🏠
×
Şuəra surəsi
Şuəra surəsi
1.
Ta, Sin, Mim!
2.
Bunlar açıq-aydın Kitabın ayələridir.
3.
(Ey elçi!) Onlar iman etmirlər deyə az qalsın özünü məhv edəcəksən.
4.
Əgər diləsəydik, onlara göydən bir möcüzə endirərdik, onlar da ona boyun əyərdilər.
5.
Onlar Rəhman olan Allahdan özlərinə gələn hər bir yeni öyüddən üz döndərirlər.
6.
Onlar (Quranı) təkzib etdilər. Ancaq istehza etdiklərinin xəbərləri onlara gələcəkdir.
7.
Bəs onlar yer üzündə neçə-neçə gözəl bitkilər yetişdirdiyimizə baxmırlarmı?!
8.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
9.
Həqiqətən, Rəbbin yenilməz qüvvət və mərhəmət sahibidir.
10.
Bir zaman Rəbbin Musaya səslənmişdi: “Zalım qövmün yanına get -
11.
Firon qövmünün yanına! Onlar (başlarına gələcək fəlakətdən) qorxmurlarmı?”
12.
Musa dedi: “Ey Rəbbim! Məni təkzib etmələrindən qorxuram.
13.
Ürəyim sıxılır, dilim də söz tutmur (kəkələyirəm). Buna görə Harunu da (mənimlə) elçi olaraq göndər!
14.
Onların mənə isnad etdikləri bir günah da var. Buna görə də məni öldürmələrindən qorxuram”.
15.
Allah buyurdu: “Xeyr (səni öldürə bilməzlər)! Möcüzələrimizlə gedin! Şübhəsiz ki, Biz sizinləyik, hər şeyi eşidirik.
16.
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17.
İsrail oğullarını bizimlə göndər!”
18.
(Firon) dedi: “Biz səni körpə ikən himayəmizə götürüb böyütmədikmi? Sən illərlə aramızda yaşadın.
19.
Edəcəyini də etdin. Sən nankorlardansan!”
20.
(Musa) dedi: “Mən bunu edərkən cahil idim”.
21.
Sizdən qorxduğum üçün dərhal aranızdan qaçdım. Sonra Rəbbim mənə hikmət verdi və məni elçilərdən etdi.
22.
Mənə minnət qoyduğun o nemət də İsrail oğullarını özünə qul etməyindir”.
23.
Firon: “Bəs aləmlərin Rəbbi nədir?” - dedi.
24.
Musa dedi: “Əgər düşünüb anlayırsınızsa, (bilin ki,) göylərin, yerin və o ikisinin arasında olanların Rəbbidir!”
25.
(Firon) öz ətrafındakılara: “Eşitmirsinizmi?” - dedi.
26.
Musa dedi: “O, sizin də, əvvəlki atalarınızın da Rəbbidir!”
27.
(Firon) dedi: “Sizə göndərilən elçi, həqiqətən, dəlidir!”
28.
Musa: “Əgər ağlınızı işlətsəniz, (bilərsiniz ki,) O, şərqin, qərbin və ikisi arasında olan hər şeyin Rəbbidir!” - dedi.
29.
(Firon) dedi: “Əgər məndən başqasını ilah qəbul etsən, səni mütləq həbs edəcəyəm!”
30.
Musa: “Sənə açıq-aşkar bir şey (möcüzə) gətirsəm, necə?” - dedi.
31.
(Firon) dedi: “Əgər doğru söyləyirsənsə, gətir onu!”
32.
Bu zaman Musa əsasını atdı və o, dərhal böyük bir ilana döndü.
33.
Əlini (qoynundan) çıxartdı və bu vaxt o, baxanlara ağappaq göründü.
34.
(Firon) ətrafındakı əyanlara dedi: “Həqiqətən, bu, çox bilikli bir sehrbazdır.
35.
O, sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. İndi siz nə buyurursunuz?”
36.
Onlar dedilər: “Onu və qardaşını yubandır və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,
37.
Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38.
Beləcə, məlum bir günün müəyyən vaxtında sehrbazlar yığıldılar.
39.
İnsanlara da belə deyildi: “Siz də yığılırsınızmı?
40.
Əgər sehrbazlar qalib gəlsələr, çox güman ki, biz də onların arxasınca gedərik”.
41.
Sehrbazlar gəldikləri zaman Firona: “Əgər biz qalib gəlsək, bizə bir mükafat veriləcəkmi?” - dedilər.
42.
(Firon) dedi: “Bəli! O zaman siz, əlbəttə, yaxın adamlarımdan olacaqsınız”.
43.
Musa onlara: “Nə atacaqsınızsa, atın!” - dedi.
44.
Bu zaman onlar iplərini və əsalarını atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!” - dedilər.
45.
Musa da əsasını atdı və o, (böyük bir ilana çevrilib) dərhal onların uydurduqları şeyləri uddu.
46.
Bu zaman sehrbazlar səcdəyə qapandılar.
47.
Onlar belə dedilər: “Biz iman etdik aləmlərin Rəbbinə -
48.
Musanın və Harunun Rəbbinə!”
49.
(Firon qəzəblənərək:) “Mən sizə icazə vermədən ona iman etdiniz. Deməli, o, sizə sehr öyrədən böyüyünüzdür. Əlbəttə, (sizə nə edəcəyimi) biləcəksiniz. Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” - dedi.
50.
(Sehrbazlar) dedilər: “Zərəri yoxdur. Biz Rəbbimizə dönəcəyik.
51.
Biz ümid edirik ki, ilk iman edənlər olduğumuza görə Rəbbimiz xətalarımızı bağışlayacaq”.
52.
Biz Musaya: “Bəndələrimlə gecə yola çıx! Şübhəsiz ki, siz (Firon və ordusu tərəfindən) təqib ediləcəksiniz”, - deyə vəhy etdik.
53.
Firon şəhərlərə (əsgər) yığanlar göndərdi.
54.
(Və belə dedi:) “Həqiqətən, bunlar az saylı bir tayfadır.
55.
Onlar bizi qəzəbləndirdilər.
56.
Biz isə, əlbəttə, gözüaçıq bir camaatıq!”
57.
Beləcə, onları (Firon və ordusunu) bağlardan və bulaqlardan çıxartdıq.
58.
Xəzinələrdən və dəyərli yerdən (çıxartdıq).
59.
Beləcə, İsrail oğullarını oraların varisi etdik.
60.
(Firon və ordusu) günəş doğarkən onların arxasınca düşdü.
61.
İki dəstə bir-birini gördüyü zaman Musanın yanındakılar: “Həqiqətən, onlar bizə çatacaqlar!” – dedilər.
62.
Musa: “Əsla! Şübhəsiz ki, Rəbbim mənimlədir. O mənə yol göstərəcəkdir!” - dedi.
63.
Bu zaman Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!”(Musa əsasını dənizə vurduqda) dərhal yarıldı və (suyun) hər bir hissəsi böyük bir dağ kimi oldu.
64.
Digərlərini də ora yaxınlaşdırdıq.
65.
Musa və yanındakıların hamısını xilas etdik.
66.
Sonra da digərlərini (Firon və ordusunu) suda boğduq.
67.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etmədi.
68.
Şübhəsiz ki, sənin Rəbbin yenilməz qüvvət sahibidir, rəhmlidir.
69.
(Ey elçi!) Onlara İbrahimin hekayəsini də danış!
70.
Bir zamanlar o, atasına və qövmünə: “Siz nəyə ibadət edirsiniz?” - demişdi.
71.
Onlar da: “Biz bütlərə ibadət edir və (gün boyu) onlara sitayiş etməyə davam edirik!” - demişdilər.
72.
O demişdi: “Dua etdiyiniz zaman onlar sizi eşidirlərmi?
73.
Yaxud sizə xeyir və ya zərər verə bilirlərmi?”
74.
Onlar: “Xeyr, ancaq atalarımızın belə etdiyini görmüşük!” - demişdilər.
75.
İbrahim demişdi: “Elə isə, heç düşündünüzmü nəyə ibadət edirsiniz -
76.
Siz və əcdadınız?
77.
Şübhəsiz ki, aləmlərin Rəbbindən başqaları (bütlər) mənim düşmənimdir.
78.
O məni yaratdı və doğru yola yönəltdi.
79.
O məni yedirir və içirir.
80.
Xəstələndiyim zaman O mənə şəfa verir.
81.
O məni öldürəcək, sonra da dirildəcəkdir.
82.
Onun axirət günü xətalarımı bağışlayacağını ümid edirəm.
83.
Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et!
84.
Mənə, gələcək nəsillər tərəfindən xeyirlə yad edilməyi qismət et!
85.
Məni Nəim cənnətinin varislərindən et!
86.
Atamı da bağışla! Həqiqətən, o, haqq yoldan azanlardandır.
87.
İnsanların dirildiləcəkləri gün məni rüsvay etmə!”
88.
O gün nə mal-mülk, nə də övladlar fayda verər.
89.
Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsə bundan istisnadır!
90.
(O gün) cənnət müttəqilərə yaxınlaşdırılar.
91.
Cəhənnəm də azğınlara (inkar edənlərə) açıq bir şəkildə göstərilər.
92.
Və onlara belə deyərlər: “İbadət etdikləriniz haradadır?
93.
Allahdan başqa (ibadət etdikləriniz)! Onlar sizə, yaxud özlərinə kömək edə bilərlərmi?”
94.
Onlar və azğınlar ora (cəhənnəmə) atılarlar.
95.
İblisin bütün əsgərləri də (ora atılarlar).
96.
Onlar orada (bütləri ilə) mübahisə edərək belə deyərlər:
97.
“Allaha and olsun ki, biz açıq-aydın bir zəlalət içindəydik!
98.
Çünki biz sizi aləmlərin Rəbbi ilə bir tuturduq.
99.
Bizi günahkarlar azdırdı.
100.
Artıq bizim heç bir şəfaətçimiz yoxdur.
101.
Heç bir yaxın dostumuz da yoxdur.
102.
Təkrar dünyaya qayıda bilsəydik, biz də möminlərdən olardıq”.
103.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların əksəriyyəti iman etməz.
104.
Həqiqətən, sənin Rəbbin qüdrətlidir, mərhəmətlidir.
105.
Nuh qövmü də elçiləri təkzib etdi.
106.
O zaman qardaşları Nuh onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
107.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
108.
Allahdan qorxun və mənə itaət edin!
109.
Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
110.
Ona görə də Allahdan qorxun və mənə itaət edin!”
111.
Onlar: “Ən səfil insanlar sənə tabe olmuşkən, heç sənə iman edərikmi?” - dedilər.
112.
Nuh dedi: “Onların etdiyi əməllərdən mənim xəbərim yoxdur.
113.
Onları hesaba çəkmək yalnız Rəbbimə məxsusdur. Kaş biləydiniz.
114.
Mən iman edənləri qovan deyiləm.
115.
Mən ancaq açıq-aşkar xəbərdar edənəm!”
116.
Onlar: “Ey Nuh! Əgər bundan vaz keçməsən, daşqalaq ediləcəksən!” - dedilər.
117.
Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalanladı.
118.
Artıq mənimlə onların arasında Sən hökm ver! Məni və mənimlə olan möminləri xilas et!”
119.
Beləliklə, onu və yüklü gəmidə onunla olanları xilas etdik.
120.
Sonra da yerdə qalanları suda boğduq.
121.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların əksəriyyəti iman etməz.
122.
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibidir, mərhəmətlidir.
123.
Ad qövmü də elçiləri təkzib etdi.
124.
O zaman qardaşları Hud onlara belə demişdi: “Siz (Allahdan) qorxmursunuzmu?
125.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
126.
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
127.
Bunun əvəzində mən sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
128.
Siz hər yüksək yerə bir əlamət quraraq (hündür binalar tikərək) əylənirsinizmi?
129.
Əbədi qalacağınızı umaraq möhkəm qalalar tikirsiniz.
130.
Birini yaxaladığınız zaman qəddarcasına yaxalayırsınız.
131.
Allahdan qorxun və mənə itaət edin!
132.
Gözünüzün qabağındakı nemətləri sizə bol-bol verəndən qorxun!
133.
O sizə mal-qara və övladlar verdi.
134.
Bağlar və bulaqlar (verdi).
135.
Həqiqətən, mən sizin üçün böyük günün əzabından qorxuram!”
136.
Onlar dedilər: “Öyüd versən də, verməsən də, bizim üçün fərqi yoxdur.
137.
Bu, əvvəlkilərin adətlərindən başqa bir şey deyildir.
138.
Biz əzaba məruz qalası da deyilik”.
139.
Beləcə, onu təkzib etdilər. Biz də onları məhv etdik. Həqiqətən, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
140.
Şübhəsiz ki, sənin Rəbbin qüdrətlidir, mərhəmətlidir.
141.
Səmud qövmü də elçiləri təkzib etdi.
142.
O zaman qardaşları Saleh onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
143.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
144.
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
145.
Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
146.
Burada əmin-amanlıqda qalacaqsınız?
147.
Bağlar və bulaqlar,
148.
Əkinlər və dəymiş meyvəli xurmalıqlarda?
149.
Siz dağlardan ustalıqla evlər yonub düzəldirsiniz.
150.
Allahdan qorxun və mənə itaət edin!
151.
Həddi aşanların əmrinə itaət etməyin!”
152.
Onlar yer üzündə fəsad çıxarar, əmin-amanlıq yaratmazlar.
153.
Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmısan!
154.
Sən də bizim kimi bir insansan. Əgər doğru söyləyənlərdənsənsə, onda bir möcüzə gətir!”
155.
Saleh dedi: “Möcüzə bu dişi dəvədir. Müəyyən günlərdə onun və sizin su içmə haqqınız vardır.
156.
Ona heç bir zərər verməyin! Yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157.
Ancaq onlar onu tutub kəsdilər, sonra da peşman oldular.
158.
Buna görə də əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
159.
Həqiqətən, sənin Rəbbin qüdrətlidir, mərhəmətlidir.
160.
Lut qövmü də elçiləri təkzib etdi.
161.
O zaman qardaşları Lut onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
162.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
163.
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
164.
Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
165.
Siz insanlardan kişilərləmi yaxınlıq edirsiniz?
166.
Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı qoyub (kişilərlə yaxınlıq edirsiniz)? Xeyr, siz həddi aşan bir qövmsünüz” .
167.
Onlar: “Ey Lut! Əgər (bu işdən) vaz keçməsən, sən mütləq qovulanlardan olacaqsan!” - dedilər.
168.
Lut dedi: “Həqiqətən, mən sizin bu əməlinizdən nifrət edənlərdənəm.
169.
Ey Rəbbim! Məni və ailəmi onların etdiklərindən xilas et!”
170.
Beləcə, onu və bütün ailəsini xilas etdik,
171.
Geridə qalan yaşlı qadından (Lutun günahkar zövcəsindən) başqa!
172.
Sonra digərlərini məhv etdik.
173.
Onların üzərinə bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
174.
Şübhəsiz, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman etməz.
175.
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibidir, mərhəmətlidir.
176.
Əykə xalqı da elçiləri təkzib etdi.
177.
Bir zaman Şüeyb onlara belə demişdi: “(Allahdan) qorxmursunuzmu?
178.
Həqiqətən, mən sizə göndərilən etibarlı bir elçiyəm.
179.
Ona görə də Allahdan qorxun və mənə itaət edin!
180.
Mən bunun əvəzində sizdən heç nə istəmirəm. Mənim mükafatımı yalnız aləmlərin Rəbbi verəcəkdir.
181.
(Tərəzidə) ölçüyə tam riayət edin və (insanların haqqını) əskik verənlərdən olmayın!
182.
Düzgün tərəzi ilə çəkin!
183.
İnsanların haqqını əskiltməyin və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!
184.
Sizi və əvvəlki nəsilləri yaradandan qorxun!”
185.
Onlar dedilər: “Sən, həqiqətən, ovsunlanmısan.
186.
Sən də bizim kimi bir insansan. Biz səni yalançılardan biri hesab edirik.
187.
Əgər doğru söyləyənlərdənsənsə, o zaman üzərimizə göydən əzab yağdır!”
188.
Şüeyb: “Rəbbim sizin etdiklərinizi çox yaxşı bilir”, - dedi.
189.
Beləcə, onu təkzib etdilər. Buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190.
Şübhəsiz ki, bunda bir ibrət vardır. Ancaq onların əksəriyyəti iman etməz.
191.
Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibidir, mərhəmətlidir.
192.
Heç şübhəsiz, bunu (Quranı) aləmlərin Rəbbi nazil etmişdir.
193.
Onu Ruhul-əmin endirdi.
194.
Sənin qəlbinə endirdi ki, xəbərdar edənlərdən olasan.
195.
Açıq-aydın ərəb dilində!
196.
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır.
197.
İsrail oğulları alimlərinin onu bilmələri onlar üçün bir dəlil deyilmi?
198.
Əgər onu (Quranı) ərəb olmayanlardan birinə nazil etsəydik,
199.
Və bunu (Quranı) onlara oxusaydı, yenə də ona iman etməzdilər.
200.
Beləcə Biz onu (küfrü) günahkarların qəlbinə saldıq.
201.
Onlar şiddətli əzabı görənə qədər ona iman etməzlər.
202.
(Əzab) onlara özləri də hiss etmədən qəfildən gələr.
203.
Bu zaman onlar: “Görəsən, (iman etməyimiz üçün) bizə möhlət verilərmi?” - deyərlər.
204.
Onlar əzabımızın tez gəlməsinimi istəyirlər?
205.
Gördünmü, əgər onlara illərlə nemətlər versək,
206.
Sonra da vəd olunan (əzab) onlara gəlsə,
207.
Özlərinə verilən nemətlər onlara heç bir fayda verməz.
208.
Biz xəbərdar edən bir elçi göndərmədən heç bir məmləkəti məhv etmədik.
209.
(Bu onlar üçün) öyüddür. Biz zalım deyilik.
210.
Onu (Quranı) şeytanlar endirmədi.
211.
Onlar buna layiq deyillər və gücləri də çatmaz.
212.
Şübhəsiz ki, onlar (vəhyə) qulaq asmaqdan uzaqlaşdırılmışlar.
213.
Ona görə də Allahla yanaşı başqa bir ilaha dua etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan!
214.
Ən yaxın qohumlarını xəbərdar et!
215.
Sənə uyan möminləri qanadının altına al!
216.
Əgər sənə qarşı çıxsalar, de ki: “Həqiqətən, mən sizin etdiklərinizdən uzağam!”
217.
Yenilməz qüvvət sahibi və mərhəmətli olan Allaha təvəkkül et!
218.
O Allah ki, namaza durduğun zaman səni görür.
219.
Səcdə edənlərin arasında əyilib-qalxdığını da (görür).
220.
Həqiqətən, O hər şeyi eşidəndir, biləndir.
221.
Şeytanların kimə nazil olduğunu sizə xəbər verimmi?
222.
Onlar günahkar və yalançı olan hər kəsə nazil olarlar.
223.
Onlar eşitdiklərini (kahinlərə) çatdırarlar. Ancaq onların çoxu yalançıdır.
224.
Şairlərə gəldikdə, onlara azğınlar tabe olar.
225.
Onların hər bir vadidə sərgərdan dolaşdıqlarını görmədinmi?!
226.
Onlar etmədiklərini söyləyirlər.
227.
Ancaq iman edib yaxşı işlər görənlər, Allahı çox zikr edənlər və haqsızlığa məruz qaldıqdan sonra qalib gələnlər bundan istisnadır. Haqsızlıq edənlər qayıdacaqları yeri yaxın bir vaxtda biləcəklər.