Ey elçi, Allahdan qorx, inkar edənlərə və münafiqlərə itaət etmə! Həqiqətən, Allah hər şeyi biləndir, hikmət sahibidir.
Rəbbindən sənə vəhy olunana (Qurana) tabe ol! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
Allaha təvəkkül et! Vəkil (qoruyan) olaraq Allah yetər.
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcənizi analarınızın yerinə qoymamış, övladlığa götürdüklərinizi də övladlarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir.
Onları öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.
Elçi, möminlər üçün öz nəfslərindən daha üstündür və onun xanımları da onların analarıdır. Rəhim sahibləri də, Allahın Kitabında bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındır. Ancaq dostlarınıza yaxşılıq etmək başqa; bunlar Kitabda yazılmışdır.
Bir zaman elçilərdən əhd almışdıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan. Biz onlardan möhkəm bir əhd almışdıq.
(Allah bu əhdi almışdır ki,) doğru danışanların doğruluqlarını soruşsun. O, inkar edənlər üçün acı bir əzab hazırlamışdır.
Ey iman edənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür.
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, qəlbiniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
Orada möminlər sınağa çəkilmiş və şiddətlə sarsılmışdılar.
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və elçisi bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də elçidən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
Əgər Yəsribin (Mədinənin) hər tərəfindən onlara hücum edilsəydi, sonra da onlardan fitnə (şirk qoşmaları) tələb olunsaydı, şübhəsiz, bunu edər və azacıq da olsa yubanmazdılar.
Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.
Şübhəsiz ki, Allah sizdən (döyüşə) mane olanları da, qardaşlarına: “Bizim yanımıza gəlin!” - deyənləri də tanıyır. Onların yalnız az bir hissəsi döyüşə gələr.
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman etməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.
Möminlər (düşmən) dəstələrini gördükləri zaman: “Bu, Allahın və elçisinin bizə olan vədidir. Allah və elçisi doğru söyləmişdir!” - dedilər. Bu (düşmən dəstələrinin gəlməsi) onların yalnız imanını və itaətini artırdı.
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.
Çünki, Allah doğru olanları doğruluqlarına görə mükafatlandıracaq, münafiqlərə də istəsə əzab verəcək, yaxud da onların tövbələrini qəbul edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
Allah inkar edənləri qəzəbli olduqları bir halda püskürtdü. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah yenilməz qüvvət sahibidir, qüdrətlidir.
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlbinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz.
Allah sizi onların yerlərinə, yurdlarına, mallarına, eləcə də ayaq basmadığınız torpaqlara varis etdi. Allah hər şeyə qadirdir.
Ey elçi! Zövcələrinə de: “Əgər dünya həyatını və onun bər-bəzəyini (rifahını) istəyirsinizsə, gəlin sizə boşanma haqqınızı verim və gözəl bir şəkildə sizi boşayım.
Əgər Allahı, Rəsulunu və axirət yurdunu istəyirsinizsə, bilin ki, Allah sizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.
Ey elçinin zövcələri! Sizdən kim açıq-aşkar çirkin bir iş görərsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır.
Sizdən hər kim Allaha və Rəsuluna itaət edər və yaxşı işlər görərsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün (cənnətdə) bol ruzi hazırlamışıq.
Ey elçi zövcələri! Siz başqa qadınlar kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, (yad kişilərlə) ədalı danışmayın, yoxsa qəlbində xəstəlik olan bir kimsə (sizə qarşı) ümid bəsləyər. Düzgün danışın!
Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın! Şübhəsiz ki, Allah lütfkardır, hər şeydən xəbərdardır.
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbrli kişilər və səbrli qadınlar, (Allaha) baş əyən kişilər və baş əyən qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və (ismətlərini) qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Allah və Onun elçisi bir işə hökm etdiyi zaman mömin kişi və mömin qadının o işdə (öz istəklərinə görə) seçmə hüququ yoxdur. Kim Allaha və Onun elçisinə qarşı çıxarsa, şübhəsiz, o, açıq-aydın bir zəlalətə düşmüş olar.
(Ey elçi!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcəsini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir.
Allahın elçiyə halal etdiyi bir şeydə ona heç bir günah yoxdur. Allahın daha əvvəl gəlib-keçənlər (elçilər) barəsindəki qanunu da belə idi. Allahın hökmü belə təqdir edilmişdir.
Elçilər o kəslərdir ki, Allahın göndərdiyi əmrləri təbliğ edər, Allahdan qorxar və Ondan başqa heç kimdən qorxmazlar. Haqq-hesab çəkən olaraq Allah yetər.
Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.
Ey iman edənlər, Allahı çox zikr edin!
Səhər-axşam Onu təsbeh edin!
Sizi qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Öz rəhmətini göndərən Odur. Mələkləri də sizin üçün istiğfar edərlər. Allah möminlərə qarşı çox mərhəmətlidir.
Ona qovuşacaqları gün onlar salamlanaraq qarşılanarlar. Allah onlar üçün gözəl bir mükafat hazırlamışdır.
Ey elçi! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən bir elçi olaraq göndərdik.
Həm də Allahın izni ilə Onun yoluna dəvət edən və nur saçan bir çıraq olaraq göndərdik.
Möminlərə də müjdə ver ki, onlar üçün Allah tərəfindən böyük bir lütf vardır.
İnkar edənlərə və münafiqlərə boyun əymə! Onların verdikləri əziyyətlərə əhəmiyyət vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər.
Ey iman edənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın!
Ey elçi! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və elçi evlənmək istədiyi təqdirdə özünü elçiyə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
Onlardan (xanımlarından) istədiyini təxirə salar, istədiyini də yanına ala bilərsən. Boşadıqlarından istədiyini təkrar (evləndikdən sonra) yanına almaqda sənə heç bir günah yoxdur. Bu, onların sevinmələri, kədərlənməmələri və hamısının sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
Bundan sonra (başqa) qadınlar (ilə evlənmək) və cariyələrin istisna olmaqla, gözəllikləri sənin xoşuna gəlsə belə, bunların yerinə başqa qadınlar almaq sənə halal deyildir. Allah hər şeyə nəzarət edəndir.
Ey iman edənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən elçinin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, elçiyə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz. Onlardan (elçinin xanımlarından) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun! Bu, həm sizin, həm də onların qəlbi üçün daha təmiz bir davranışdır. Allahın elçisini incitmək və ondan sonra zövcələri ilə evlənmək əsla sizə yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük bir günahdır.
Bir şeyi aşkar etsəniz də, gizli saxlasanız da, şübhəsiz, Allah hər şeyi bilir.
Onlara (mömin qadınlara) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, (mömin) qadınlar və kölələrinə görə heç bir günah yoxdur. Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
Allah və mələkləri elçiyə dəstək olurlar. Ey iman edənlər! Siz də ona dəstək olun və könüldən bağlanın.
Həqiqətən, Allahı və Onun elçisini incidənlərə Allah bu dünyada və axirətdə lənət etmiş və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır.
Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər, həqiqətən, iftira və açıq-aydın bir günah yüklənmişlər.
Ey elçi! Zövcələrinə, qızlarına və möminlərin zövcəsinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
Əgər münafiqlər, qəlbində xəstəlik olanlar və Mədinədə yalan şayiələr yayanlar (bu əməllərindən) vaz keçməsələr, əlbəttə, səni onların üstünə göndərərik. Sonra onlar orada səninlə yalnız az bir müddət qala bilərlər.
Onlar lənətləniblər. Harada görülsələr, tutulub öldürülərlər.
Allahın daha əvvəl gəlib-keçənlər haqqındakı qanunu da belə idi. Allahın qanununda heç bir dəyişiklik görə bilməzsən.
İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.
Həqiqətən, Allah inkar edənlərə lənət etmiş və onlar üçün alovlu bir od hazırlamışdır.
Onlar orada əbədi qalacaq və özlərinə nə bir dost, nə də bir yardımçı tapa biləcəklər.
Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha itaət edəydik! Kaş elçiyə itaət edəydik!” - deyəcəklər.
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.
Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə düçar et!”
Ey iman edənlər! Musaya əziyyət verənlər kimi olmayın! Allah onu (Musanı) onların söylədiklərindən təmizə çıxartdı. O, Allah yanında şərəfli biri idi.
Ey iman edənlər, Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz,) Allah sizin işlərinizi düzəldər və günahlarınızı bağışlayar. Kim Allaha və Onun elçisinə itaət edərsə, böyük bir uğura nail olar.
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir.
Allah (bu əmanəti ona görə insana yüklədi ki,) münafiq kişilərə, münafiq qadınlara, müşrik kişilərə və müşrik qadınlara əzab versin, mömin kişilərin və mömin qadınların tövbəsini də qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.