🏠
×
Nəml surəsi
Nəml surəsi
1.
Ta, Sin! Bu, Quranın və (haqqı) bəyan edən Kitabın ayələridir.
2.
Möminlər üçün hidayət rəhbəri və müjdədir.
3.
O (mömin) kimsələr ki, namazı qılır, zəkatı verir və axirətə qəti şəkildə inanırlar.
4.
Şübhəsiz ki, axirətə inanmayanların əməllərini özlərinə gözəl göstərdik. Buna görə də onlar sərgərdan gəzərlər.
5.
Onlar üçün pis bir əzab var və axirətdə ən çox ziyana uğrayanlar onlar olacaqlar.
6.
(Ey elçi!) Həqiqətən, Quran sənə hikmət sahibi və hər şeyi bilən Allah tərəfindən verilir.
7.
Bir zaman Musa öz ailəsinə: “Mən (uzaqda) bir od gördüm. Sizə oradan bir xəbər gətirəcəyəm, yaxud bir köz gətirəcəyəm ki, isinəsiniz”, - demişdi.
8.
Ora gəldiyi zaman belə bir səs gəldi: “Odun yanındakı (Musa) və odun ətrafındakılar (mələklər) mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!
9.
Ey Musa! Şübhəsiz ki, Mən qüdrətli və hikmət sahibi olan Allaham!
10.
Əsanı at!” Musa əsanın ilan kimi qıvrıldığını gördüyü zaman arxasına baxmadan dönüb qaçdı. (Ona dedik:) “Ey Musa, qorxma! Çünki, elçilər Mənim hüzurumda qorxmazlar.
11.
Ancaq kim haqsızlıq edər, sonra da etdiyi pis əməlin əvəzinə yaxşı əməl edərsə, bilsin ki, Mən bağışlayanam, mərhəmətliyəm!
12.
Əlini qoynuna sal ki, qüsursuz və ağappaq çıxsın. Bu, Firon və onun qövmünə göstəriləcək doqquz möcüzədən biridir. Həqiqətən, onlar fasiq bir qövmdür”.
13.
Möcüzələrimiz açıq bir şəkildə onlara gəldiyi zaman: “Bu, açıq-aydın bir sehrdir!” - dedilər.
14.
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!
15.
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin bəndələrinin çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.
16.
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi.
17.
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
18.
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”
19.
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
20.
Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o qeyb olanlardan mı oldu?
21.
Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!”
22.
Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm.
23.
Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var.
24.
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
25.
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
26.
(Halbuki) böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah yoxdur!”
27.
(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək, doğru söyləyirsən, yoxsa yalançılardansan.
28.
Mənim bu məktubumu apar və onlara at! Sonra da bir kənara çəkil və bax gör nə cavab verəcəklər!”
29.
(Səba hökmdarı Bəlqis) dedi: “Ey əyanlar! Mənə mühüm bir məktub atıldı.
30.
O məktub Süleymandandır və belə başlayır: “Rəhman və Rəhim olan Allahın adı ilə!
31.
Mənə qarşı çıxmayın və təslim olub hüzuruma gəlin!”
32.
(Sonra Bəlqis:) “Ey əyanlar! Bu iş barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” - dedi.
33.
Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər.
34.
(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.
35.
Mən onlara bir hədiyyə göndərəcəyəm. Görüm elçilər nə ilə qayıdacaqlar”.
36.
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi: “Siz mənə mal-mülkləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz.
37.
Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik və əlbəttə, zəlil və xar bir vəziyyətdə onları oradan çıxardarıq!”
38.
(Sonra Süleyman) dedi: “Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
39.
Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi.
40.
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
41.
Süleyman: “Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi.
42.
O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!”
43.
Allahdan başqa ibadət etdikləri ona (tövhid dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, inkar edən bir qövmdən idi.
44.
Ona: “Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi.
45.
Şübhəsiz ki, Səmud qövmünə də Allaha ibadət etsinlər deyə qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə çəkişən iki qrupa ayrıldılar.
46.
Saleh: “Ey qövmüm! Nə üçün yaxşılıqdan əvvəl pisliyə tələsirsiniz? Allahdan bağışlanmağınızı diləməli deyilsinizmi? Ola bilsin ki, sizə mərhəmət edilər”, - dedi.
47.
Onlar dedilər ki: “Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi: “Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”.
48.
O şəhərdə fitnə-fəsad törədən və heç bir yaxşı iş görməyən doqquz nəfər var idi.
49.
Onlar öz aralarında Allaha and içərək belə dedilər: “Gecə ona (Salehə) və ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə: “Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək.
50.
Onlar bir hiylə qurdular. Biz də özləri də fərqinə varmadan onlara bir hiylə qurduq.
51.
Gör onların hiylələrinin axırı necə oldu! Biz onları və onların qövmünü bütövlüklə məhv etdik.
52.
Bu, haqsızlıqları səbəbilə çökmüş evləridir. Həqiqətən, bunda anlayan bir qövm üçün ibrət vardır.
53.
İman edib Allahdan qorxan kimsələri isə xilas etdik.
54.
Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demişdi: “Göz görə-görə əxlaqsızlıqla məşğul olursunuz?
55.
Siz qadınları qoyub şəhvətlə kişilərləmi yaxınlıq edirsiniz? Xeyr, siz cahil bir qövmsünüz!”
56.
Qövmünün cavabı isə yalnız: “Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu.
57.
Beləliklə, arvadı istisna olmaqla, onu və ailəsini xilas etdik. Arvadının geridə (əzaba düçar olanların arasında) qalmasını təqdir etdik.
58.
Onların üstünə (qızmar gildən) bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
59.
De: “Həmd olsun Allaha! Seçmiş olduğu bəndələrinə da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?
60.
(Şərik qoşduqları xeyirlidir,) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən su endirən?! Biz o su ilə bir ağacını belə göyərdə bilməyəcəyiniz gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onlar (bütləri Allaha) tay tutan bir qövmdür.
61.
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa yeri yaşamaq üçün əlverişli hala salan, orada çaylar axıdan, onun üçün möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan?! Allahla yanaşı başqa bir ilah varmı?! Xeyr, onların çoxu bilmir.
62.
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz!
63.
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən və küləkləri Öz mərhəmətinin (yağışın) önündə müjdəçi kimi göndərən?! Allahla yanaşı başqa bir ilah varmı?! Allah onların qoşduğu şəriklərdən çox ucadır!
64.
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa əvvəlcə yaradıb sonra (axirətdə) onu təkrar dirildən və sizə həm göydən, həm də yerdən ruzi verən?! Allahla yanaşı başqa bir ilah varmı?! De: “Əgər doğru söyləyirsinizsə, dəlilinizi gətirin!”
65.
De: “Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”.
66.
Xeyr, onların axirət haqqında kifayət qədər məlumatları yoxdur. Xeyr, onlar axirət barəsində şübhə içindədirlər. Xeyr, onlar axirətə qarşı kordurlar.
67.
İnkar edənlər dedilər: “Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (dirildilib) çıxardılacağıqmı?
68.
Əlbəttə, bu bizə vəd olunduğu kimi, daha əvvəl atalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”.
69.
De ki: “Yer üzündə dolaşın və günahkarların aqibətinin necə olduğuna bir baxın!”
70.
Onlardan ötrü kədərlənmə və qurduqları hiylələrə görə narahat olma!
71.
Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd (əzab) nə vaxt gerçəkləşəcək?” - deyirlər.
72.
De ki: “Tez gəlməsini istədiyinizin (əzabın) bir hissəsi, ola bilsin ki, yaxınlaşmışdır” .
73.
Şübhəsiz ki, sənin Rəbbin insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
74.
Həqiqətən, sənin Rəbbin onların qəlbində gizlədiklərini də, aşkar etdiklərini də bilir.
75.
Göydə və yerdə gizli qalan elə bir şey yoxdur ki, hər şeyi bəyan edən bir Kitabda (Lövhi-məhfuzda) olmasın.
76.
Şübhəsiz, bu Quran İsrail oğullarına ixtilafda olduqları məsələlərin bir çoxunu xəbər verir.
77.
Şübhəsiz ki, o, möminlər üçün hidayət rəhbəri və rəhmətdir.
78.
Əlbəttə, Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O qüdrətlidir, hər şeyi biləndir.
79.
Ona görə də sən Allaha təvəkkül et! Şübhəsiz ki, sən açıq-aydın haqq yoldasan.
80.
Sən ölülərə (haqqı) eşitdirə bilməzsən. Arxasını dönüb gedən karlara da (haqq yola) dəvəti eşitdirə bilməzsən.
81.
Sən korları zəlalətdən uzaqlaşdırıb haqq yola yönəldə bilməzsən. Sən (bu dəvəti) yalnız ayələrimizə inanıb təslim olanlara eşitdirə bilərsən.
82.
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün Dabbə çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman etmədiyini söyləyəcək.
83.
O gün hər ümmətdən ayələrimizi yalanlayan bir dəstəni bir yerə toplayacağıq və onlar (haq-hesab yerinə) göndəriləcəklər.
84.
Onlar gəldikləri zaman Allah buyuracaq: “Siz Mənim ayələrimi tam dərk etmədən yalanladınızmı? Yoxsa (dünyada) nə etdiniz?”
85.
Etdikləri haqsızlıqlara görə onlara deyilən söz (əzab) gerçəkləşəcək və onlar danışa bilməyəcəklər.
86.
Onlar gecəni dincəlmələri üçün yaratdığımızı, gündüzü də işıqlı etdiyimizi görmədilərmi?! Həqiqətən, bunda iman edənlər üçün ibrətlər vardır.
87.
Sura üfürüləcəyi gün Allahın dilədiyi kimsələr istisna olmaqla, göylərdə və yerdə olanlar dəhşətli bir qorxuya düşəcəklər və hamısı boyunlarını bükərək Onun hüzuruna gələcək.
88.
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır.
89.
Hər kim yaxşı əməllərlə (Allahın hüzuruna) gələrsə, onun üçün ondan daha yaxşısı vardır. Onlar o gün dəhşətli qorxudan əmin olacaqlar.
90.
Hər kim pis əməllərlə (Allahın hüzuruna) gələrsə, onlar üzü üstə cəhənnəmə atılacaqlar. (Onlara belə deyiləcək:) “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!”
91.
(De:) Şübhəsiz, mənə bu şəhərin (Məkkənin) Rəbbi olan və oranı müqəddəs edən Allaha ibadət etməyim əmr olunmuşdur. Hər şey Onundur. Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur.
92.
Quran oxumağım da (əmr olunmuşdur). Artıq kim doğru yolu tutarsa, ancaq özü üçün doğru yolu tutmuş olar. Kim doğru yoldan azarsa, de ki: “Mən yalnız xəbərdar edənlərdənəm”.
93.
De: “Həmd Allaha məxsusdur! O, dəlillərini sizə göstərəcək, siz də onları biləcəksiniz”. Rəbbin sizin etdiklərinizdən xəbərsiz deyildir.