🏠
×
Şura surəsi
Şura surəsi
1.
Ha, Mim!
2.
Eyn, Sin, Qaf!
3.
Qüdrətli və hikmət sahibi olan Allah sənə və səndən əvvəlkilərə belə vəhy edir.
4.
Göylərdə və yerdə nə varsa, hamısı Onundur. O, ucadır, böyükdür!
5.
Göylər (Allahın əzəmətindən) az qala üst tərəfindən çatlayacaqdı. Mələklər də həmd ilə Rəbbini təsbeh edir və yerdəkilərin bağışlanmasını diləyirlər. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.
6.
Allahdan başqasını özlərinə dost tutanları O, daim izləyir. Sən onların vəkili deyilsən.
7.
Beləcə, şəhərlərin anası (böyük şəhər) və onun ətrafındakıları xəbərdar edəsən və haqqında heç bir şübhə olmayan toplanış günü ilə (onları) qorxudasan deyə sənə ərəbcə bir Quran vəhy etdik. İnsanların bir qismi cənnətdə, bir qismi isə cəhənnəmdə olacaqdır.
8.
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə nə bir dostu, nə də bir köməkçisi olacaq.
9.
Yoxsa onlar özlərinə Allahdan başqalarınımı himayədar götürdülər?! Halbuki əsil himayədar Allahdır. Ölüləri də O dirildir. O, hər şeyə qadirdir.
10.
İxtilafa düşdüyünüz hər bir şeyin hökmü Allaha məxsusdur. (De:) “Mənim Rəbbim məhz bu Allahdır! Mən Ona təvəkkül edir və Ona yönəlirəm”.
11.
O, göyləri və yeri yoxdan yaradandır. O, sizin üçün özünüzdən zövcə, heyvanlardan da (erkək və dişi olmaqla) ciftlər yaratmışdır. O sizi belə çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, görəndir.
12.
Göylərin və yerin (xəzinələrinin) açarları Ondadır. O, istədiyi kimsənin ruzisini bol, istədiyinin ruzisini də az verər. O, hər şeyi biləndir.
13.
Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər.
14.
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.
15.
Ona görə də sən (haqqa) dəvət et və əmr olunduğun kimi doğru yolda ol! Onların nəfsinin arzularına uyma və de ki: “Mən Allahın nazil etdiyi kitaba iman etmişəm. Mənə sizin aranızda ədalətlə hökm verməyim əmr olunmuşdur. Allah bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə məxsusdur. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah bizi (aramızda hökm vermək üçün) bir yerə toplayacaqdır. Axır dönüş Onadır”.
16.
Allahın dəvəti qəbul edildikdən sonra Onun barəsində mübahisə edənlərin dəlilləri Rəbbi yanında batildir. Onlar üçün (dünyada) qəzəb və (axirətdə) şiddətli bir əzab vardır.
17.
Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də qiyamət vaxtı yaxındır.
18.
Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxur və onun haqq olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
19.
Allah bəndələrinə qarşı çox lütfkardır. O, istədiyinə ruzi verər. O, yenilməz qüvvət sahibidir, qüdrətlidir.
20.
Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır.
21.
Yoxsa onların, Allahın izin vermədiyi şeyləri onlar üçün dini hökmlər olaraq təyin edən şəriklərimi var?! Əgər (əzabın təxirə salınmasına dair) qəti hökm olmasaydı, şübhəsiz ki, onların arasında qərar verilərdi. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
22.
Qazandıqları günahların cəzası zalımlara tətbiq olunarkən onların qorxudan titrədiklərini görərsən. İman edib yaxşı işlər görənlər isə cənnət bağlarında olacaqlar. Rəbbi yanında onlar üçün istədikləri hər şey vardır. Əsil böyük lütf budur.
23.
Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
24.
Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu”, - deyirlər? Əgər Allah istəsə, sənin qəlbini möhürləyər, batili yox edər və haqqı Öz sözləri ilə gerçəkləşdirər. Şübhəsiz ki, O, qəlbdə olanları bilir.
25.
O, bəndələrinin tövbəsini qəbul edən, günahları bağışlayan və etdiklərinizi biləndir.
26.
O, iman edib yaxşı işlər görənlərin duasını qəbul edər və lütfündən onlara daha çox verər. İnkar edənlər üçün isə şiddətli bir əzab vardır.
27.
Əgər Allah bəndələrinə ruzini bol-bol versəydi, onlar yer üzündə azğınlaşardılar. Lakin O, (ruzini) istədiyi qədər ölçü ilə endirir. Həqiqətən, O, bəndələrindən xəbərdardır, hər şeyi görəndir.
28.
Onlar ümidsizliyə düşdükdən sonra yağışı endirən və Öz rəhmətini (yer üzünə) yayan da Odur. O, həqiqi dostdur, hər cür tərifə layiqdir.
29.
Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir.
30.
Başınıza gələn hər hansı bir müsibət öz əllərinizlə qazandıqlarınız (günahlar) səbəbilədir. Allah (günahların) çoxunu əfv edər.
31.
Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır.
32.
Dənizdə üzən dağ kimi gəmilər də Onun (varlığının və qüdrətinin) dəlillərindəndir.
33.
Əgər Allah istəsə, küləyi dayandırar və beləcə, gəmilər dənizdə dayanıb qalar. Çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır.
34.
Yaxud Allah qazandıqları (günahlar) səbəbilə onları məhv edər, bir çoxunu da bağışlayar.
35.
Ayələrimiz haqqında mübahisə edənlər bilsinlər ki, onlar üçün heç bir qaçış yeri yoxdur.
36.
Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman edib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.
37.
Bunlar o kəslərdir ki, böyük günahlardan və çirkin işlərdən uzaq durar və qəzəbləndikləri zaman (insanların xətalarını) əfv edərlər.
38.
Onlar Rəbbinin dəvətini qəbul edər, namazı qılar, öz aralarındakı işlərdə məşvərət edər və onlara verdiyimiz ruzidən infaq edərlər.
39.
Onlar zülmə məruz qaldıqları zaman (haqsızlığa yol vermədən) qisas alarlar.
40.
Pisliyin cəzası misli ilə pislik etməkdir. Ancaq kim (pislik edəni) bağışlayar və barışarsa, onun mükafatı Allaha məxsusdur. Şübhəsiz ki, O, zalımları sevməz.
41.
Kim zülmə məruz qaldıqdan sonra qisas alarsa, artıq onlar cəzalandırılmazlar.
42.
Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır.
43.
Heç şübhəsiz, kim səbir edər və bağışlayarsa, həqiqətən, bu məqsədəuyğun işlərdəndir.
44.
Allah kimi haqq yoldan azdırarsa, bundan sonra onun heç bir himayədarı olmaz. Əzabı gördükləri zaman zalımların: “Geri dönmək üçün bir yol varmı?” – dediklərini görərsən.
45.
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən. İman edənlər isə: “Həqiqətən, ziyana düşənlər qiyamət günü özlərini və ailələrini ziyana salanlardır!” - deyərlər. Bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
46.
Onların Allahdan başqa yardım edəcək dostları da yoxdur. Allah kimi haqq yoldan azdırarsa, onun üçün heç bir çıxış yolu olmaz.
47.
Allah tərəfindən geri dönüşü olmayan gün gəlmədən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün sizin üçün heç bir sığınacaq yeri olmaz və heç bir şeyi inkar edə bilməzsiniz.
48.
Əgər onlar (haqdan) üz döndərsələr, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. Sənin vəzifən yalnız təbliğ etməkdir. Əgər insana Öz tərəfimizdən bir mərhəmət daddırsaq, o, buna görə sevinər. Ancaq etdikləri əməllər ucbatından başlarına pis bir iş gəlsə, bu zaman insanlar nankor olarlar.
49.
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər.
50.
Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir.
51.
Allah insanla yalnız vəhy (ilham) vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir.
52.
Biz sənə əmrimizdən olan bir ruhu (Quranı) vəhy etdik. Sən kitabın və imanın nə olduğunu bilmirdin. Lakin Biz onu bəndələrimizdən istədiyimizi haqq yola yönəldən bir nur etdik. Həqiqətən, sən (insanları) doğru yola yönəldirsən.
53.
O Allahın yoluna (yönəldirsən) ki, göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bilin ki, bütün işlər Allaha dönəcəkdir.