🏠
×
Sad surəsi
Sad surəsi
1.
Sad! Öyüd verən Qurana and olsun!
2.
(İddia etdiklərinin) əksinə, inkar edənlər qürur və təfriqə içindədirlər.
3.
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad etdilər, lakin artıq xilas olma vaxtı deyildi.
4.
Onlar öz içlərindən xəbərdar edən bir elçinin gəlməsinə təəccüb etdilər və inkar edənlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır.
5.
O, bütün ilahları bir ilahlamı əvəz etdi? Bu, həqiqətən, qəribə bir şeydir”.
6.
Onların başçıları çıxıb gedərək: “Gedin öz ilahlarınıza bağlı qalın! Şübhəsiz ki, istənilən şey budur.
7.
Biz bunu sonuncu dində də eşitməmişik. Bu ancaq bir uydurmadır.
8.
Quran aramızdan məhz onamı (Məhəmmədəmi) nazil oldu?” Xeyr! Onlar nazil etdiyim Quran barədə şübhə içindədirlər. Xeyr! Onlar hələ əzabımı dadmayıblar.
9.
Yoxsa qüdrətli və kərəm sahibi Rəbbinin rəhmət xəzinələri onların yanındadırmı?
10.
Yaxud göylərin, yerin və onların arasındakıların hakimiyyəti onlardadırmı? Elə isə, müxtəlif yollarla göyə qalxsınlar görək.
11.
Onlar fərqli dəstələrdən ibarət məğlubiyyətə uğrayacaq zəif bir ordudur.
12.
Onlardan əvvəl Nuh qövmü, Ad qövmü və dirəklər sahibi Firon da (elçiləri) yalanlamışdı.
13.
Səmud qövmü, Lut qövmü və Eykə əhli.
14.
Onların hamısı elçiləri yalanladılar. Buna görə də Mənim əzabım (onlara) vacib oldu.
15.
Bunlar yalnız bir an belə gecikməyəcək o qorxunc səsi gözləyirlər.
16.
Onlar (istehza edərək): “Ey Rəbbimiz, bizim payımızı haqq-hesab günündən əvvəl tezliklə ver!” - dedilər.
17.
(Ey elçi!) Onların söylədiklərinə səbir et və güclü bəndəmiz Davudu xatırla! Həqiqətən, o, daim Allaha yönəlirdi.
18.
Biz dağları onun xidmətinə vermişdik. Onlar səhər-axşam onunla birlikdə Allahı təsbeh edirdilər.
19.
Quşları da bütövlüklə ona ram etmişdik. Onların hamısı Allaha yönəlirdilər.
20.
Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik.
21.
(Ey elçi!) İddiaçıların xəbəri sənə gəldimi? O zaman onlar divardan aşıb məbədə girmişdilər.
22.
Davudun yanına daxil olduqları zaman Davud onlardan qorxmuşdu. Onlar belə dedilər: “Qorxma! Biz aramızda mübahisə olan iki iddiaçıyıq. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə doğru yolu göstər!
23.
(Onlardan biri belə dedi:) “Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var. Mənim isə bir qoyunum var. Buna baxmayaraq o: “Onu da mənə ver!” – dedi və danışıq qabiliyyəti ilə məni məğlub etdi”.
24.
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
25.
Biz də bunu ona bağışladıq. Həqiqətən, onun üçün dərgahımızda uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
26.
Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Ona görə də insanlar arasında ədalətlə hökm ver! Nəfsin arzularına uyma, yoxsa səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allahın yolundan azanlar üçün hesab gününü unutduqlarına görə şiddətli bir əzab vardır.
27.
Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmamışıq. Bu, inkar edənlərin zənnidir. Vay o inkar edənlərin cəhənnəmdəki halına!
28.
Yoxsa iman edib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə bir tutacağıq?! Yaxud müttəqiləri günahkarlarla bir tutacağıq?!
29.
Sənə bu mübarək Kitabı, təmiz ağıl sahibləri ondakı ayələri düşünsün və öyüd alsınlar deyə nazil etdik.
30.
Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
31.
Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi.
32.
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
33.
(Sonra Süleyman dedi:) “Onları təkrar mənə gətirin!” O, atların ayaqlarını və boyunlarını sığallamağa başladı.
34.
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı.
35.
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
36.
Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi.
37.
Bənna və dalğıc olan bütün şeytanları da onun ixtiyarına verdik.
38.
Başqalarını da zəncirlərlə bağlanmış halda onun xidmətinə verdik.
39.
(Biz ona dedik:) “Bu Bizim hədiyyəmizdir. Bunlardan (başqalarına) versən də, verməsən də haqq-hesabı yoxdur”.
40.
Həqiqətən, dərgahımızda onun üçün uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
41.
Bəndəmiz Əyyubu da yad et! Bir zaman o: “Şeytan mənə zərər və əziyyət verdi!” - deyə Rəbbinə səslənmişdi.
42.
“Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”.
43.
Bizdən bir mərhəmət və təmiz ağıl sahibləri üçün bir ibrət olsun deyə ona həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini verdik.
44.
“Əlinə bir dəstə çubuq götür və (zövcəni) onunla vur. Andını da pozma!” Biz onu səbir edən gördük. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
45.
(Ey elçi!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et!
46.
Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.
47.
Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər.
48.
İsmaili, əl-Yəsəni və Zül-Kifli də yad et! Onların hamısı ən xeyirli kimsələrdəndirlər.
49.
Bu bir öyüddür. Şübhəsiz ki, müttəqilər üçün gözəl bir qayıdış yeri vardır.
50.
Ora qapıları onlar üçün açılmış Ədn cənnətləridir.
51.
Onlar orada taxtlara söykənib oturacaq, bir çox meyvələrdən və içkilərdən istəyəcəklər.
52.
Onların yanında gözlərini onlara dikmiş həmyaşıd zövcə olacaq.
53.
Bu, haqq-hesab günü üçün sizə vəd olunandır.
54.
Bu, əlbəttə, Bizim verdiyimiz ruzidir. O, bitməz-tükənməzdir.
55.
Budur! Şübhəsiz, azğın kimsələr üçün də pis bir qayıdış yeri vardır.
56.
Onlar cəhənnəmə girəcəklər. O necə də pis bir yataqdır!
57.
Budur, qaynar su və irin! Qoy onu dadsınlar!
58.
Buna bənzər başqa əzab növləri də vardır.
59.
(İnkar edənlərin başçılarına belə deyiləcək:) “Bu, sizinlə birlikdə (cəhənnəmə) girəsi dəstədir”. (Bu zaman başçılar dəyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! Onlar cəhənnəmə girəcəklər”.
60.
(Onlara tabe olanlar isə:) “Xeyr, siz rahatlıq üzü görməyin! Onu bizə siz gətirdiniz. O nə pis bir yerdir!” - deyəcəklər.
61.
Onlar: “Ey Rəbbimiz, bunu bizə gətirənin əzabını cəhənnəmdə ikiqat artır!” - deyəcəklər.
62.
Onlar belə deyəcəklər: “(Dünyada ikən) pis kimsələrdən hesab etdiyimiz adamları nə üçün görmürük?
63.
Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlərmi?”
64.
Həqiqətən, cəhənnəm əhlinin bir-biri ilə olan bu çəkişməsi gerçəkdir.
65.
(Ey elçi!) De: “Mən ancaq xəbərdar edən bir elçiyəm. Tək olan və hər şeyə qalib gələn Allahdan başqa heç bir ilah yoxdur!
66.
O, göylərin, yerin və onların arasındakıların Rəbbidir. O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.
67.
De: “O, böyük xəbərdir.
68.
Ancaq siz ondan üz çevirirsiniz.
69.
Onlar (orada) mübahisə edərkən uca məclisdən (mələklər məclisindən) mənim heç bir məlumatım yox idi.
70.
Mən ancaq açıq-aydın xəbərdar edən bir elçi olduğum üçün mənə vəhy olunur”.
71.
Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.
72.
Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”
73.
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər.
74.
İblisdən başqa! O təkəbbürləndi və inkar edənlərdən oldu.
75.
Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?”
76.
İblis: “Mən ondan daha üstünəm. Məni oddan, onu isə palçıqdan yaratmısan!” - dedi.
77.
Allah buyurdu: “Elə isə çıx oradan! Çünki sən qovulmuşsan.
78.
Şübhəsiz, qiyamət gününə qədər Mənim lənətim sənədir!”
79.
İblis: “Ey Rəbbim! Elə isə təkrar diriləcəkləri günə qədər mənə möhlət ver!” - dedi.
80.
Allah buyurdu: “Şübhəsiz, sən möhlət verilənlərdənsən -
81.
Vaxtı bilinən günə (qiyamətə) qədər”.
82.
İblis dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını mütləq (haqq yoldan) azdıracağam.
83.
Ancaq onlardan ixlaslı olanlar bundan istisnadır.
84.
Allah buyurdu: “Bu haqdır və Mən yalnız haqqı deyirəm.
85.
Şübhəsiz ki, cəhənnəmi sən və sənə uyanların hamısı ilə dolduracağam!”
86.
(Ey elçi!) De: “Bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən, (Quranı) özümdən uydurmamışam.
87.
Bu (Quran), aləmlər üçün ancaq bir öyüddür!
88.
Siz onun verdiyi xəbəri (doğru olduğunu) bir müddət sonra mütləq biləcəksiniz”.