Ən yaxın bir yerdə. Onlar bu məğlubiyyətdən sonra yaxın bir vaxtda qalib gələcəklər.
Özü də bir neçə il ərzində. (Onların bu məğlubiyyətindən) əvvəl də, sonra da əmr Allahındır. O gün möminlər də sevinəcəklər,
Allahın yardımı ilə! O, istədiyi kimsəyə yardım edər. O, yenilməz qüvvət sahibidir, mərhəmətlidir.
Bu, Allahın vədidir. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bunu bilmir.
Onlar dünya həyatının zahirini (görünən tərəfini) bilir, axirətdən isə xəbərsizdirlər.
Onlar öz-özlərinə Allahın göyləri, yeri və onların arasındakıları haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Həqiqətən, insanların bir çoxu Rəbbinə qovuşacağını inkar edir.
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox abadlaşdırırdılar. Onların elçiləri özlərinə açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə, onlar özlərinə zülm edirdilər.
Ancaq Allahın ayələrini yalanlayaraq və lağa qoyaraq pislik edənlərin aqibəti çox pis oldu.
Allah (insanı) yoxdan yaradır, ölümündən sonra onu təkrar dirildir. Sonra siz də Ona qaytarılacaqsınız.
Qiyamətin qopacağı gün günahkarlar susacaqlar.
(Allaha qoşduqları) şəriklərindən heç biri onlar üçün şəfaətçi olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
Qiyamət qopacağı gün - məhz o gün (möminlər və inkar edənlər) bir-birindən ayrılacaqlar.
İman edib yaxşı işlər görənlər cənnətdə sevinc içində olacaqlar.
İnkar edən olub ayələrimizi və axirətə qovuşacaqlarını yalanlayanlar isə əzaba sürüklənəcəklər.
Ona görə də axşam və səhər Allahı təsbeh edin!
Göylərdə və yerdə həmd Ona məxsusdur! Gün batarkən (ikindi vaxtı) və günorta vaxtı da (təsbeh edin)!
Allah ölüdən dirini, diridən də ölünü çıxardar. Torpaq öldükdən sonra (Allah) ona can verər. Siz də belə çıxardılacaqsınız.
Sizi torpaqdan yaratması da Onun (varlığının) dəlillərindəndir. Sonra siz bir bəşər olaraq yer üzünə yayıldınız.
Ünsiyyət edəsiniz deyə sizin üçün öz nəfsinizdən zövcə xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünən qövm üçün ibrətlər vardır.
Göylərin və yerin yaradılışı da, dillərinizin və rənglərinizin müxtəlif olması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda bilənlər (elm sahibləri) üçün ibrətlər vardır.
Gecə və gündüz yatıb dincəlməyiniz də, Onun lütfündən (ruzi) istəməyiniz də Onun (varlığının) dəlillərindəndir. Həqiqətən, eşidənlər üçün bunda ibrətlər vardır.
Sizə qorxu və ümidi hiss etdirmək üçün ildırımı göstərməsi də Onun (varlığının) dəlillərindəndir. O, göydən su endirir və ölümündən sonra onunla torpağa can verir. Həqiqətən, düşünənlər üçün bunda ibrətlər vardır.
Göyün və yerin Onun əmri ilə durması (nizam-intizamlı olması) da Onun (varlığının) dəlillərindəndir. Sonra sizi bircə dəfə çağıran kimi dərhal torpaqdan çıxacaqsınız.
Göylərdə və yerdə kim varsa, Ona aiddir və hamısı Ona boyun əymişdir.
Məxluqatı yoxdan yaradan, sonra onu təkrar dirildən Odur. Bu Onun üçün çox asandır. Göylərdə və yerdəki ən uca sifətlər Ona məxsusdur. O, yenilməz qüvvət və hikmət sahibidir.
Sizə öz nəfsinizdən bir misal çəkdi: “Sizə ruzi olaraq verdiyimiz şeylərdə, əqd bağladıqlarınızdan və sizinlə bərabər olub özünüzdən qorxduğunuz kimi onlardan qorxduğunuz (yaxud hörmət etdiyiniz) şəriklər varmı?" Ağlını işlədə bilən bir qövm üçün ayələri biz bu cür izah edirik.
Xeyr, zülm edənlər heç bir məlumatı olmadan öz nəfslərinə (arzu və istəklərinə) uydular. Allahın haqq yoldan azdırdığı kimsəni kim doğru yola yönəldə bilər?! Onların heç bir köməkçisi də yoxdur.
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir.
Ona “qəlbdən səmimi şəkildə” yönəlin və Ondan qorxun, namazı düzgün qılın və müşriklərdən olmayın.
Öz dinlərini parçalayan və firqələrə ayrılan (müşriklərdən olmayın)! Hər firqə öz əlindəkinə görə sevinir.
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar.
Qoy onlara verdiklərimizə nankorluq etsinlər. Siz hələki (verdiyimiz nemətlərdən) faydalanın. Yaxında biləcəksiniz!
Yoxsa Biz onlara şərik qoşmalarını söyləyən bir dəlilmi endirdik?!
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis əməllər) səbəbilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər.
Onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini, istədiyininkini də azaltdığını görmədilərmi? Həqiqətən, iman edənlər üçün bunda ibrətlər vardır.
Yaxın qohuma, yoxsula və yolda qalmış müsafirə (zəkat, yaxud sədəqədən) haqqını ver! Allahın rizasını istəyənlər üçün bu daha xeyirlidir. Onlar əsil nicat tapanlardır.
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər (mənəvi qazanclarını və mallarının bərəkətini) qat-qat artıran kimsələrdir.
Allah sizi yaratmış, sonra sizə ruzi vermiş, sonra sizi öldürəcək, sonra da sizi (təkrar) dirildəcəkdir. (Allaha tay tutduğunuz) şərikləriniz arasında bunlardan hər hansı birini edə bilən biri varmı? O pak və müqəddəsdir, onların şərik qoşduqlarından çox ucadır!
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Allahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar.
De: “Yer üzündə gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın! Onların çoxu müşrik idi.
Allah tərəfindən geri dönüşü olmayan o gün (qiyamət günü) gəlmədən əvvəl üzünü doğru olan dinə çevir! O gün insanlar dəstə-dəstə olacaqlar.
Kim inkar edən olarsa, onun küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün (cənnətdəki yerlərini) hazırlamış olarlar.
Bu, Allahın iman edib yaxşı işlər görənlərə Öz lütfündən mükafat verməsi üçündür. Şübhəsiz ki, O, inkar edənləri sevməz.
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, lütfündən (nəsibinizi) axtarasınız və şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun (varlığının) dəlillərindəndir.
Şübhəsiz ki, səndən əvvəl də elçiləri öz qövmlərinə göndərdik. Elçilər onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuzdur.
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi bəndələrinə onu (yağışı) nəsib edən zaman onlar sevinərlər.
Halbuki, onlar üçün yağış yağdırılmazdan əvvəl ümidsizliyə düşmüşdülər.
Elə isə Allahın mərhəmətinin izlərinə bax ki, öldükdən sonra yeri necə dirildir. Şübhəsiz ki, O, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir.
Əgər Biz bir külək göndərsək və onlar onun (əkinlərin) saralmış olduğunu görsələr, bundan sonra mütləq nankorluq edərlər.
(Ey elçi) Şübhəsiz ki, sən nə ölülərə (haqqı) çatdıra bilərsən, nə də dönüb gedən karlara dəvəti eşitdirə bilərsən.
Sən korları da düşdükləri zəlalətdən çıxardıb doğru yola yönəldə bilməzsən. Sən (haqqı) yalnız müsəlman olub ayələrimizə inananlara eşitdirə bilərsən.
Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
Qiyamət qopacağı gün günahkarlar (dünyada) yalnız az bir müddət qaldıqlarına dair and içərlər. Onlar (dünyada da haqq yoldan) belə döndərilirdilər.
Elm və iman verilənlər isə (o günahkarlara) belə deyəcəklər: “And olsun ki, Allahın Kitabında (hökm verildiyi kimi) diriliş gününə qədər qaldınız. Bax bu, diriliş günüdür! Lakin siz onu inkar edirdiniz”.
O gün zalımlara nə üzrxahlıqları bir fayda verər, nə də onlardan (Allahı) razı salmağa çalışmaları istənilər.
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Onlara möcüzə gətirsən də, inkar edənlər mütləq: “Siz ancaq batil şeylər uydurursunuz”, - deyəcəklər.
Beləliklə, Allah (haqqı) bilməyənlərin qəlbini möhürləyər.
Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman etməyənlər səni biganəliyə sövq etməsinlər!