Həqiqətən, möminlər nicat tapmışlar;
O kəslər ki, namazlarında huşu içindədirlər,
O kəslər ki, boş söz və hərəkətlərdən üz çevirərlər,
O kəslər ki, zəkatı verərlər,
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyarlar,
Ancaq zövcəsi, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.
Bundan artığını istəyənlər isə məhz həddi aşanlardır.
Möminlər o kəslərdir ki, əmanətlərinə və verdikləri sözlərə riayət edərlər,
Onlar əbədi qalacaqları Firdövs cənnətinə varis olacaqlar.
Həqiqətən, Biz insanı süzülmüş palçıqdan yaratdıq.
Sonra onu sağlam bir məkanda (ana rəhmində) nütfə halına saldıq.
Sonra nütfəni laxtalanmış qan (rüşeym) halına saldıq, sonra laxtalanmış qanı bir ət parçasına çevirdik. Sonra ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Sonra da onu başqa bir yaradılışla inşa etdik (insan halına saldıq). Yaradanların ən gözəli olan Allah çox ucadır!
Sonra onun ardınca siz hökmən öləcəksiniz!
Sonra da qiyamət günü mütləq dirildiləcəksiniz!
Şübhəsiz ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz yaratma işindən xəbərsiz deyilik.
Biz göydən kifayət qədər su endirdik və onu yer üzündə saxladıq. Əlbəttə, onu yox etməyə də qadirik.
Beləcə, su vasitəsilə sizin üçün xurma və üzüm bağları yetişdirdik. Sizin üçün orada başqa bir çox meyvələr də vardır ki, onlardan yeyirsiniz.
Bir də Sina dağında bitən (zeytun) ağacı (yaratdıq). O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir.
Həqiqətən, heyvanlarda da sizin üçün bir ibrət vardır. Onların qarınlarındakından (süddən) sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır. Həmçinin onlardan (ətlərindən) yeyirsiniz.
Siz həm onların üstündə, həm də gəmilərdə daşınırsınız.
Həqiqətən, Nuhu öz qövmünə elçi göndərdik. O: “Ey qövmüm! Allaha ibadət edin! Ondan başqa sizin heç bir ilahınız yoxdur! Elə isə, Allahdan çəkinmirsinizmi?” - demişdi.
Qövmünün inkar edən öndərləri isə (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. O sizə böyüklük etmək istəyir. Əgər Allah (elçi göndərməyi) diləsəydi, əlbəttə, mələkləri göndərərdi. Biz əcdadımızdan belə bir şey eşitməmişik.
O, ancaq dəlilik əlamətləri olan biridir. Ona görə də bir müddətə qədər onu gözləyin!”
Nuh dedi: “Ey Rəbbim, məni yalanlamalarına qarşı mənə yardım et!”
Bu zaman ona belə vəhy etdik: “Nəzarətimiz altında və əmrimizlə gəmini düzəlt! Əmrimiz gəlib təndir qaynadığı zaman hər növ heyvandan erkək və dişi olmaqla bir cüt ora mindir. Əleyhində hökm verilmiş kimsələr istisna olmaqla, ailəni də gəmiyə mindir. Zülm etmiş kimsələr barəsində Mənə yalvarma! Onlar hökmən suda boğulacaqlar.
Sən yanındakılarla birlikdə gəmiyə mindiyin zaman: “Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!” – de.
Bir də: “Ey Rəbbim! Məni bərəkətli bir yerə endir. Axı sən məskunlaşdıranların ən xeyirlisisən!” – de.
Şübhəsiz, bunda da ibrətlər vardır. Həqiqətən, Biz (bəndələrimizi) sınağa çəkirik.
Onlardan sonra da başqa bir nəsil xəlq etdik.
Onlara da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə də Allahdan çəkinmirsinizmi?” - deyən bir elçi göndərdik.
Onun qövmündən inkar edən olub axirətə qovuşacaqlarını yalanlayan və dünyada bol nemət verdiyimiz rəhbərlər (öz qövmlərinə) belə dedilər: “Bu da sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, içdiyinizdən içir.
Əgər sizin kimi bir insana itaət etsəniz, həqiqətən, ziyana uğramış olarsınız.
O sizə, ölüb torpaq və sür-sümük olduqdan sonra (yenidən dirilib) çıxarılacağınızımı vəd edir?
Sizə vəd olunan (həqiqətdən) çox-çox uzaqdır!
Bizim dünya həyatından başqa bir həyatımız yoxdur. Kimimiz ölür, kimimiz yaşayır. Biz təkrar dirildiləsi deyilik.
O, Allah haqqında yalan uyduran bir adamdır. Biz ona inanmırıq”.
Elçi dedi: “Ey Rəbbim! Məni yalanlamalarına qarşı mənə yardım et!”
Allah buyurdu: “Onlar tezliklə mütləq peşman olacaqlar!”
Beləcə, labüd olan o qorxunc səs onları yaxaladı və Biz onları sel üstündəki süpürüntüyə çevirdik. Zalım qövm (Allahın mərhəmətindən) uzaq olsun!
Onlardan sonra başqa nəsillər də xəlq etdik.
Heç bir ümmət öz əcəlini nə qabağa çəkə bilər, nə də təxirə sala bilər.
Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə bir ümmətə elçisi gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib ibrətamiz hadisələrə çevirdik. İman etməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!
Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir dəlil (möcüzə) ilə göndərdik -
Firona və onun əyanlarına. Ancaq onlar təkəbbürləndilər. Onlar özlərini üstün tutan bir qövm idi.
Ona görə də belə dedilər: “Onların qövmü bizim qulumuz olduğu halda, bizim kimi adi iki insanamı inanaq?”
Beləliklə, o ikisini yalanladılar və buna görə də məhv edilənlərdən oldular.
Şübhəsiz, Biz Musaya kitabı verdik ki, bəlkə (İsrail oğulları) doğru yola yönəlsinlər.
Biz Məryəm oğlunu və anasını bir möcüzə etdik. O ikisini əlverişli və suyu olan bir təpədə yerləşdirdik.
Ey elçilər! Təmiz olan nemətlərdən yeyin və saleh əməllər edin! Şübhəsiz ki, Mən sizin etdiklərinizi bilirəm.
Şübhəsiz ki, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də məndən çəkinin!
Ancaq onlar dini məsələlərdə firqələrə bölündülər. Hər bir firqə öz əlindəkinə görə sevinib qürurlanır.
Buna görə də onları bir müddətə qədər öz qəflətləri ilə baş-başa burax!
Onlar zənn edirlər ki, özlərinə verdiyimiz mal-mülk və övladlarla.
Onların xeyri üçün tələsirik? Xeyr, onlar başa düşmürlər.
Şübhəsiz, Rəbbinin qorxusundan titrəyənlər,
Rəbbinin ayələrinə iman edənlər,
Rəbbinə şərik qoşmayanlar,
Verməli olduqlarını (sədəqəni, zəkatı) Rəbbinə dönəcəkləri üçün qəlbi titrəyərək verənlər,
Məhz bunlar yaxşı işlər görməyə tələsər və bunun üçün yarışarlar.
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz.
Xeyr, onların qəlbi bu (Quran) barədə cəhalət içindədir. Onların bundan başqa (pis) əməlləri də vardır.
Nəhayət, onlardan bolluq içində yaşayanları (zənginləri və başçıları) əzabla yaxaladığımız zaman dərhal fəryad edərlər.
Bu gün fəryad etməyin! Bizim tərəfimizdən sizə heç bir yardım edilməyəcəkdir!
Ayələrim sizə oxunurdu, lakin siz arxa çevirirdiniz.
Siz ona (Qurana) qarşı təkəbbürlənərək gecə vaxtı toplaşıb (Quran və elçi barəsində) həqiqətə uyğun olmayan sözlər söyləyirdiniz.
Onlar sözü (Quranı) heç düşünmürlərmi? Yoxsa onlara ata-babalarına gəlməyən bir şeymi gəldi?
Yoxsa öz elçilərini tanımayıb, buna görə də onu inkarmı edirlər?
Yoxsa onda divanəlik olduğunumu söyləyirlər? Xeyr, o (elçi) onlara haqqı gətirdi. Onların çoxu haqdan nifrət edir.
Əgər haqq onların arzu və istəklərinə uysaydı, göylər, yer və onların içindəkilər mütləq fəsada məruz qalardı. Xeyr, Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər.
(Ey elçi!) Yoxsa sən onlardan bir mükafat tələb edirsən?! Rəbbinin mükafatı daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır.
Həqiqətən, sən onları doğru yola dəvət edirsən.
Axirətə inanmayanlar isə doğru yoldan çıxırlar.
Əgər Biz onlara rəhm edib içinə düşdükləri fəlakətdən xilas etsək, şübhəsiz, yenə öz azğınlıqları içində çaşqın vəziyyətdə gəzərlər.
Şübhəsiz, Biz onları əzabla (aclıqla) yaxaladıq. Ancaq onlar yenə Rəbbinə itaət etmədilər, Ona yalvarıb-yaxarmadılar.
Nəhayət, onlara şiddətli əzab qapısını açdığımız zaman dərhal ümidsizliyə qapıldılar.
Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!
Sizləri yer üzündə xəlq edən Odur. Siz (yenidən dirilib) Onun hüzuruna toplaşacaqsınız.
Dirildən də, öldürən də Odur. Gecə və gündüzün dəyişməsi də Onun əlindədir. Yenə də düşünmürsünüzmü?
Əksinə, onlar da əvvəlkilərin dedikləri kimi dedilər.
Onlar belə dedilər: “Həqiqətən, biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyikmi?
Əlbəttə, bu, bizə də, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
De: “Əgər bilirsinizsə, (deyin görək) yer üzü və orada olanlar kimindir?”
Onlar: “Allahındır!” - deyəcəklər. Sən də: “Elə isə heç düşünmürsünüzmü?” - de.
De ki: “Yeddi göyün və əzəmətli ərşin Rəbbi kimdir?”
Onlar: “Allahındır!” - deyəcəklər. De ki: “Elə isə siz (Allahdan) qorxmursunuzmu?”
De: “Əgər bilirsinizsə, (deyin görək) hər şeyin hökmranlığı əlində olan, (hər şeyi) himayə edən və heç bir himayəçiyə ehtiyacı olmayan kimdir?”
Onlar: “(Bu sifətlər) Allaha məxsusdur!” - deyəcəklər. De ki: “Bəs necə olur ki, ovsunlanırsınız (aldanıb haqdan üz döndərirsiniz)?”
Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə, doğrudan da yalançıdırlar.
Allah Özünə övlad götürməmişdir. Onunla yanaşı heç bir ilah yoxdur. Yoxsa, əlbəttə, hər bir ilah öz yaratdığını idarə edər və mütləq onlardan biri digərinə qalib gələrdi. Allah onların (müşriklərin) yaraşdırdıqları sifətlərdən uzaq və pakdır!
Allah qeybi də, aşkarı da biləndir. O, onların şərik qoşduqlarından çox ucadır!
De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı (dünyadakı əzablarını) mənə göstərəcəksənsə,
Məni zalım qövmün içində buraxma, ey Rəbbim!”
(Ey elçi!) Şübhəsiz ki, Biz onlara vəd etdiyimizi (əzabı) sənə göstərməyə qadirik.
Sən pisliyi ən gözəl şəkildə dəf et! Biz onların Bizə yaraşdırdıqları sifətləri çox yaxşı bilirik.
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!
Ey Rəbbim! Onların mənə yaxın gəlməsindən də Sənə sığınıram!”
Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar!
Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların qarşısında (yuxudan) oyanacaqları günə qədər maneə (bərzəx) vardır.
Beləliklə, Sura üfürüldükdə, o gün artıq onların arasında heç bir soy əlaqəsi yoxdur, nə də (bir-birlərini) soruşmurlar.
Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır.
Tərəziləri yüngül gələnlər isə özlərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar.
Alov onların üzlərini yandırar və onlar orada (üz dəriləri yandığı üçün) dişləri üzə çıxmış halda olarlar.
(Allah tərəfindən onlara belə deyilər:) “Mənim ayələrim sizə oxunmurdumu?! Ancaq siz onları yalanlayırdınız”.
Onlar belə deyərlər: “Ey Rəbbimiz! Bədbəxtçiliyimiz (azğınlığımız) bizə qalib gəldi və (haqq yoldan) azmış bir qövm olduq.
Ey Rəbbimiz, bizi buradan çıxart! Əgər (bir daha küfrə) geri dönsək, həqiqətən, biz zalım olarıq”.
Allah buyurar: “Zəlil vəziyyətdə orada qalın və Mənimlə danışmayın!”
Həqiqətən, bəndələrimdən elə bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman etdik. Elə isə, bizi bağışla və bizə rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!” - deyirdilər.
Ancaq siz onları məsxərəyə qoyurdunuz. Nəhayət, (bu hərəkətləriniz) Məni anmağı sizə unutdurdu. Siz də onlara gülürdünüz.
Şübhəsiz ki, bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar əsil uğur qazananlardır.
Allah (inkar edənlərə) belə deyəcək: “Yer üzündə neçə il qaldınız?”
Onlar: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq. Sayanlardan (mələklərdən) soruş!” - deyəcəklər.
Allah deyəcək: “Sadəcə az bir müddət qaldınız. Kaş bunu biləydiniz.
Sizi boş yerə yaratdığımızı və bizə qaytarılmayacağınızımı zənn etdiniz?”
Hakim və haqq olan Allah çox ucadır! Ondan başqa heç bir ilah yoxdur! O, şərafətli ərşin Rəbbidir.
Kim əlində heç bir dəlil olmadığı halda Allahla yanaşı başqa bir ilaha sitayiş edərsə, onun cəzasını məhz Rəbbi verəcəkdir. Şübhəsiz ki, inkar edənlər nicat tapmazlar.
De: “Ey Rəbbim, (bizi) bağışla və (bizə) rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən!”