Allah inkar edənlərin və (insanları) Öz yolundan döndərənlərin əməllərini boşa çıxarmışdır.
Allah iman edən, yaxşı əməllər edən və Rəbbindən Məhəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
Çünki inkar edənlər batilə, iman edənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah onların hallarını insanlara belə izah edir.
Müharibədə inkar edənlərlə qarşılaşdığınız zaman onların nəzarət-əmr mərkəzlərinə zərbə vurun. Nəhayət qalib gələndə onları əsir götürün; onları ya əvəzsiz, ya da fidyə qarşılığında buraxın. Müharibə vəziyyəti bitənə qədər bunu edin. Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
Allah onları doğru yola yönəldəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
Onları özlərinə tərif etdiyi cənnətə daxil edəcəkdir.
Ey iman edənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.
Məhv olsun inkar edənlər! Allah onların əməllərini boşa çıxarmışdır.
Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı.
Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı?! Allah onları məhv etmişdi. Onun bənzəri inkar edənlərin başına da gələcək.
Çünki Allah iman edənlərin himayədarıdır. İnkar edənlərin isə heç bir himayədarı yoxdur.
Həqiqətən, Allah iman edib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. İnkar edənlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
Səni çıxartdıqları şəhərdən daha güclü neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və onların heç bir köməkçisi də olmadı.
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
Onlardan bəziləri gəlib səni dinləyər. Sonra yanından çıxıb getdikləri zaman, elm verilmiş kimsələrə: “O (Məhəmməd) bir az əvvəl nə deyirdi?” – deyə soruşarlar. Onlar Allahın qəlbinə möhür vurduğu və öz nəfsinin arzularına uyan kimsələrdir.
Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlbində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad barəsindəki) iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.
Əgər (haqq yoldan) üz döndərsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəcək və qohumluq əlaqələrini kəsəcəksiniz.
Onlar Allahın lənətlədiyi və qulaqlarını kar, gözlərini də kor etdiyi kəslərdir.
Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlbində qıfıllarmı var?!
Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir.
Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” - dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir.
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?!
Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.
Yoxsa qəlbində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər?
Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir.
Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
İnkar edən olub (insanları) Allahın yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra elçiyə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir.
Ey iman edənlər! Həm Allaha, həm də elçiyə itaət edin və əməllərinizi puça çıxarmayın!
İnkar edən olub insanları Allahın yolundan döndərən, sonra da inkar edən kimi ölənləri Allah əsla bağışlamayacaqdır.
Ona görə də (döyüşdə) zəiflik göstərməyin və siz üstün vəziyyətdə ikən (onları) sülhə çağırmayın! Allah sizinlə bərabərdir. O sizin əməllərinizi əsla əskiltməyəcəkdir.
Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman edib Allahdan qorxsanız, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir.
Əgər Allah bunu (bütün malınızı) sizdən istəsəydi və israrla tələb etsəydi, siz xəsislik edəcəkdiniz və O sizin kininizi ortaya çıxaracaqdı.
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.