Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik!
Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik).
O (Quran), yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur.
Rəhman (olan Allah) Ərşə istiva etdi (Ərşi hökmü altına aldı).
Göylərdə və yerdə olanlar, o ikisinin arasındakılar və torpağın altındakıların hamısı Onundur.
Sən sözü ucadan söyləsən də (gizli söyləsən də fərqi yoxdur). Həqiqətən, Allah sirri, hətta ondan daha gizli olanı da bilir.
Allahdan başqa heç bir ilah yoxdur! Ən gözəl isimlər (əsmayi-hüsna) Ona məxsusdur!
Musanın əhvalatı sənə gəlib çatdımı?
Bir zaman o, bir alov görmüş və ailəsinə belə demişdi: “Siz (burada) qalın! Mən bir alov gördüm. Bəlkə, mən ondan sizə bir məşəl gətirər, yaxud alovun yanında bir bələdçi taparam”.
Musa ora gəlib çatan zaman ona belə bir nida gəldi: “Ey Musa!
Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan!
Mən səni seçdim. Ona görə də vəhyə qulaq as!
Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
O Saat mütləq gələcəkdir! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (n vaxtını) gizlədirəm.
Ona (axirətə) inanmayan və nəfsinin arzularına uyan kimsə səni əsla (ona inanmaqdan) yayındırmasın! Yoxsa məhv olarsan!
Sağ əlindəki nədir, ey Musa?”
Musa dedi: “O mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarım üçün yarpaq silkələyirəm. Həmçinin başqa məqsədlərlə də ondan istifadə edirəm”.
Allah dedi: “Ey Musa! Onu (əsanı) at!”
Musa dərhal onu atdı. Bir də gördü ki, o, sürətlə sürünən bir ilan oldu.
Allah buyurdu: “Qorxma, götür onu! Biz onu əvvəlki şəklinə salacağıq.
Bir də, əlini qoltuğunun altına sal ki, başqa bir möcüzə olaraq (əlin) qüsursuz bir şəkildə ağappaq çıxsın!
Ən böyük möcüzələrimizdən bəzilərini sənə göstərmək məqsədilə (bunları etdik).
Fironun yanına get! Həqiqətən, o, həddini aşmışdır”.
Musa dedi: “Ey Rəbbim, qəlbimi genişlət!
Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
Ailəmdən də mənə bir köməkçi ver -
Onunla arxamı möhkəmləndir!
Səni çox təsbeh edək (şəninə təriflər deyək).
Şübhəsiz ki, Sən bizi görürsən”.
Allah dedi: “İstədiklərin sənə verilmişdir, ey Musa!
Şübhəsiz ki, sənə bir dəfə də nemət vermişdik.
Bir zaman anana belə vəhy etmişdik:
“Onu (Musanı) bir sandığa qoyub suya burax ki, su onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün. (Ey Musa!) gözümün qabağında boya-başa çatasan deyə sənə Özümdən bir sevgi yönəltdim.”
(Ey Musa!) O zaman sənin bacın gedib (saraydakılara): “Ona baxa biləcək birini sizə göstərimmi?” - demişdi. Beləcə, gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən bir nəfəri öldürmüşdün. Biz də səni qəm-qüssədən qurtarmış və çətin sınaqlardan keçirmişdik. Buna görə də illərlə Mədyən xalqının arasında qalmışdın. Sonra təyin edilmiş bir vaxtda (bu məqama) gəldin, ey Musa!
Mən səni Özüm üçün (elçi) seçdim.
Sən və qardaşın möcüzələrimlə gedin və Məni zikr etməkdə səhlənkar olmayın!
Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır.
Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar”.
Onlar (Musa və Harun) belə dedilər: “Ey Rəbbimiz! Doğrusu biz, onun bizə sərt davranacağından, yaxud həddini aşıb azğınlaşacağından qorxuruq”.
Allah buyurdu: “Qorxmayın! Şübhəsiz ki, Mən sizinləyəm. Hər şeyi eşidir və görürəm.
Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə də İsrail oğullarını bizimlə göndər və onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!
Şübhəsiz, bizə: “(Elçiləri) yalanlayıb haqq yoldan üz çevirənlərə əzab veriləcəkdir!” - deyə vəhy olunmuşdur.
(Firon) dedi: “Bəs sizin Rəbbiniz kimdir, ey Musa?”
Musa dedi: “Bizim Rəbbimiz hər şeyə öz xüsusiyyətini verən, sonra da doğru yolu göstərəndir”.
(Firon:) “Elə isə bəs əvvəlki millətlərin halı necə olacaq?” - dedi.
Musa dedi: “Onların məlumatı Rəbbimin dərgahındakı bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim əsla xəta etməz və əsla unutmaz!”
O (Rəbb) ki, yer üzünü sizin üçün beşik etdi, orada sizin üçün yollar saldı və göydən su endirdi. Onunla da (yerdən) müxtəlif növ bitkilərdən cüt-cüt çıxartdıq.
(Onlardan) həm özünüz yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün (Allahın qüdrətini göstərən) işarələr vardır.
Sizi ondan (torpaqdan) yaratdıq. Sizi yenə ora qaytaracaq və (axirətdə) təkrar oradan çıxardacağıq.
Həqiqətən, Biz bütün möcüzələrimizi ona (Firona) göstərdik. Ancaq o yalanladı və rədd etdi.
(Firon) belə dedi: “Ey Musa! Etdiyin sehrlə bizi yurdumuzdan çıxartmaq üçün gəldin?
Elə isə mütləq sənə onun kimi bir sehr göstərəcəyik. Bizimlə öz aranda bizim də, sənin də etiraz etməyəcəyin münasib bir məkan və vaxt təyin et!”
Musa dedi: “Sizinlə görüş vaxtımız bayram günü, insanların toplaşacağı səhər vaxtıdır”.
Bu zaman Firon dönüb getdi və öz hiyləgərlik vasitələrini (sehrbazlarını) topladıqdan sonra gəldi.
Musa onlara dedi: “Vay halınıza! Yalandan Allaha iftira yaxmayın! Yoxsa O sizi əzabla məhv edər. İftira yaxan kimsə zərərə uğramışdır”.
Beləcə, onlar öz aralarında işlərini müzakirə etdilər və gizli-gizli pıçıldaşdılar.
(Sehrbazlar) dedilər: “Həqiqətən, bu ikisi sehrləri vasitəsilə sizi yurdunuzdan çıxartmaq və sizin nümunəvi yolunuzu yox etmək istəyən sehrbazlardır.
Ona görə də hiyləgərlik vasitələrinizi cəmləşdirin, sonra da sıra ilə gəlin. Bu gün qalib gələn qurtulacaqdır!”
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən at, ya da əvvəlcə biz ataq”.
Musa: “Xeyr, siz atın!” - dedi. Bu zaman onların sehri nəticəsində ona elə gəldi ki, onların ipləri və çomaqları (ilan kimi) sürünür.
Buna görə də Musa daxilən qorxu hiss etdi.
Biz dedik: “Qorxma! Sən mütləq qalib gələcəksən!
Sağ əlindəkini at ki, onların düzəltdiklərini (sehrbazlıq vasitələrini) udsun. Onların düzəltdikləri yalnız bir sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə getsin, nicat tapa bilməz!”
Bu zaman sehrbazlar səcdəyə qapanıb: “Biz Harunun və Musanın Rəbbinə iman etdik!” - dedilər.
(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!”
Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən.
Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman etdik. Allah daha xeyirlidir və əbədidir!”
Şübhəsiz ki, kim Rəbbinin hüzuruna günahkar olaraq gələrsə, onun üçün cəhənnəm vardır. O, orada nə ölər, nə də yaşayar.
Kim də yaxşı əməllər etmiş bir mömin olaraq Onun hüzuruna gələrsə, onlar üçün ən yüksək dərəcələr vardır.
İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri! Bu, (günahlardan) təmizlənənlərin mükafatıdır.
Şübhəsiz ki, Biz Musaya: “Bəndələrimlə birlikdə gecə yola çıx! (Fironun sizə) yetişməsindən qorxmadan və əndişəyə düşmədən onlar üçün dənizdə quru bir yol aç!” - deyə vəhy etdik.
Buna görə də Firon ordusu ilə onları təqib etdi. Beləcə, dəniz onları büsbütün suya qərq etdi.
Firon öz qövmünü azdırdı və doğru yola yönəltmədi.
Ey israil oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfinə (gəlməyiniz üçün) sizinlə vədələşdik. Sizə (göydən) qüdrət halvası və bildirçin əti endirdik.
Sizə verdiyimiz ruzilərin təmiz olanlarından (halalından) yeyin! Lakin bu barədə nankorluq etməyin! Yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, şübhəsiz ki, məhv olmuşdur.
Həqiqətən, Mən tövbə edib iman edən, yaxşı işlər görən sonra da doğru yolda gedən kimsəni bağışlayanam!
(Allah buyurdu:) “Ey Musa! Səni öz qövmündən ayrılmaq üçün tələsməyə vadar edən nədir?”
Musa dedi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Razı qalasan deyə Sənin hüzuruna tələsərək gəldim”.
Allah dedi: “Biz səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları doğru yoldan çıxartdı.
Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”
Onlar dedilər: “Sənə verdiyimiz sözdən öz iradəmizlə dönmədik. Ancaq biz (Firon) qövmünün zinət əşyalarından ibarət bir yükü gətirmişdik. Onları (oda) atdıq. Samiri də atdı”.
(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Onlar da belə dedilər: “Bu sizin də, Musanın da ilahıdır. Lakin o (bunu) unutmuşdur”.
Bəs onlar (buzovun) cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürlərmi?!
Həqiqətən, Harun daha əvvəl onlara: “Ey qövmüm! Siz onunla ancaq sınağa çəkildiniz. Sizin Rəbbiniz şübhəsiz ki, Rəhmandır. Ona görə də mənə uyun və əmrimə itaət edin!” - demişdi.
Onlar: “Musa yanımıza qayıdana qədər ona (buzova) sitayiş etməkdən əsla əl çəkməyəcəyik!” - dedilər.
(Musa qayıtdıqda) dedi: “Ey Harun! Onların (haqq yoldan) azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki,
Mənim yolumdan getmədin? Sən mənim əmrimə qarşı çıxdın?”
(Harun) dedi: “Ey anamın oğlu! Saçımı, saqqalımı burax! Sənin: “İsrail oğullarının arasına ayrılıq saldın və mənim dediklərimə riayət etmədin!” - deməyindən qorxdum.
(Musa) dedi: “Ey Samiri! Sənin məqsədin nədir?”
(Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Belə ki, elçinin ləpirindən bir ovuc (torpaq) alıb onu (ərimiş zinət əşyalarının içinə) atdım. Nəfsim bunu mənə gözəl göstərdi”.
(Musa) dedi: “Elə isə, çıx get! Həyatın boyu: “Mənə yaxınlaşmayın!” - deməli olacaqsan. Həmçinin qurtula bilməyəcəyin bir əzab günü də səni gözləyir. Sitayiş etdiyin ilahına bax! Onu mütləq yandıracaq, sonra da dənizə tullayacağıq.
Sizin ilahınız Özündən başqa heç bir ilah olmayan Allahdır! O, elmi ilə hər şeyi əhatə etmişdir”.
Beləcə, keçmişdəkilərin xəbərlərindən bir qismini sənə nəql edirik. Sənə Öz tərəfimizdən bir Zikr (Quran) vermişik.
Kim ondan üz çevirərsə, şübhəsiz ki, o, qiyamət günü ağır bir günahı yüklənəcəkdir.
Əbədi olaraq onun (əzabın) içində qalacaqlar. Qiyamət günü bu, onlar üçün necə də pis bir yükdür!
Sura üfürüləcəyi gün günahkarları (gözləri qorxudan) göm-göy olmuş halda bir yerə yığacağıq.
Onlar öz aralarında pıçıldaşaraq bir-birinə: “(Dünyada) yalnız on gün qaldınız!” - deyəcəklər.
Biz onların nə danışdıqlarını daha yaxşı bilirik. Onların ən ağıllısı: “Yalnız bir gün qaldınız!” - deyəcək.
(Ey elçi!) Səndən dağlar haqqında soruşurlar. De ki: “(Qiyamət qoparkən) Rəbbim onları ovxalayıb göyə sovuracaqdır.
Beləcə, oranı dümdüz edəcəkdir.
Orada nə bir eniş, nə də bir yoxuş görə bilərsən”.
O gün onlar hər hansı bir tərəfə yönəlmədən dəvətçiyə (İsrafilə) uyacaqlar. Rəhman (olan Allahın) hüzurunda bütün səslər kəsiləcəkdir. Buna görə də pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
O gün Rəhmanın izin verdiyi və söz deməsinə razılıq verdiyi kimsədən başqasının şəfaəti fayda verməyəcəkdir.
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu qavraya bilməz.
Bütün üzlər (insanlar) əzəli, əbədi və hər şeyə hakim olan Allahın hüzurunda yerə baş əymiş, zülmlə (şirklə) yüklənən kimsə isə ziyana düşmüşdür.
Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar.
Beləcə, onu ərəbcə Quran olaraq nazil etdik və onda təhdidləri dəfələrlə izah etdik. Ola bilsin ki, onlar (günahlardan) çəkinələr, yaxud (Quran) onlar üçün bir ibrət olar!
Həqiqi hökmdar olan Allah ucadır! Sənə Onun vəhyi gəlib tamamlanmazdan əvvəl (Quranı) oxumaqda tələsmə və: “Ey Rəbbim, elmimi artır!” - de.
Şübhəsiz ki, daha əvvəl Adəmə də (müəyyən şeyləri) əmr etmişdik. Ancaq o unutdu. Biz onda əzmkarlıq görmədik.
Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
Buna görə də Biz dedik: “Ey Adəm! Şübhəsiz, bu (İblis) həm sənin, həm də zövcənin düşmənidir. Nəbadə sizi cənnətdən çıxartsın! Yoxsa (dünyada) məşəqqət çəkərsən.
Şübhəsiz ki, sən burada nə aclıq çəkir, nə də çılpaq qalırsan.
Sən burada nə susuzluq hiss edir, nə də istilikdən əziyyət çəkirsən”.
Ancaq şeytan ona vəsvəsə verərək belə dedi: “Ey Adəm! Sənə əbədilik ağacını və sonsuz bir səltənəti göstərimmi?
Beləcə, ondan yedilər və buna görə də ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə cənnət yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub doğru yoldan azdı.
Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi.
(Allah) dedi: “Bir-birinizə düşmən kəsilərək hamınız oradan (cənnətdən) düşün! Məndən sizə hidayət rəhbəri gəldiyi zaman kim Mənim hidayətimə uyarsa, o nə yolunu azar, nə də bədbəxt olar.
Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
(Kor olaraq həşr olunan kəs) belə deyəcək: “Ey Rəbbim! Nə üçün məni kor olaraq həşr etdin? Halbuki mən (dünyada ikən) görürdüm”.
Allah deyəcək: “Elədir! Sənə ayələrimiz gəlmişdi, ancaq sən onları unutdun. Sən də bu gün eyni şəkildə unudulursan”.
Biz həddi aşıb Rəbbinin ayələrinə inanmayanları belə cəzalandırırıq. Axirət əzabı isə, əlbəttə, daha şiddətli və daha əbədidir.
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Halbuki özləri onların yurdlarında gəzib dolaşırlar. Həqiqətən, bunda təmiz ağıl sahibləri üçün ibrətlər vardır.
Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı.
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan!
Sınamaq üçün onlardan bəzi zümrələri faydalandırdığımız dünya həyatının zinətinə əsla göz dikmə! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha əbədidir.
Ailənə namaz qılmağı buyur! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət təqva əhlinindir.
Onlar: “(Məhəmməd) Rəbbindən bizə bir möcüzə gətirməli deyildimi?” - dedilər. Əvvəlki kitablardakıların açıq-aşkar dəlili (Quran) onlara gəlmədimi?!
Əgər Biz bundan (Quran gəlmədən) əvvəl bir əzabla onları məhv etsəydik, əlbəttə, belə deyəcəkdilər: “Ey Rəbbimiz! Bizə bir elçi göndərməli deyildinmi? Beləcə, biz də zəlil və rüsvay olmadan əvvəl Sənin ayələrinə uyardıq”.
De ki: “Hamı gözləyir. Siz də gözləyin! Kimlərin doğru yol sahibi olduğunu və kimlərin haqq yolda olduğunu yaxında biləcəksiniz”.