🏠
×
Yasin surəsi
Yasin surəsi
1.
Ya, Sin!
2.
Hikmətli Qurana and olsun ki,
3.
(Ey Məhəmməd!) Həqiqətən, sən göndərilən elçilərdənsən.
4.
Doğru yoldasan.
5.
(Bu Quran) yenilməz qüvvət sahibi və mərhəmətli Allah tərəfindən nazil edilmişdir.
6.
Ataları xəbərdar edilmədiyinə görə qəflət içində olan bir qövmü xəbərdar edəsən deyə nazil edilmişdir.
7.
Həqiqətən, onların əksəriyyəti barəsində söz (əzab hökmü) vacib olmuşdur. Çünki onlar iman etməzlər.
8.
Biz onların boyunlarına çənələrinə dirənən zəncirlər vurduq. Buna görə də başları yuxarı qalxmışdır.
9.
Önlərinə bir sədd, arxalarına da bir sədd çəkib onları bağlamışıq. Buna görə də onlar (haqqı) görə bilməzlər.
10.
Sən onları xəbərdar etsən də, etməsən də onlar üçün birdir. Onlar iman etməzlər.
11.
Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhman olan Allahdan qorxan kimsəni xəbərdar edə bilərsən. Buna görə də onu bağışlanma və gözəl bir mükafatla müjdələ!
12.
Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq.
13.
Sən onlara şəhər xalqını misal çək! Bir vaxtlar ora elçilər gəlmişdi.
14.
O zaman Biz onlara iki elçi göndərmişdik. Ancaq onlar ikisini də təkzib etmişdilər. Biz də onları üçüncü bir elçi ilə dəstəkləmişdik. Onlar: “Həqiqətən, biz (Allah tərəfindən) sizə göndərilən elçilərik!” - dedilər.
15.
(Şəhərin əhalisi:) “Siz də bizim kimi insanlarsınız. Rəhman olan Allah heç bir şey nazil etməmişdir. Siz yalan danışırsınız!” - dedilər.
16.
Onlar dedilər: “Rəbbimiz bilir ki, biz həqiqətən, sizə göndərilmiş elçilərik.
17.
Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.
18.
Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik və bizdən sizə acı bir əzab toxunacaq”, - dedilər.
19.
Elçilər dedilər: “Sizin uğursuzluğunuz özünüzdəndir. Əgər sizə öyüd-nəsihət verilirsə (bu uğursuzluqdurmu)? Xeyr! Siz həddi aşan bir qövmsünüz”.
20.
Şəhərin ən ucqar yerindən bir kişi qaçaraq gəlib belə dedi: “Ey qövmüm, bu elçilərə tabe olun!
21.
Sizdən heç bir əvəz istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun!”
22.
“Mən nəyə görə məni yaradana ibadət etməməliyəm?! Siz də Onun hüzuruna qaytarılacaqsınız.
23.
Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (bütlərin) şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
24.
(Əgər bütlərə sitayiş etsəm,) o zaman mən açıq-aşkar bir azğınlıq içində olaram.
25.
Şübhəsiz ki, mən sizin Rəbbinizə iman etdim. Mənə qulaq asın!”
26.
“Cənnətə daxil ol!” – deyildi. O da belə dedi: “Kaş qövmüm biləydi ki,
27.
Rəbbim məni bağışladı və məni möhtərəm kimsələrdən etdi”.
28.
Ondan sonra qövmünün üstünə göydən heç bir ordu göndərmədik və göndərəsi də deyildik.
29.
(Onları məhv edən,) qorxunc səsdən başqa bir şey deyildi. Onlar birdən-birə sönüb getdilər.
30.
Özlərinə bir elçi gəldikdə onu ələ salan insanların vay halına!
31.
Onlardan əvvəl neçə-neçə millətləri məhv etdiyimizi və bir daha onların yanına qayıda bilmədiklərini görmədilərmi?
32.
Əlbəttə, hamısı birlikdə Bizim hüzurumuza gətiriləcəklər.
33.
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir və oradan dənələr çıxardırıq, onlar da bunlardan yeyirlər.
34.
Biz orada xurma və üzüm bağları yaratdıq və bulaqlar qaynatdıq ki,
35.
Onun meyvələrindən və əlləri ilə emal etdiklərindən yesinlər. Hələ də şükür etməzlərmi?
36.
Torpağın bitirdiklərindən, (insanların) özlərindən və bilmədikləri başqa şeylərdən bütün cütləri yaradan Allah pak və müqəddəsdir!
37.
Gecə də onlar üçün (Allahın qüdrətini göstərən) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardarıq və bu zaman onlar qaranlıqda qalarlar.
38.
Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.
39.
Ay üçün də mərhələlər təyin etdik. Nəhayət, o, xurma ağacının qurumuş əyri budağına bənzər bir hala (hilal şəklinə) düşər.
40.
Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri öz orbitində üzər.
41.
Onların nəsillərini (ulu babalarını) yüklə dolu gəmiyə mindirməyimiz də onlar üçün bir dəlildir.
42.
Onlar üçün bunun kimi başqa minik vasitələri də yaratdıq.
43.
Əgər istəsəydik, onları suda boğardıq. O zaman nə onların köməyinə çatan olardı, nə də onlar xilas olunardılar.
44.
Ancaq tərəfimizdən bir mərhəmət olaraq və müəyyən bir vaxta qədər (dünyadan) faydalansınlar deyə (onları xilas etdik).
45.
Onlara: “Önünüzdəkindən (dünya əzabından) və arxanızdakından (axirət əzabından) qorxun! Ola bilsin ki, sizə mərhəmət olunar”, - deyildikdə (onlar üz çevirərlər).
46.
Onlara Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
47.
Onlara: “Allahın sizə verdiyi ruzidən infaq edin!” – deyildikdə inkar edənlər möminlərə: “Allahın istədiyi təqdirdə yedirdə biləcəyi kimsəni bizmi yedirdəcəyik? Siz tamamilə zəlalət içindəsiniz”, - dedilər.
48.
Onlar: “Əgər doğru söyləyirsinizsə, bu vəd olunan (qiyamət) nə zaman olacaq?” - deyirlər.
49.
Onlar bir-birləri ilə höcətləşdikləri bir vaxtda özlərini yaxalayacaq o qorxunc səsi gözləyirlər.
50.
O zaman onlar nə vəsiyyət edə biləcək, nə də ailələrinin yanına qayıda biləcəklər.
51.
Sur çalınan kimi onlar qalxıb sürətlə Rəbbinə tərəf gedəcəklər.
52.
Onlar belə deyəcəklər: “Vay halımıza! Yatıb-qaldığımız yerdən bizi kim oyatdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Elçilər də doğru deyirlərmiş”.
53.
O dəhşətli səs qopan kimi onların hamısı Bizim hüzurumuza gətiriləcəklər.
54.
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin qarşılığını alacaqsınız.
55.
Həqiqətən cənnətliklər bu gün nemətlər içində səfa sürərlər.
56.
Onlar və zövcəsi kölgəliklər altındakı taxtlara söykənib oturarlar.
57.
Orada onlar üçün meyvə və istədikləri hər şey mövcuddur.
58.
Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.
59.
(Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!”
60.
Ey Adəm övladları! Mən sizə: “Şeytana ibadət etməyin! O, sizin açıq-aşkar düşməninizdir”, - deyə əmr etmədimmi?!
61.
Mənə ibadət edin. Doğru yol budur!
62.
Həqiqətən, şeytan sizdən bir çox nəsilləri haqq yoldan azdırdı. Hələ də dərk etmirsinizmi?
63.
Bu, sizə vəd olunan cəhənnəmdir.
64.
Haqqı inkar etdiyinizə görə bu gün ora girin!
65.
Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları günahlar barəsində Bizimlə əlləri danışar, ayaqları da şahidlik edər.
66.
Əgər Biz istəsəydik, onların gözlərini tamamilə kor edərdik. Bu zaman onlar (doğru) yola çatmaq üçün bir-birləri ilə yarışardılar. Ancaq necə görə bilərdilər?!
67.
Əgər Biz istəsəydik, onları olduqları yerdə elə bir hala salardıq ki, nə irəli gedə bilər, nə də geri qayıda bilərdilər.
68.
Biz kimə uzun ömür versək, onu yaradılış etibarilə tərsinə çevirərik (qocaldıb zəif bir hala salarıq). Hələ də dərk etmirlərmi?
69.
Biz ona şeir öyrətməmişik, bu ona yaraşmaz da. Bu ancaq (Allah tərəfindən göndərilmiş) bir öyüd və açıq-aşkar Qurandır.
70.
Diri olanları xəbərdar etsin və inkar edənlər barəsindəki (əzab) sözü vacib olsun deyə (onu nazil etdik).
71.
Onlar üçün sahib olduqları heyvanları Öz qüdrətimizlə yaratdığımızı görmədilərmi?
72.
Bu heyvanları onların əmrinə verdik. Onlardan bəzilərinə minir, bəzilərini də yeyirlər.
73.
Bu heyvanlarda onlar üçün bir çox fayda və içəcək süd də vardır. Onlar hələ də şükür etmirlərmi?
74.
Onlar özlərinə yardım ediləcəyini umaraq Allahdan başqa ilahlar qəbul etdilər.
75.
(Bu bütlərin) onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir.
76.
(Ey elçi!) Onların sözləri səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, aşkar etdiklərini də bilirik.
77.
İnsan Bizim onu nütfədən yaratdığımızı görmədimi? Bir də baxırsan ki, o, (Rəbbinə qarşı) açıq-aydın bir düşmən kəsilib.
78.
O öz yaradılışını unudaraq Bizə qarşı bir misal çəkib: “Çürümüş sümükləri kim dirildəcək?!” - deyir.
79.
De ki: “Onları ilk dəfə yaradan dirildəcəkdir. O, hər cür yaratmağı yaxşı bilir”.
80.
Sizin üçün yaşıl ağacdan od əmələ gətirən Odur. Beləcə, siz onunla od qalayırsınız.
81.
Göyləri və yeri yaradan Allah onların bənzərini yaratmağa qadir deyilmi? Bəli, qadirdir! O, hər şeyi yaradandır, hər şeyi biləndir.
82.
O, bir şeyin olmasını istədiyi zaman ona yalnız: “Ol!” - deyə əmr edər. O da dərhal olar.
83.
Hər şeyə hökmran olan Allah pak və müqəddəsdir! Siz Ona qaytarılacaqsınız.