🏠
×
Fussilət surəsi
Fussilət surəsi
1.
Ha, Mim!
2.
(Bu Quran) Rəhman və Rəhim olan Allah tərəfindən nazil edilmişdir.
3.
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır.
4.
O, müjdə verən və xəbərdar edən bir kitabdır. Ancaq onların çoxu qulaq asmayıb üz döndərdilər.
5.
Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə də sən öz işini gör, biz də öz işimizi görəcəyik”, - dedilər.
6.
De ki: “Mən də sizin kimi bir insanam. Mənə sizin ilahınızın tək olan Allah olduğu vəhy olunur. Elə isə Ona yönəlin və Ondan məğfirət diləyin! Müşriklərin vay halına!”
7.
Onlar zəkat verməz və axirəti inkar edərlər.
8.
Şübhəsiz ki, iman edib yaxşı işlər görənlər üçün bitməz-tükənməz bir mükafat vardır.
9.
De: “Siz yer üzünü iki gündə yaradanı inkar edib Ona şəriklər qoşursunuz?! O, aləmlərin Rəbbidir.
10.
O, yerin üstündə möhkəm dağlar yaratdı. Oranı bərəkətləndirdi və orada istəyənlər üçün ruzilərini tam dörd gündə müəyyən etdi.
11.
Sonra duman halında olan səmaya yönəldi. Ona və yerə: “Könüllü ya da könülsüz olaraq gəlin!” - dedi. Onlar: “Könüllü olaraq gəldik!” – dedilər.
12.
Beləliklə, Allah onları iki gündə yeddi göy olaraq yaratdı və hər bir göyə öz vəzifəsini vəhy etdi. Ən yaxın göyü də qəndillərlə bəzədik və qoruduq. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmüdür.
13.
Əgər onlar üz döndərsələr, de ki: “Mən sizə Ad və Səmud qövmlərini vuran ildırım kimi bir ildırım barədə xəbərdarlıq edirəm”.
14.
Çünki elçilər onların yanına gəlib önlərindən və arxalarından (hər zaman və hər yerdə): “Allahdan başqasına ibadət etməyin!” - dedilər. Onlar isə: “Əgər Rəbbimiz istəsəydi, mələkləri endirərdi. Ona görə də biz sizinlə göndərilənləri inkar edirik!” - dedilər.
15.
Ad qövmü yer üzündə haqsız yerə təkəbbürləndi və onlar: “Bizdən daha güclü kim var?” - dedilər. Onları yaradan Allahın özlərindən daha güclü olduğunu görmədilərmi? Onlar Bizim ayələrimizi inkar edirdilər.
16.
Buna görə də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməz.
17.
Səmud qövmünə də haqq yolu göstərdik. Ancaq onlar korluğu (küfr yolunu) haqq yoldan üstün tutdular. Beləcə, qazandıqları günahlar səbəbilə alçaldıcı ildırım əzabı onları yaxaladı.
18.
İman edib Allahdan qorxanları isə xilas etdik.
19.
O gün Allahın düşmənləri cəhənnəmə sürüklənmək üzrə toplanılacaqlar.
20.
Nəhayət, ora gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.
21.
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” - deyəcəklər. Dəriləri də: “Hər şeyi danışdıran Allah bizi də danışdırdı. İlk dəfə sizi O yaratdı və Ona qaytarılırsınız”, - deyə cavab verəcəklər.
22.
Halbuki siz nə qulaqlarınızın, nə gözlərinizin, nə də dərilərinizin sizin əleyhinizə şahidlik edəcəyindən çəkinmirdiniz. Əksinə, Allahın sizin əməllərinizin çoxundan bixəbər olduğunu zənn edirdiniz.
23.
Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və buna görə də ziyana uğrayanlardan oldunuz.
24.
Onlar dözə bilsələr də, bilməsələr də onların yeri cəhənnəmdir. Onlar (təkrar dünyaya qayıdıb Allahı) razı salmaq istəsələr də, onlar razı salınmayacaqlar.
25.
Biz onlara müəyyən dostlar caladıq, onlar da önlərində və arxalarında nə varsa, hamısını bunlara gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlər və insanlardan olan ümmətlər barəsindəki söz (əzab) onlara da vacib oldu. Həqiqətən, onlar ziyana düşdülər.
26.
İnkar edənlər: “Bu Quranı dinləməyin! O oxunarkən səs-küy salın ki, bəlkə səsinizlə onu üstələyəsiniz”, - dedilər.
27.
İnkar edənlərə, əlbəttə, şiddətli bir əzab daddıracağıq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq.
28.
Ayələrimizi inkar etmələrinə görə Allahın düşmənlərinin cəzası bu cəhənnəmdir. Ora onların əbədi yurdudur.
29.
İnkar edənlər: “Ey Rəbbimiz! Bizi haqq yoldan azdıran cinləri və insanları bizə göstər ki, onları ayaqlarımızın altına salıb cəhənnəmin dibinə göndərək”, - dedilər.
30.
“Rəbbimiz Allahdır!” – deyib sonra doğru yolda gedənlərin üzərinə mələklər nazil olar və onlara belə deyərlər: “Qorxmayın, kədərlənməyin! Sizə vəd olunan cənnətlə sevinin!
31.
Biz həm dünyada, həm də axirətdə sizin dostlarınızıq. Orada sizin üçün ürəyinizin istədiyi hər şey vardır. İstədiyiniz hər şey orada hazırlanmışdır,
32.
Bağışlayan və rəhmli Allah tərəfindən sizin üçün bir ziyafət olaraq!”
33.
Allaha dəvət edən, saleh əməl işləyən və: “Mən müsəlmanlardanam!” - deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!
34.
Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar.
35.
Bu (xüsusiyyət) yalnız səbir edənlərə və yalnız (xeyirdən) böyük nəsibi olanlara verilər.
36.
Əgər sənə şeytandan bir vəsvəsə gələrsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
37.
Gecə, gündüz, günəş və ay Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Əgər yalnız Ona (Allaha) ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!
38.
Əgər onlar təkəbbürlənsələr, (bilsinlər ki,) Rəbbinin yanındakılar (mələklər) usanmadan gecə-gündüz Onu təsbeh edirlər.
39.
Sənin yer üzünü qupquru görməyin də Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Biz ora yağış yağdırdığımız zaman yer hərəkətə gəlib qabarar. Onu dirildən, əlbəttə, ölüləri də dirildər. Şübhəsiz ki, O, hər şeyə qadirdir.
40.
Ayələrimiz barəsində əyri yolu tutanlar, əlbəttə, Bizdən gizli qalmazlar. Cəhənnəmə atılan daha yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıqda olan?! Siz istədiyinizi edin. Həqiqətən, Allah sizin etdiklərinizi görür.
41.
Şübhəsiz ki, özlərinə Quran gəldikdən sonra onu yalanlayanları cəzalandıracağıq. Həqiqətən, o, uca bir kitabdır.
42.
Önündən də, arxasından da ona batil qarışa bilməz. O, hikmət sahibi və şükrə layiq olan Allah tərəfindən nazil edilmişdir.
43.
(Ey elçi!) Sənə deyilənlər səndən əvvəlki elçilərə deyilənlərdən başqa bir şey deyildir. Şübhəsiz ki, sənin Rəbbin həm bağışlayandır, həm də şiddətli cəzalandırandır.
44.
Əgər onu yad bir dildə Quran etsəydik, əlbəttə, onlar: “Onun ayələri izah olunmalı deyildimi? (Quran) yad dildə, (elçi) isə ərəb olarmı?” - deyəcəkdilər. De ki: “O, iman edənlər üçün doğru yol rəhbəri və şəfadır. İman etməyənlərə gəldikdə, onların qulaqlarında ağırlıq (karlıq) vardır və o (Quranı anlamaq) onlara qapalıdır. (Sanki) onlara uzaqdan səslənilir (və onlar heç bir şey başa düşmürlər).
45.
Biz Musaya da kitab vermişdik. Ancaq onun barəsində ixtilafa düşdülər. Əgər daha öncə sənin Rəbbin tərəfindən (əzabın təxirə salınması barəsində) verilmiş bir söz olmasaydı, əlbəttə, onların arasında hökm verilmiş olardı. Həqiqətən, onlar o (Quran) barəsində dərin bir şübhə içindədirlər.
46.
Kim yaxşı bir iş görərsə, öz lehinə, kim də pis bir iş görərsə, öz əleyhinə olar. Sənin Rəbbin bəndələrinə zülm edən deyildir.
47.
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər.
48.
Daha əvvəl dua etdikləri (bütlər) onlardan uzaqlaşıb yoxa çıxacaq və onlar özləri üçün qaçacaq bir yer olmadığını dərk edəcəklər.
49.
İnsan xeyir istəməkdən bezməz. Ancaq ona bir pislik toxunarsa, o, dərhal məyus olub ümidsizliyə düşər.
50.
Əgər başına gələn müsibətdən sonra tərəfimizdən ona bir mərhəmət bəxş etsək, o: “Bu mənim haqqımdır, qiyamətin qopacağını da zənn etmirəm. Rəbbimin hüzuruna qaytarılsam belə, əlbəttə, Onun yanında mənim üçün ən gözəl nemətlər vardır”, - deyəcəkdir. Həqiqətən, Biz inkar edənlərə etdikləri əməlləri xəbər verəcəyik və onlara çətin bir əzabı daddıracağıq.
51.
Biz insana nemət verdiyimiz zaman o (Bizdən) üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduqda yalvarıb-yaxarar.
52.
De: “Deyin görək, əgər (Quran) Allah dərgahından olub siz də onu inkar etmisinizsə, (haqdan) uzaq bir ayrılıq içində olandan daha çox azmış kim ola bilər?!
53.
Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?
54.
Bilin ki, onlar Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, (elmi ilə) hər şeyi əhatə edir.