🏠
×
Ənbiya surəsi
Ənbiya surəsi
1.
İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı! Onlar isə qəflət içində (haqdan) üz çevirirlər.
2.
Rəbbindən onlara gələn hər yeni xəbərdarlığa ancaq istehza ilə qulaq asarlar.
3.
Onların qəlbi əyləncədədir (qəflətdədir). Zülm edənlər (öz aralarında) gizli-gizli pıçıldaşdılar ki: “Bu (Məhəmməd) da sizin kimi bir insandır. Elə isə gözünüz görə-görə sehrəmi tabe olursunuz?”
4.
(Elçi) dedi: “Rəbbim göydə və yerdə söylənən hər bir sözü bilir. O, hər şeyi eşidəndir, biləndir”.
5.
Onlar isə: “(Quran) qarmaqarışıq yuxulardır. Xeyr, onu özü uydurmuşdur! Xeyr, o bir şairdir! Elə isə, o bizə əvvəlki elçilərə göndərilənə bənzər bir möcüzə gətirsin!” - dedilər.
6.
Onlardan əvvəl məhv etdiyimiz heç bir məmləkət iman etməmişdi. İndi onlarmı iman edəcəklər?
7.
(Ey elçi!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri elçi göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!
8.
Biz onları (elçiləri) yemək yeməyən bir cəsəd etmədik. Onlar (bu dünyada) əbədi də deyillər.
9.
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (elçiləri yalanlayanları) isə məhv etdik.
10.
Həqiqətən, Biz içində sizin üçün öyüd-nəsihət olan bir Kitabı sizə nazil etdik. Hələ də dərk etmirsinizmi?
11.
Zalım olan neçə-neçə məmləkəti məhv etdik. Onlardan sonra da başqa bir qövm yaratdıq.
12.
Onlar əzabımızı hiss etdikləri zaman dərhal oradan qaçarlar.
13.
(Mələklər isə istehza ilə belə deyərlər:) “Qaçmayın! Mürəffəh həyatınıza və yurdlarınıza geri dönün! Ola bilsin ki, siz sorğu-sual ediləcəksiniz”.
14.
Onlar: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - dedilər.
15.
Biz onları biçilmiş əkinə, sönmüş ocağa çevirənə qədər onların bu fəryadları davam edər.
16.
Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq.
17.
Əgər əyləncə qurmaq istəsəydik, əlbəttə, onu Öz dərgahımızdan edərdik. Ancaq Biz bunu edən deyilik.
18.
Əksinə, Biz haqqı batilin üzərinə qoyarıq, o da onu yox edər. Bir də görərsən ki, batil yox olmuşdur. Allaha isnad etdiyiniz sifətlərə görə vay sizin halınıza!
19.
Göylərdə və yerdə olan hər kəs Ona məxsusdur. Onun dərgahında olanlar Ona ibadət etmək xüsusunda təkəbbürlənməz və yorulmazlar.
20.
Onlar yorulub-usanmadan gecə-gündüz Allahı təsbeh edərlər.
21.
Yoxsa onlar torpaqdan düzəltdikləri, ölüləri dirildə bilən ilahlarımı qəbul etdilər?
22.
Əgər göylərdə və yerdə Allahdan başqa ilahlar olsaydı, onlar mütləq fəsada uğrayardı. Ərşin sahibi olan Allah onların isnad etdikləri sifətlərdən uzaqdır, pakdır.
23.
O, gördüyü işlərə görə sorğu-sual olunmaz. Onlar isə (əməllərinə görə) sorğu-sual ediləcəklər.
24.
Yoxsa Ondan başqa ilahlarmı qəbul etdilər? De: “(Buna dair) dəlilinizi gətirin! Mənimlə birlikdə olanların da, məndən əvvəlkilərin də söylədiyi budur (tövhid inancıdır)!” Xeyr, onların çoxu haqqı bilmir. Buna görə də onlar (haqdan) üz döndərirlər.
25.
(Ey elçi!) Səndən əvvəl: “Məndən başqa heç bir ilah yoxdur! Ona görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etmədiyimiz heç bir elçi göndərmədik.
26.
(Müşriklər:) “Rəhman (olan Allah mələkləri) özünə övlad götürdü!” - dedilər. O, (belə sifətlərdən) uzaqdır, pakdır! Əksinə, (mələklər) möhtərəm xidmətçilərdir.
27.
(Mələklər) Ondan əvvəl danışmaz və yalnız Onun əmri ilə iş görərlər.
28.
Allah onların etdiklərini də, edəcəklərini də bilir. Onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət etməzlər. Onlar Allah qorxusundan titrəyərlər.
29.
Onlardan hər kim: “Ondan başqa bir ilah da mənəm!” - deyərsə, onu cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandırırıq.
30.
İnkar edənlər göylər və yer bitişik ikən Bizim onları ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı görmədilərmi?! Hələ də iman etmirlərmi?
31.
Onları silkələməsin deyə yer üzündə möhkəm dağlar yaratdıq və orada geniş yollar açdıq ki, (istədikləri yerə) rahat gedə bilsinlər.
32.
Biz göyü də qorunmuş bir tavan etdik. Onlar isə ayələrimizdən üz döndərirlər.
33.
Gecəni, gündüzü, günəşi və ayı yaradan Odur. Hər biri öz orbitində hərəkət edir.
34.
Səndən əvvəl də heç bir insana əbədilik vermədik. Əgər sən ölsən, onlar əbədi qalacaqlar?!
35.
Hər can ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.
36.
(Ey elçi!) inkar edənlər səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyərlər:) “Sizin ilahlarınıza dil uzadan budurmu?” Halbuki Rəhmanın Kitabını inkar edənlər onların özləridir.
37.
İnsan hövsələsiz yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Ona görə də (əzabı) Məndən tələsik istəməyin!
38.
Onlar: “Əgər siz doğru deyirsinizsə, bu vəd nə vaxt gerçəkləşəcək?” - deyirlər.
39.
Kaş inkar edənlər üzlərindən və arxalarından (onları bürüyən) alovu dəf edə bilməyəcəkləri və onlara heç bir yardım olunmayacağı vaxtı biləydilər.
40.
Əksinə, (qiyamət) onlara anidən gələr və onları heyrətə salar. Artıq onu nə geri qaytara bilərlər, nə də onlara (tövbə etmələri üçün) möhlət verilər.
41.
Heç şübhəsiz, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Ancaq istehza etdikləri (əzab) istehza edənləri bürüdü (və onları məhv etdi).
42.
De: “Gecə-gündüz Rəhmandan sizi kim qoruyacaq?” Xeyr, onlar Rəbbinin Kitabından üz döndərirlər.
43.
Yoxsa Bizim əzabımızı onlardan dəf edə bilən ilahlarımı var? Onlar nə özlərinə yardım etməyə qadirdirlər, nə də Bizdən dəstək ala bilərlər.
44.
Əksinə, Biz onları da, atalarını da yaşadıqları uzun illər boyu dünya nemətlərindən faydalandırdıq. Bəs Bizim (müşriklərə aid) ərazini ətraflarından əskiltdiyimizi görmürlərmi? Elə isə qalib olanlar onlardırmı?
45.
De ki: “Mən sizi yalnız vəhy ilə xəbərdar edirəm. Karlar isə xəbərdar edildikləri zaman bu çağırışı eşitməzlər”.
46.
Əgər Rəbbinin əzabının cüzi bir hissəsi onlara toxunsa, heç şübhəsiz: “Vay halımıza! Həqiqətən, biz zalım kimsələr olmuşuq”, - deyəcəklər.
47.
Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik.
48.
Həqiqətən, Biz Musa və Haruna müttəqilər üçün işıq və öyüd olan Furqanı verdik.
49.
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
50.
Bu (Quran) da nazil etdiyimiz mübarək bir öyüddür. İndi siz onu inkarmı edirsiniz?
51.
Şübhəsiz ki, daha əvvəl İbrahimə də doğru yolu bəxş etmişdik. Biz onu yaxşı tanıyırdıq.
52.
Vaxtilə o, atasına və qövmünə: “Sizin ibadət etdiyiniz bu heykəllər nədir?” - demişdi.
53.
Onlar: “Biz atalarımızın onlara ibadət etdiklərini görmüşük”, - demişdilər.
54.
İbrahim: “Həqiqətən, siz də, atalarınız da açıq-aydın bir zəlalət içindəsiniz!” - demişdi.
55.
Onlar: “Bizə haqqı gətirmisən, yoxsa (bizimlə) oyun oynayırsan?” - demişdilər.
56.
İbrahim isə belə demişdi: “Xeyr! Rəbbiniz, yaratdığı göylərin və yerin Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
57.
Allaha and içirəm ki, siz dönüb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!”
58.
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr.
59.
Onlar belə dedilər: “İlahlarımıza bunu kim edib? Həqiqətən, o, zalımlardandır!”
60.
(Bəziləri də:) “İbrahim deyilən bir gəncin onları ələ saldığını eşitmişdik”, - dedilər.
61.
“Elə isə onu insanların hüzuruna gətirin ki, bəlkə, şahidlik edələr!” - dedilər.
62.
(İbrahimi gətirdikdən sonra ona:) “Ey İbrahim! İlahlarımıza bunu sənmi etdin?” - dedilər.
63.
İbrahim dedi: “Xeyr, bunu onların bu böyük olanı etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!”
64.
Bu zaman onlar öz vicdanlarına səslənərək: “Həqiqətən, əsil zalımlar sizsiniz!” - dedilər.
65.
Sonra öz inanclarına (küfrlərinə) qayıtdılar (və belə dedilər:) “Sən də yaxşı bilirsən ki, bunlar danışa bilmirlər”.
66.
İbrahim dedi: “Elə isə, hələ də Allahı qoyub sizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi ibadət edirsiniz?
67.
Vay sizə də, Allahı qoyub ibadət etdiklərinizə də! Siz hələ də dərk etmirsinizmi?”
68.
Onlar: “Əgər nəsə edəcəksinizsə, onu (İbrahimi) yandırıb ilahlarınıza yardım edin!” - dedilər.
69.
Biz: “Ey alov, İbrahimə qarşı sərin və zərərsiz ol!” - dedik.
70.
Onlar İbrahimə hiylə qurmaq istədilər. Ancaq Biz onları daha çox ziyana düşmüş bir vəziyyətə saldıq.
71.
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq.
72.
Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
73.
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
74.
Luta gəldikdə, Biz ona hökm (elçilik, hakimlik) və elm verdik. Onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis işlər görən fasiq kimsələrdilər.
75.
Biz onu mərhəmətimizə daxil etdik. O, həqiqətən, saleh kimsələrdəndi.
76.
(Ey elçi!) Nuhu da (yad et)! Daha əvvəl o dua etmiş, Biz də onun duasını qəbul etmişdik. Beləliklə, onu və (iman etmiş) qohumlarını böyük fəlakətdən xilas etmişdik.
77.
Biz onu ayələrimizi yalanlayan bir qövmdən qoruduq. Həqiqətən, onlar pis bir qövm idilər. Buna görə də onların hamısını suda boğduq.
78.
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik.
79.
Beləcə, bu hökmü Süleymana anlatmışdıq. Biz onların hər birinə hökm (hökmdarlıq, elçilik) və elm vermişdik. Allahı təsbeh edən dağları və quşları da Davudun xidmətinə vermişdik. (Bütün bunları) Biz edirdik.
80.
Sizdən ötrü ona zireh düzəltmə sənətini öyrətdik ki, sizi (müharibədəki) çətinliklərdən qorusun. Artıq şükür edəcəksinizmi?
81.
Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
82.
Şeytanlardan onun üçün dənizə dalan (oradan incilər çıxaran) və bundan başqa işlər görənlər də vardı. Biz onlara nəzarət edirdik.
83.
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi.
84.
Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik.
85.
İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi.
86.
Biz onları mərhəmətimizə daxil etdik. Həqiqətən, onlar saleh kimsələrdən idilər.
87.
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”.
88.
Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik.
89.
Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
90.
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
91.
İsmətini qorumuş olanı da (Məryəmi də yad et)! Biz ona Öz ruhumuzdan üfürdük. Onu və oğlunu aləmlər üçün bir möcüzə etdik.
92.
Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin!
93.
(Ancaq insanlar) öz aralarında (dini və dünyəvi) işlərin birliyini pozdular. Hamısı Bizə dönəcək.
94.
Hər kim mömin olaraq yaxşı işlər görərsə, onun əməyi inkar edilməyəcəkdir. Şübhəsiz ki, Biz onu (onun əməllərini) yazırıq.
95.
Məhv etdiyimiz bir məmləkətin (xalqının dünyaya) geri dönməsi qadağan olunmuşdur.
96.
Nəhayət, Yəcuc və Məcuc səddi açıldığı və onlar hər təpədən sürətlə axışdıqları zaman;
97.
Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən inkar edən olanların gözləri bərələr (və belə deyərlər): “Vay halımıza! Həqiqətən, biz bundan xəbərsiz idik. Əksinə, biz zalım kimsələrmişik”.
98.
Şübhəsiz ki, siz və Allahı qoyub ibadət etdikləriniz cəhənnəm yanacağısınız. Siz ora girəcəksiniz!
99.
Əgər bunlar ilah olsaydılar, ora girməzdilər. Onların hamısı orada əbədi qalacaq.
100.
Onlar orada inildəyəcək və heç bir şey eşitməyəcəklər.
101.
Tərəfimizdən özlərinə ən gözəl (aqibət) təqdir edilmiş kimsələrə gəlincə, onlar oradan (cəhənnəmdən) uzaq tutulacaqlar.
102.
Onlar (cəhənnəmin) uğultusunu eşitməyəcək və nəfsinin arzuladığı (cənnət nemətləri) içində əbədi qalacaqlar.
103.
Ən böyük dəhşət (qiyamət) onları kədərləndirməyəcəkdir. Mələklər onları: “Bu, (dünyada) sizə vəd olunan (xoşbəxt) gününüzdür!” – deyərək qarşılayacaqlar.
104.
O gün Biz göyü yazılmış səhifənin büküldüyü kimi bükəcəyik. İlk dəfə yaratdığımız kimi onu təkrar əvvəlki halına salacağıq. Biz vədimizi mütləq yerinə yetirəcəyik.
105.
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh bəndələrim varis olacaqdır!” - deyə yazmışdıq.
106.
Həqiqətən, bunda ibadət edənlər üçün bir öyüd vardır.
107.
(Ey elçi!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik!
108.
De: “Həqiqətən, mənə: “Sizin ilahınız yalnız tək olan ilahdır (Allahdır)!” - deyə vəhy olunur. Bəs indi siz müsəlman olacaqsınızmı?
109.
Əgər onlar üz döndərsələr, de ki: “(Mənə vəhy olunanı) olduğu kimi sizə bildirdim. Sizə vəd olunanın (əzabın) yaxınmı, yoxsa uzaqmı olduğunu bilmirəm.
110.
Şübhəsiz ki, Allah açıq-aşkar deyilənləri də, gizlətdiklərinizi də bilir.
111.
Mən bilmirəm. Ola bilsin ki, bu (əzabın təxirə salınması) sizin üçün bir sınaq və bir müddətə qədər (sizi dünya nemətlərindən) faydalandırmaq üçündür”.
112.
(Elçi) dedi: “Ey Rəbbim, (mənimlə onlar arasında) haqq ilə hökm ver! Sizin söylədiklərinizə qarşı yalnız Rəhman olan Rəbbimizdən kömək istənilər!”