And olsun səf-səf düzülənlərə,
Və Zikri (Quranı) oxuyanlara!
Həqiqətən, sizin ilahınız təkdir!
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, məşriqlərin də Rəbbidir.
Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.
Və onu hər bir asi şeytandan qoruduq.
Onlar (mələklərə məxsus olan) ən ali məclisə qulaq asa bilməzlər və hər tərəfdən qovularlar.
(Oradan) qovulub atılarlar. Onlar üçün daimi bir əzab vardır.
Ancaq (mələklərin məclisindən bir söz dinləyib) çırpışdıran olarsa, dərhal alovlu bir ulduz onu təqib edər.
Onlardan soruş: “Onlarımı yaratmaq daha çətindir, yoxsa yaratdıqlarımızı (mələkləri, yeri və göyləri)?!” Həqiqətən, Biz onları (insanları) yapışqan bir palçıqdan yaratdıq.
Xeyr! Sən (Allahın qüdrətinə) təəccüblənirsən, onlar isə məsxərəyə qoyurlar.
Onlara öyüd verildikdə ibrət almazlar.
Onlar bir möcüzə gördüklərində onu məsxərəyə qoyarlar.
Və belə deyərlər: “Bu, yalnız açıq-aşkar bir sehrdir.
Biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?
Əvvəlki atalarımız da dirildiləcəklərmi?”
De: “Bəli, həm də siz zəlil olaraq dirildiləcəksiniz”.
O (diriltmə) qorxunc bir səs (ikinci dəfə surun üfürülməsi) ilə olacaqdır. Onlar dərhal (dirilib ətrafa) baxacaqlar.
Onlar: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” - deyəcəklər.
Bu, yalanladığınız (yaxşı ilə pisi) ayırd etmə günüdür.
(O gün mələklərə belə deyiləcək:) “Toplayın zalımları, onların yol yoldaşlarını və ibadət etdiklərini -
Allahdan başqa! Onlara cəhənnəmin yolunu göstərin!
Onları dayandırın! Çünki onlar sorğu-sual olunacaqlar”.
(Onlara belə deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə yardım etmirsiniz?”
Xeyr, onlar bu gün təslim olmuşlar.
Onlar bir-biri ilə mübahisə etməyə başlayarlar.
(Onların bir qismi digərlərinə) belə deyəcək: “Həqiqətən, siz bizə sağ tərəfdən gəlirdiniz (özünüzü haqlı göstərirdiniz)”.
Onlar da belə deyəcəklər: “Xeyr, siz onsuz da iman etməmişdiniz.
Sizin üzərinizdə bizim heç bir hökmranlığımız yox idi. Əksinə, siz özünüz azğın insanlar idiniz.
Buna görə də bizim barəmizdə Rəbbimizin sözü (əzabı) vacib oldu. Həqiqətən, biz onu dadacağıq.
Biz sizi haqq yoldan azdırdıq. Çünki özümüz də haqq yoldan azmışdıq”.
Şübhəsiz ki, o gün onlar əzaba şərik olacaqlar.
Həqiqətən, Biz günahkarlara belə edirik.
Onlara: “Allahdan başqa heç bir ilah yoxdur!” – deyiləndə onlar təkəbbürlənirdilər.
Və belə deyirdilər: “Bəyəm divanə bir şair üçün ilahlarımızı tərk edəcəyik?”
Xeyr! O, haqqı gətirdi və elçiləri təsdiq etdi.
Siz acı əzabı mütləq dadacaqsınız.
Siz yalnız etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.
Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadır.
Məhz onlar üçün müəyyən bir ruzi vardır –
Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər.
Onların ətrafında çeşmədən doldurulmuş qədəhlər dolandırılacaqdır.
O (qədəhlərdəki içki), ağappaqdır, içənlərə ləzzət verər.
O nə başağrısı verər, nə də onunla sərxoş olarlar.
Onların yanında baxışlarını yalnız ərlərinə dikmiş gözəl gözlü qadınlar vardır.
Onlar günəş görməmiş (ağappaq) yumurta kimidirlər.
Onlar (cənnət əhli) bir-biri ilə söhbətləşməyə başlayacaqlar.
Onlardan biri belə deyəcək: “Mənim bir yoldaşım vardı.
O belə deyirdi: “Sən, həqiqətən, (yenidən dirilməyə) inananlardansanmı?
Biz ölüb torpaq və sür-sümük olduqdan sonra (dirildilib) haqq-hesaba çəkiləcəyikmi?”
Sonra o belə deyəcək: “Siz (cəhənnəmdəki o yoldaşıma) boylanıb baxdınızmı?”
O özü (həmin yoldaşına) boylanıb baxacaq və onu cəhənnəmin ortasında görəcək.
O, (cəhənnəmdəki yoldaşına) belə deyəcək: “Allaha and olsun ki, sən az qala məni də məhv edəcəkdin.
Əgər Rəbbimin neməti olmasaydı, həqiqətən, mən də (cəhənnəmə) gətirilənlərdən olacaqdım”.
(Cənnət əhli belə deyəcək:) “Biz ölməyəcəyik elə deyilmi?
İlk (dünyadakı) ölümümüz istisna olmaqla! Əzaba da məruz qalmayacağıq”.
Həqiqətən, bu, böyük uğurdur!
(Dünyada) çalışanlar bunun kimisi üçün çalışsınlar!
Ziyafət olaraq bu yaxşıdır, yoxsa zəqqum ağacı?
Həqiqətən, Biz onu (zəqqum ağacını) zalımlar üçün bir imtahan etdik.
Həqiqətən, o, cəhənnəmin dibində bitən bir ağacdır.
Onun tumurcuqları şeytanların başlarına bənzəyir.
Onlar mütləq ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.
Sonra onun üstündən onlar üçün qaynar su qarışdırılmış bir içki vardır.
Sonra onların qayıdacaqları yer, əlbəttə, cəhənnəmdir.
Onlar (dünya həyatında) atalarını azğınlıq içində gördülər.
Buna görə də onlar yüyürə-yüyürə atalarının izindən getdilər.
Şübhəsiz, onlardan əvvəlkilərin (qədim millətlərin) çoxu azğınlığa düşmüşdü.
Biz onlara da xəbərdar edən elçilər göndərmişdik.
Xəbərdar edilənlərin aqibətinin necə olduğuna bir bax!
Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadır.
Nuh Bizə yalvarmış, Biz də onun duasını gözəl bir şəkildə qəbul etmişdik.
Onu və ailəsini böyük fəlakətdən xilas etmişdik.
Yalnız onun nəslini davam etdirdik.
Onun şan-şərəfini sonrakı nəsillər arasında da saxladıq.
Aləmlər içində Nuha salam olsun!
Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
O, həqiqətən, Bizim mömin bəndələrimizdən idi.
Sonra digərlərini (iman etməyənləri) suda boğduq.
Şübhəsiz, İbrahim də onun davamçılarından idi.
Bir zaman o, Rəbbinin hüzuruna təmiz bir qəlblə gəlmişdi.
O, atasına və qövmünə belə demişdi: “Siz nəyə ibadət edirsiniz?
Allahdan başqa uydurma ilahlarmı istəyirsiniz?!
Aləmlərin Rəbbi barəsində fikriniz nədir?”
Bu vaxt İbrahim ulduzlara nəzər etdi.
Sonra da: “Mən xəstəyəm!” - dedi.
Buna görə də onlar İbrahimdən üz çevirib getdilər.
(İbrahim də) xəlvətcə onların ilahlarının (bütlərinin) yanına gedib belə dedi: “Yemirsiniz?
Sonra bütlərin yanına gəlib sağ əli ilə onları qırıb tökdü.
(Bütpərəstlər) qaçaraq onun yanına gəldilər.
İbrahim belə dedi: “Yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
Onlar: “Onun üçün bir bina tikin və onu (oradakı) odun içinə atın!” - dedilər.
(Bütpərəstlər) ona hiylə qurmaq istədilər, lakin Biz onları ən səfil kimsələrə çevirdik.
İbrahim dedi: “Şübhəsiz ki, mən Rəbbimə gedirəm. O mənə doğru yolu göstərəcəkdir.
Ey Rəbbim, mənə salehlərdən olan bir övlad ver!”
Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et!”, - dedi.
Hər ikisi təslim olduğu və İbrahim (heyvanı) üzüstə yatırdığı zaman
Biz ona belə səsləndik: “Ey İbrahim!
Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”.
Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır.
Biz (balaca qurbanlığın) əvəzinə ona daha böyük bir qurbanlıq verdik.
Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Həqiqətən, o, mömin bəndələrimizdəndir.
Onu salehlərdən bir elçi olan İshaq ilə də müjdələdik.
Ona və İshaqa bərəkət verdik. Onların nəslindən yaxşı əməl sahibi də, açıq-aşkar özünə zülm edən də var.
Şübhəsiz, Biz Musaya və Haruna da nemət verdik.
Onların hər ikisini və qövmlərini böyük fəlakətdən xilas etdik.
Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
Hər ikisinə açıq-aydın başa düşülən kitabı verdik.
Biz onların hər ikisini doğru yola yönəltdik.
Onların hər ikisinin şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
Musaya və Haruna salam olsun!
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Şübhəsiz, onların hər ikisi Bizim mömin bəndələrimizdəndir.
Həqiqətən, İlyas da elçilərdəndir.
Bir zaman o öz qövmünə belə demişdi: “Allahdan qorxmursunuzmu?
Siz Bəl bütünə ibadət edirsiniz və gözəl yaradanı (Allahı) tərk edirsiniz?
Sizin və əvvəlki atalarınızın Rəbbi olan Allahı qoyub (bu bütəmi sitayiş edirsiniz)?”
Ancaq onlar onu yalanladılar. Buna görə də onlar hökmən (cəhənnəmə) gətiriləcəklər.
Yalnız Allahın ixlaslı bəndələri bundan istisnadır.
Onun şan-şərəfini sonrakı nəsillər arasında saxladıq.
Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdəndir.
Həqiqətən, Lut da elçilərdəndir.
Bir zamanlar onu və bütün ailəsini xilas etmişdik.
Ancaq geridə qalanlar arasındakı yaşlı qadın (Lutun zövcəsi) bundan istisnadır.
Sonra da digərlərini məhv etdik.
Siz səhər onların yanından keçib gedirsiniz,
Axşam da. Hələ də dərk etmirsinizmi?
Şübhəsiz, Yunis də elçilərdəndir.
Bir zaman o, yüklü bir gəmiyə minib qaçmışdı.
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu.
O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.
Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı,
Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı.
Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq.
Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik.
Biz onu yüz min və daha çox kimsəyə elçi göndərdik.
Nəhayət, onlar iman etdilər. Buna görə də Biz onları müəyyən vaxta qədər yaşatdıq.
Onlardan: “Qızlar Rəbbinin, oğlanlar isə onlarındır, eləmi?” – deyə soruş.
Yoxsa mələkləri dişi yaratmışıq və onlar da bunun şahidi olublar?!
Bilin ki, onlar yalandan belə deyirlər:
“Allahın övladı var”. Şübhəsiz ki, onlar yalançıdırlar.
Məgər Allah oğlanları qoyub qızları seçmişdir?
Sizə nə olub? Bu qərara necə gəlirsiniz?
Yoxsa sizin (buna dair) açıq bir dəlilinizmi var?
Əgər doğru söyləyirsinizsə, kitabınızı gətirin!
(Müşriklər) Allahla cinlər arasında qohumluq əlaqəsi olduğunu uydurdular. Şübhəsiz ki, cinlər də özlərinin (haqq-hesab yerinə) gətiriləcəklərini bilirlər.
Allah onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!
Ancaq Allahın ixlaslı bəndələri bundan istisnadırlar.
(Ey Kafırlər!) Həqiqətən, siz və ibadət etdikləriniz,
Heç kimi Allahın yolundan azdıra bilməzsiniz,
Cəhənnəmə girəcək kimsədən başqa!
(Mələklər belə deyərlər:) “Bizim hər birimizin müəyyən bir məqamı vardır.
Şübhəsiz ki, biz səf-səf düzülürük.
(İnkar edənlər) deyirdilər:
“Əgər əvvəlkilərin kitablarından biri bizdə olsaydı,
Həqiqətən, biz Allahın ixlaslı bəndələri olardıq”.
Ancaq onu (Quranı) inkar etdilər. Onlar yaxın bir vaxtda biləcəklər.
Həqiqətən, elçi olan bəndələrimizdə söz vermişik ki,
Onlara mütləq yardım olunacaqdır.
Şübhəsiz ki, Bizim əsgərlərimiz qalib gələcəklər.
Buna görə də sən bir müddət onlardan (müşriklərdən) üz çevir.
Onlara bax! Onlar (əzabı) görəcəklər.
Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
O əzab onların yurduna endiyi zaman xəbərdar edilənlərin səhəri necə də pis olacaq!
Sən bir müddət onlardan üz çevir.
Sən (onlara) bax! Onlar (əzabı) görəcəklər.
Yenilməz qüvvət sahibi olan Rəbbin onların isnad etdikləri sifətlərdən tamamilə uzaqdır, pakdır!
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!