə kədərlənmə və möminləri qanadının altına al!
89.
Və de: “Həqiqətən, mən (sizi Allahın əzabı barəsində) açıq-aşkar xəbərdar edənəm!”
90.
Eynilə (Quranı) qisimlərə ayıranlara endirdiyimiz kimi!
91.
O kəslər ki, Quranı hissələrə ayırdılar”.
92.
Rəbbinə and olsun ki, mütləq onların hamısını sorğuya çəkəcəyik -
93.
Etdikləri əməllərə görə!
94.
Sənə əmr olunanı açıq-aydın təbliğ et və müşriklərdən üz çevir!
95.
İstehza edənlərə qarşı Biz sənə yetərik.
96.
Başqa ilahları Allaha şərik qoşanlar yaxın bir vaxtda (kimin haqlı olduğunu) biləcəklər.
97.
Həqiqətən, Biz bilirik ki, onların söylədiklərinə görə sənin canın sıxılır.
98.
Buna görə də həmd-səna ilə Rəbbini təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et) və səcdə edənlərdən ol!
99.
Və sənə ölüm gələnə qədər Rəbbinə ibadət et!