(Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
"Ey Yəhya, kitabdan möhkəm yapış”. Biz ona hələ uşaq ikən hikmət vermişdik.
Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik. O, çox təqvalı idi.
O, ata-anasına çox yaxşı davranırdı. Təkəbbürlü və üsyankar deyildi.
Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun!
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi.
Beləcə (Məryəm) onlarla öz arasına bir pərdə çəkmişdi. Biz də Öz ruhumuzu onun yanına göndərdik, ona tam bir insan surətində göründü.
Məryəm dedi: “Mən səndən Rəhman olan Allaha sığınıram. Əgər Allahdan qorxursansa, (mənə toxunma)!”
“Həqiqətən, mən sənə tər-təmiz bir oğlan uşağı bəxş etmək üçün Rəbbinin göndərdiyi bir elçiyəm!” - dedi.
Məryəm: “Mənə bir insan toxunmadığı və iffətsiz olmadığım halda necə uşağım ola bilər?!” - dedi.
“Belədir, ancaq Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və tərəfimizdən bir mərhəmət mənbəyi edəcəyik. Bu, əzəldən qərarı verilmiş bir işdir!”
Beləcə, (Məryəm) ona (İsaya) hamilə qaldı və buna görə də onunla birlikdə uzaq bir yerə çəkildi.
Doğum sancısı onu bir xurma ağacının gövdəsinə (söykənməyə) sövq etdi. Məryəm dedi: “Kaş mən bundan əvvəl ölüb tamamilə unudulaydım!”
Aşağı tərəfindən ona belə səsləndi: “Kədərlənmə! Rəbbin sənin (ayağının) altında bir su arxı yaratmışdır.
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş təzə xurmalar tökülsün.
(Bunlardan) ye, iç! Gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de ki: “Mən Rəhman (olan Allah) üçün (susma) orucu tutmuşam. Ona görə də bu gün heç bir insanla danışmayacağam!”
Nəhayət, o, körpəni götürüb öz qövmünə gətirdi. Onlar dedilər: “Ey Məryəm, həqiqətən, sən böyük bir qəbahət işləmisən!
Ey Harunun bacısı! Sənin atan pis adam deyildi, anan da iffətsiz deyildi”.
O zaman Məryəm ona (qucağındakı körpəyə) işarə etdi. Onlar: “Biz beşikdəki bir körpə ilə necə danışaq?” - dedilər.
(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni elçi etdi.
Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.
Məni anama qarşı qayğıkeş etdi, təkəbbürlü bir üsyankar etmədi!
Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun!”
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır.
Övlad götürmək Allaha yaraşmaz. O, pak və müqəddəsdir! O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyər, o da dərhal olar.
Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur!”
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün inkar edənlərin vay halına!
Bizə gələcəkləri gün necə yaxşı eşidəcək və necə də yaxşı görəcəklər! Lakin zalımlar o gün açıq-aşkar bir zəlalət içindədirlər.
Onları peşmançılıq günü ilə xəbərdar et! O zaman onlar qəflətdə olub iman etməmişkən iş bitmiş olacaq.
Şübhəsiz ki, Biz yer üzünə və orada olanlara varis olacağıq və onlar Bizə qaytarılacaqlar.
Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və elçi idi.
Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən?
Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım.
Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir.
Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram”.
Atası dedi: “Ey İbrahim! Sən mənim ilahlarımdan üz çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq dur!”
İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
Mən sizdən də, Allahı qoyub sitayiş etdiklərinizdən də uzaqlaşıram və Rəbbimə ibadət edirəm. Ümid edirəm ki, Rəbbimə ibadət etməklə bədbəxt olmaram”.
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və (onun oğlu) Yaqubu bəxş etdik. Onların hər ikisini də elçi etdik.
Onlara Öz rəhmətimizdən bəxş etdik və dürüstlüklərini dillərə dastan etdik.
Kitabda Musanı da an! Həqiqətən, o, ixlas sahibi idi. O, həm rəsul, həm də nəbi idi.
Ona (Musaya) Tur dağının sağ tərəfindən səsləndik və onu pıçıldaşan kimsə qədər (Özümüzə) yaxınlaşdırdıq.
Biz qardaşı Harunu da Öz rəhmətimizdən bir elçi olaraq ona bəxş etdik.
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi.
O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu.
Kitabda İdrisi də an! O, həqiqətən, çox dürüst bir elçi idi.
Biz onu yüksək bir məqama ucaltdıq.
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
Ancaq onlardan sonra namazı tərk edib nəfsinin arzularına uyan bir nəsil gəldi. Buna görə də onlar (cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər istisnadır. Onlar cənnətə girəcəklər və heç bir haqsızlığa məruz qalmayacaqlar.
Görmədikləri halda Rəhmanın Öz bəndələrinə vəd etdiyi Ədn cənnətlərinə (girəcəklər). Həqiqətən, Onun vədi gerçəkləşəcəkdir.
Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.
Bəndələrimizdən təqva sahiblərini varis edəcəyimiz cənnət budur!
(Cəbrail belə demişdi: ) “Biz ancaq Rəbbinin əmri ilə enərik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, hamısı Ona məxsusdur. Rəbbin (səni) unudan deyildir”.
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. Elə isə, Ona ibadət et və Ona ibadətdə səbirli ol! Ona oxşar birini tanıyırsanmı?!
İnsan: “Həqiqətən, mən öldükdən sonra diri olaraq çıxardılacağammı?” - deyir.
İnsan daha əvvəl heç bir şey deyilkən Bizim onu xəlq etdiyimizi düşünmürmü?
Rəbbinə and olsun ki, onları və şeytanları bir yerə toplayacağıq. Sonra onları diz çökmüş bir vəziyyətdə cəhənnəmin ətrafına gətirəcəyik.
Sonra hər bir firqədən Rəhmana qarşı ən çox üsyankar olanı çəkib çıxardacağıq.
Cəhənnəmə girməyə daha çox layiq olanları, əlbəttə, Biz çox yaxşı bilirik.
İçinizdən ora girməyəcək heç kim yoxdur. Bu, Rəbbinin qəti hökmüdür.
Sonra Biz müttəqiləri xilas edəcək, zalımları isə diz çökmüş vəziyyətdə orada saxlayacağıq.
Ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman inkar edənlər iman edənlərə: “İki qrupdan hansının (hansımızın) məqamı daha yaxşı, məclisi daha gözəldir?” - demişdilər.
Halbuki onlardan əvvəl mal-mülk və görünüş baxımından daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
Allah doğru yolda olanların hidayətini artırar. (Axirətə) qalan yaxşı əməllər isə Rəbbinin dərgahında həm mükafat, həm də dönüş yeri etibarilə daha yaxşıdır.
Ayələrimizi inkar edib: “Mənə mütləq mal-mülk və övlad veriləcəkdir!” - deyən kimsəni gördünmü?!
O qeybi öyrəndi, yoxsa Rəhmanın dərgahından (bu barədə) bir söz aldı?!
Əsla! Biz onun söylədiklərini yazacaq və əzabını uzatdıqca uzadacağıq.
Onun söylədiklərinə Biz varis olacağıq (mal-mülkü və övladları Bizə qalacaq) və o, tək-tənha bizə gələcəkdir.
Onlar özlərinə dəstək (şəfaətçi) olsun deyə, Allahdan başqa ilahlar qəbul etdilər.
Əsla! (İlah qəbul etdikləri şəriklər axirət günü) onların ibadətini inkar edəcək və onlara düşmən kəsiləcəklər.
(Ey elçi!) inkar edənlərin üstünə, onları qızışdırıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?!
Ona görə də onlar barəsində tələsmə! Şübhəsiz, Biz onların günlərini bir-bir sayırıq.
O gün müttəqiləri bir heyət halında Rəhmanın hüzurunda toplayacağıq.
Günahkarları isə susamış halda cəhənnəmə sürükləyəcəyik.
(O gün) Rəhmanın hüzurunda əhd (icazə) almış kimsələrdən başqaları şəfaət edə bilməyəcəklər.
Onlar: “Rəhman (olan Allah) özünə övlad götürmüşdür!” - dedilər.
Siz, həqiqətən, çox pis bir iş gördünüz.
Az qalsın buna görə göylər çatlayacaq, yer yarılacaq, dağlar yerə səriləcəkdi -
Rəhmana övlad isnad etdiklərinə görə!
Halbuki övlad götürmək Rəhmana yaraşmaz.
Göylərdə və yerdə olanlar hamılıqla bir bəndə kimi Rəhmanın hüzuruna gələcəklər.
Şübhəsiz ki, Allah onları hesablamış və tək-tək saymışdır.
Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir.
Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.
(Ey elçi!) Biz onu (Quranı) onunla müttəqilərə müjdə verəsən və inadkar bir qövmü xəbərdar edəsən deyə, sənin dilinlə asanlaşdırdıq.
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Sən onlardan hər hansı birini görürsənmi, yaxud onlara aid cüzi bir səs eşidirsənmi?