Aləmləri xəbərdar etsin deyə Furqanı (Quranı) Öz bəndəsinə (Məhəmmədə) nazil edən Allah çox ucadır!
O Allah ki, göylərin və yerin hakimiyyəti Ona məxsusdur. O, Özünə heç bir övlad götürməmişdir. Hakimiyyətində heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onlara müəyyən ölçü və nizam vermişdir.
(İnkar edənlər) Allahı qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılmış olan, özlərinə belə nə zərər, nə də xeyir verə bilən, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları ilah qəbul etdilər.
İnkar edənlər: “Bu (Quran), onun (Məhəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (əhli-kitabdan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar.
Onlar: “(Quran, Məhəmmədin) başqalarına yazdırdığı əvvəlkilərin əfsanələridir. O, səhər-axşam özünə oxunur”, - dedilər.
De: “Onu göylərin və yerin sirrini bilən Allah nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir”.
Onlar dedilər: “Bu necə elçidir ki, yemək yeyir, bazarlarda gəzib dolaşır? Ona özü ilə birlikdə xəbərdar edən bir mələk göndərilməli deyildimi?
Yaxud ona bir xəzinə verilməli və ya içindən (meyvələrini) yeməsi üçün onun bir bağı olmalı deyildimi?” Zalım kimsələr (möminlərə): “Siz ancaq sehrlənmiş bir adama tabe olursunuz!” - dedilər.
(Ey elçi!) Sənin barəndə bax necə misallar çəkdilər! Onlar artıq (haqq yoldan) azmışlar və (haqqa gedən) yolu tapa bilməzlər.
İstəsə, sənə bundan daha yaxşısını - altından çaylar axan cənnətləri verəcək və sənin üçün qəsrlər yaradacaq olan Allahın şanı çox ucadır!
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (inkar edənlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər.
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.
(Onlara belə deyiləcəkdir:) “Bu gün ölümü bir dəfə yox, çox-çox arzulayın!”
De: “Bu daha yaxşıdır, yoxsa müttəqilərə vəd edilən əbədi cənnət? Ora onlar üçün bir mükafat və dönüş yeridir”.
Onlar üçün orada istədikləri hər şey vardır və onlar orada əbədi qalacaqlar. Bu, Rəbbinin öhdəsinə götürdüyü və Ondan istənilən bir vəddir.
O gün Rəbbin onları və Allahdan başqa ibadət etdiklərini bir yerə yığacaq və: “Mənim bu bəndələrimi sizmi haqq yoldan azdırdınız, yoxsa özləri azdılar?” - deyəcəkdir.
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Bu zaman müşriklərə belə deyiləcəkdir:) “Onlar sizin dediklərinizi yalanladılar. Artıq nə əzabı sovuşdura bilər, nə də yardım ala bilərsiniz. İçinizdən zülm edənlərə böyük bir əzab daddıracağıq!”
(Ey elçi!) Səndən əvvəl göndərdiyimiz elçilər də heç şübhəsiz, yemək yeyir və bazarlarda gəzib dolaşırdılar. (Ey insanlar!) Sizin bir qisminizi digər bir qisminiz üçün imtahan vasitəsi etdik ki, görək səbir edəcəksinizmi? Sənin Rəbbin hər şeyi görəndir.
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
Mələkləri görəcəkləri o gün günahkarlara heç bir müjdə yoxdur. (Mələklər onlara: “Sizə sevinmək) qəti qadağandır!” - deyəcəklər.
Biz onların etdiyi hər bir (yaxşı) əmələ nəzər salar və onu səpələnmiş zərrələrə çevirərik (puç edərik).
O gün cənnət əhlinin qalacağı yer (inkar edənlərin dünyadakı yerindən) daha yaxşı, istirahət edəcəyi yer də daha gözəldir.
O gün göy ağ buludlarla yarılacaq və mələklər bölük-bölük endiriləcəkdir.
O gün gerçək hökmranlıq Rəhmana məxsusdur. İnkar edənlər üçün isə çətin bir gün olacaqdır.
O gün zalım kimsə (peşmançılıqdan) əllərini dişləyərək belə deyəcəkdir: “Kaş mən elçinin yolunu tutaydım.
Vay halıma! Kaş (batil yolda olan) filankəsi özümə dost tutmayaydım.
Həqiqətən, Zikr (Quran) mənə gəldikdən sonra o məni azdırdı”. Şeytan insanı (fəlakətə apardıqdan sonra orada) tənha qoyar.
Elçi dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etdi”.
(Ey elçi!) Beləcə, Biz hər bir elçi üçün günahkarlardan düşmənlər peyda etdik. Haqq yolu göstərən və yardımçı kimi Rəbbin yetər!
İnkar edənlər isə: “Quran ona bütöv nazil edilməli deyildimi?” - dedilər. Biz onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə etdik və onu hissə-hissə oxuduq (vəhy etdik).
Onların sənə çəkdiyi elə bir məsəl yoxdur ki, Biz sənə (onun) doğru olanını və daha yaxşı izahını gətirməyək.
Üzü üstə (sürülüb) cəhənnəmə toplanacaq kəslər - onlar yeri ən pis olan və haqq yoldan ən çox azanlardır.
Şübhəsiz ki, Musaya Kitabı verdik. Qardaşı Harunu da ona yardımçı təyin etdik.
Beləcə, (onlara) dedik: “Ayələrimizi yalanlayan qövmün yanına gedin!” Nəhayət, onları tamamilə məhv etdik.
Nuh qövmünə gəldikdə, elçiləri yalanladıqları zaman onları suda boğduq və insanlar üçün bir ibrət etdik. Zalımlar üçün acı bir əzab hazırlamışıq.
Ad qövmünü, Səmud qövmünü, Rəss əhlini və bunların arasında olan bir çox nəsilləri də (küfrləri səbəbilə məhv etdik).
Onların hər birinə misallar çəkdik və (inkar etdiklərinə görə) hamısını yerlə yeksan etdik.
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər.
Səni gördükləri zaman məsxərəyə qoyaraq (belə deyirlər): “Allahın elçi göndərdiyi şəxs budurmu?!
Əgər ilahlarımıza inanmaqda səbat göstərməsəydik, az qalsın o bizi onlardan uzaqlaşdırıb azdıracaqdı”. Onlar əzabı gördükləri zaman əslində kimin haqq yoldan azdığını biləcəklər.
Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan?
Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar.
Rəbbinin kölgəni necə uzatdığını görmədinmi?! Əgər diləsəydi, əlbəttə, onu sabit saxlayardı. Sonra Biz günəşi onun üçün bir dəlil etdik.
Sonra onu (uzanan kölgəni) yavaş-yavaş Özümüzə çəkdik (qısaltdıq).
Sizin üçün gecəni örtük, yuxunu istirahət vasitəsi, gündüzü də iş vaxtı edən Odur.
Küləkləri mərhəmətinin önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki,
Ölü bir diyara onunla həyat verək, yaratdığımız bir çox heyvana və insana da ondan içirdək.
Şübhəsiz ki, öyüd alsınlar deyə onların arasında onu (suyun əhəmiyyətini) müxtəlif şəkillərdə izah etdik. Lakin insanların çoxu nankorluq etdi.
Əgər istəsəydik, hər bir məmləkətə bir xəbərdar edən elçi göndərərdik.
Ona görə də inkar edənlərə itaət etmə və bununla (Quranla) onlara qarşı böyük bir mübarizə apar!
İki dənizi qovuşduran Odur! Bu (dənizin suyu) şirin və susuzluğu yatırandır. Bu (dənizin suyu) isə duzlu və acıdır. Allah o ikisinin arasında (sularının bir-birinə qarışmaması üçün) bir maneə və keçilməz bir sədd yaratmışdır.
İnsanı sudan yaradan, onu nəsillər və evlilik münasibətləri edən də Odur. Sənin Rəbbin Qüdrətlidir.
Onlar isə Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilən şeylərə ibadət edirlər. İnkar edən Rəbbinə qarşı çıxanlara dayaq olur.
Biz səni ancaq müjdə verən və xəbərdar edən olaraq göndərdik.
De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”.
Ölümsüz və daim diri olan Allaha təvəkkül et və Onu həmd ilə təsbeh et! Onun, bəndələrinin günahlarından xəbərdar olması kifayətdir.
O, göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə istiva edən (hökmü altına alan) Rəhmandır. Bunu bir biləndən soruş!
Onlara: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar.
Göydə bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay xəlq edən Allah çox ucadır!
Düşünüb ibrət almaq və ya şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur.
Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər.
Onlar gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər.
Və deyərlər: “Ey Rəbbimiz, cəhənnəm əzabını bizdən sovuşdur! Şübhəsiz, onun əzabı daimidir.
O, necə pis bir məskən və necə də pis bir yerdir!”
Həmçinin (Allahın xalis bəndələri) o kəslərdir ki, xərclədikləri zaman nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.
Onlar Allahla yanaşı başqa bir ilaha dua etməz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Kim bunları edərsə, cəzasını çəkər.
Qiyamət günü onun əzabı qat-qat artırılar və orada (əzabın içində) alçaldılmış bir vəziyyətdə əbədi qalar.
Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.
Kim tövbə edib saleh əməl işləyərsə, o, tövbəsi qəbul edilmiş halda Allaha dönər.
Onlar yalan yerə şahidlik etməz və boş şeylərlə qarşılaşdıqları zaman vüqarlı bir şəkildə oradan keçib gedərlər.
Onlara Rəbbinin ayələri xatırladıldığı zaman bu ayələrə qarşı kar və kor kimi davranmazlar.
Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər.
Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
Onlar orada əbədi qalacaqlar. O nə gözəl məskən və iqamətgahdır!
De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey inkar edənlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”