🏠
×
Loğman surəsi
Loğman surəsi
1.
Əlif, Lam, Mim!
2.
Bunlar hikmətli Kitabın ayələridir.
3.
O (Quran), yaxşı əməl sahibləri üçün doğru yol və rəhmətdir.
4.
Onlar namazı qılar, zəkatı verər və axirətə yəqinliklə inanarlar.
5.
Onlar Rəbbi tərəfindən (göstərilən) doğru yol üzərindədirlər. Onlar əsil nicat tapanlardır!
6.
İnsanlardan elələri var ki, elmsiz şəkildə Allahın yolundan azdırmaq və onu bir əyləncə mövzusuna çevirmək üçün boş və mənasız sözlərə (ləhvəl-hədis) üstünlük verirlər. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.
7.
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
8.
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün nemətləri bol olan cənnətlər vardır.
9.
Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, yenilməz qüvvət və hikmət sahibidir.
10.
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik.
11.
Bu, Allahın yaratdıqlarıdır. Elə isə, Mənə başqalarının nə yaratdığını göstərin! Xeyr, zalımlar açıq-aşkar bir zəlalət içindədirlər.
12.
Biz Loğmana da: “Allaha şükür et!” - deyə hikmət vermişdik. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, bilsin ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
13.
Vaxtilə Loğman öz oğluna öyüd verərək: “Ey oğlum, Allaha şərik qoşma! Həqiqətən, şərik qoşmaq böyük zülmdür”, - demişdi.
14.
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etmişik. Anası onu çətinliklərə dözərək bətnində daşımışdır. Onun süddən kəsilməsi də iki il ərzində olur. Mənə şükür et və ata-anana təşəkkür et! Axır dönüş Mənədir.
15.
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.
16.
(Loğman oğluna belə nəsihət etdi:) “Ey oğlum! Şübhəsiz, (etdiyin yaxşı və ya pis bir iş) xardal dənəsi ağırlığında olub bir qayanın içində, yaxud göylərdə və ya yerin içində olsa belə, Allah onu (sənin qarşına) gətirər. Həqiqətən, Allah lətifdir (ən gizli və ən incə işləri də görəndir), hər şeydən xəbərdardır.
17.
Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.
18.
Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.
19.
Yerişində mötədil ol və səsini alçalt! Şübhəsiz, səslərin ən çirkini uzunqulaqların səsidir.
20.
Allahın göylərdə və yerdə nə varsa, hamısını sizə ram etdiyini, açıq və gizli olan nemətlərini sizə bol-bol verdiyini görmədinizmi? İnsanlardan elələri var ki, elmi, doğru yol göstərən bir rəhbəri və aydınladan bir kitabı olmadan Allah barəsində mübahisə edər.
21.
Onlara: “Allahın nazil etdiyinə tabe olun!” - deyildiyi zaman: “Xeyr, biz atalarımızın getdiyi yolu izləyirik!” - deyərlər. Bəs əgər şeytan onları (atalarını) cəhənnəm əzabına çağırırdısa (onda necə)?!
22.
Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar.
23.
İnkar edənin küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizədir. Biz onlara etdikləri əməlləri xəbər verəcəyik. Şübhəsiz ki, Allah qəlbdə olanı biləndir.
24.
Biz onları bir az (dünya nemətlərindən) faydalandıracaq, sonra da ağır bir əzaba sürükləyəcəyik.
25.
Əgər onlardan: “Göyləri və yeri kim yaratdı?” - deyə soruşsan, onlar: “Allah!” - deyəcəklər. De ki: “Həmd Allaha məxsusdur!” Lakin onların çoxu bilməz.
26.
Göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Şübhəsiz ki, Allah heç bir şeyə möhtac deyil, hər cür tərifə layiqdir.
27.
Şayət yer üzündəki ağaclar qələm olsaydı və dəniz mürəkkəb olub arxasından yeddi dəniz də ona qatılsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.
28.
(Ey insanlar!) Sizi yaratmaq və diriltmək bir nəfəri (yaradıb diriltmək) kimidir. Həqiqətən, Allah hər şeyi eşidəndir, görəndir.
29.
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını görmədinmi?! O, günəşi və ayı da (sizə) ram etmişdir. Onların hər biri müəyyən bir vaxta qədər (öz orbitində) irəliləyir. Həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır.
30.
Bu ona görədir ki, Allah haqq, Ondan başqa ibadət etdikləri isə batildir. Şübhəsiz, Allah ucadır, böyükdür.
31.
Allah sizə Öz (varlığının) dəlillərindən (bir qismini) göstərsin deyə Onun neməti sayəsində gəmilərin dənizdə üzdüyünü görmədinmi? Şübhəsiz ki, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
32.
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
33.
Ey insanlar, Rəbbinizdən çəkinin! Nə valideynin övlada, nə də övladın valideynə fayda verə bilməcəyi bir gündən qorxun! Şübhəsiz ki, Allahın vədi haqdır. Dünya həyatı sizi əsla aldatmasın. Şeytan da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) aldatmasın!
34.
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.