Ey iman edənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq şərtilə (aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər.
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş (pir və ziyarətgahlarda kəsilən, nəzir deyilən), boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və falçılıq ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün inkar edənlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir.
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah qəlbdə olanları biləndir.
Ey iman edənlər, Allah üçün ədaləti təmin edən şahidlər olun! Bir qrup insana qarşı bəslədiyiniz kin sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
Allah iman edib yaxşı işlər görənlərə bağışlanma və böyük mükafat vəd etmişdir.
İnkar edən olub ayələrimizi yalanlayanlar isə cəhənnəm əhlidirlər.
Ey iman edənlər, Allahın sizə olan nemətini xatırlayın! O vaxt bir tayfa sizə əl qaldırmaq (hücum etmək) niyyətində idi. Ancaq (Allah) onların əllərini sizdən çəkmişdi. Allahdan qorxun! Möminlər də Allaha təvəkkül etsinlər.
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
Ey kitab əhli! Sizə Kitabda gizlətdiklərinizin bir çoxunu bildirmək və bir çoxunu da bağışlamaq üzrə elçimiz gəlmişdir. Həqiqətən, Allahdan sizə bir nur və açıq-aydın bir Kitab gəlmişdir.
Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, inkar edən oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”.
Yəhudilər və xristianlar: “Biz Allahın övladları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, elçilərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir.
Bir zamanlar Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən elçilər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi.
Ey qövmüm! Allahın sizin üçün (vətən olaraq) yazdığı o müqəddəs torpağa daxil olun! Geri dönməyin, yoxsa zərər çəkmiş bir halda geri qayıtmış olarsınız.
Onlar isə demişdilər: “Ey Musa! Həqiqətən, orada zorba adamlar var. Onlar oradan çıxmayınca biz ora daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”.
Qorxanların arasından Allahın nemət verdiyi iki adam: “Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” – dedi.
(İsrail oğulları) dedilər: “Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Sən və Rəbbin gedin, vuruşun! Biz burada oturacağıq”.
(Musa) dedi: “Ey Rəbbim! Mən özümdən və qardaşımdan başqasına hakim ola (söz keçirə) bilmirəm. Bizimlə günahkar qövmün arasını ayır!”
(Allah) buyurdu: “Elə isə ora qırx il onlara haram edilmişdir. (Bu müddət ərzində) onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə də günahkar qövm üçün kədərlənmə!”
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
Məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
İstəyirəm ki, həm mənim günahımı, həm də öz günahını yüklənib cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur!”
Nəfsi onu, qardaşını öldürməyə sövq etdi və onu öldürdü. Buna görə də o, zərər çəkənlərdən oldu.
Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi: “Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu.
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır.
Allaha və elçisinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir.
Ey iman edənlər! Allahdan qorxun, ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, əgər yer üzündə olan hər şey və bir o qədəri də inkar edənlərin olub, bunları qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versəydilər, bu onlardan əsla qəbul olunmazdı. Onlar üçün acı bir əzab vardır.
Onlar cəhənnəmdən çıxmaq istəyərlər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün daimi bir əzab vardır.
Oğurluq edən kişi və qadının gördükləri işə görə Allahdan bir cəza olaraq insanlarla əlaqəsini kəsin (həbs edin)! Allah qüdrətlidir, hikmət sahibidir.
Kim etdiyi (bu) haqsız əməldən sonra tövbə edib özünü islah edərsə, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Bilmirsənmi ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur?! O, dilədiyi kimsəyə əzab verər, dilədiyi kimsəni də bağışlayar. Allah hər şeyə qadirdir.
Ey elçi! Qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
İçində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər?! Sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman etmiş kimsələr deyillər.
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş elçilər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil inkar edənlərdir.
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
Onların ardınca, özündən əvvəlki Tövratı təsdiqləyən Məryəm oğlu İsanı göndərdik. Ona, müttəqilər üçün doğru yol və nəsihət olaraq özündən əvvəlki Tövratı təsdiqləyən və içində haqq yol və nur olan İncili verdik.
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır.
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
Yoxsa onlar (İslamdan əvvəlki) cahiliyyə dövrünün hökmünümü istəyirlər? Yəqinliklə inanan bir qövm üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?!
Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz.
Qəlbində xəstəlik olan kimsələrin: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) qəlbində gizlətdikləri şeyə görə peşman olarlar.
İman edənlər isə: “Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular.
Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir.
Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır.
Ey iman edənlər! Sizdən əvvəl kitab verilənlərdən və inkar edənlərdən dininizi lağa qoyan və ona oyun-əyləncə kimi baxan kimsələrlə dostluq etməyin! Əgər möminsinizsə, Allahdan qorxun!
Namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ona oyun-əyləncə kimi baxarlar. Bu ona görədir ki, onlar düşünüb-daşınmayan bir qövmdür.
De: “Ey kitab əhli! Biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman edirik deyəmi bizə qarşı kin bəsləyirsiniz? Həqiqətən, sizin çoxunuz (haqq yoldan çıxmış) fasiqlərdir.
De: “Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”.
Sizin yanınıza küfrlə gəlib küfrlə çıxdıqları halda: “İman etdik!” - deyirlər. Allah onların (qəlbində) gizlətdiklərini daha yaxşı bilir.
Onlardan bir çoxunun günah işləmək, düşmənçilik etmək və haram yeməkdə bir-birləri ilə yarışdıqlarını görərsən. Onların gördüyü işlər necə də pisdir!
Kaş özlərini dinə həsr edənlər və din alimləri onlara günah sözlər söyləməyi və haram yeməyi qadağan edəydilər. Onların etdiyi əməllər necə də pisdir!
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
Əgər kitab əhli iman edib (pis əməllərdən) çəkinsəydilər, həqiqətən, onların günahlarının üstünü örtər və özlərini də Nəim (neməti bol olan) cənnətlərinə daxil edərdik.
Əgər onlar Tövrata, İncilə və Rəbbindən özlərinə nazil edilənə (Qurana) əməl etsəydilər, üstlərində və ayaqları altında olanlardan (yerüstü və yeraltı sərvətlərdən) yeyərdilər. Onların içində mötədil (orta yolu tutan) bir camaat da var. Ancaq onlardan çoxunun gördüyü işlər necə də pisdir!
Ey elçi! Rəbbindən sənə nazil ediləni (Quranı) təbliğ et! Əgər bunu etməzsən, Onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah inkar edən qövmü doğru yola yönəltməz.
De: “Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə (Qurana) əməl etməyincə bir şey (doğru yol) üzərində olmazsınız!” Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də inkar edən qövm üçün kədərlənmə!
Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
Həqiqətən, Biz İsrail oğullarından əhd almış və onlara elçilər göndərmişdik. Hər dəfə bir elçi onlara, nəfsinin arzulamadığı bir şeyi (ilahi hökmləri) gətirəndə, onlar (elçilərin) bir qismini yalanladılar, bir qismini də öldürdülər.
Onların başına heç bir bəla gəlməyəcəyini zənn edərək kor və kar kimi davrandılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan bir çoxu kor və kar kimi davrandı. Allah onların etdiklərini görəndir.
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
“Allah üçün üçüncüsüdür!” - deyənlər də həqiqətən, inkar edən olmuşlar. Halbuki, tək bir ilahdan başqa heç bir ilah yoxdur! Əgər onlar bu dediklərinə son qoymazlarsa, içlərindən inkar edən olanlara, həqiqətən, şiddətli bir əzab toxunacaqdır.
Onlar hələ də Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklərmi? Axı, Allah bağışlayandır, rəhmlidir.
Məryəm oğlu Məsih ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər.
De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verə bilən şeylərəmi ibadət edirsiniz?! Allah hər şeyi eşidəndir, biləndir”.
De: “Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!”
İsrail oğullarından inkar edən olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişlər. Bunun səbəbi onların üsyan etmələri və həddi aşmaları idi.
Onlar bir-birlərini, etdikləri pis əməllərdən çəkindirməyə çalışmırdılar. Onların etdikləri necə də pisdir!
Onlardan çoxunun inkar edənlərlə dostluq etdiyini görərsən. Nəfsinin onlar üçün hazırladığı necə pis bir şeydir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi olaraq əzab içində qalacaqlar.
Əgər onlar Allaha, elçiyə və ona nazil edilənə iman etsəydilər, onları (inkar edənləri) özlərinə dost tutmazdılar. Lakin onlardan çoxu (haqq yoldan çıxmış) fasiqlərdir.
İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
Elçiyə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman etdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz!
Rəbbimizin bizi əməlisaleh insanlarla birlikdə (cənnətə) daxil etməsini umarkən, nə üçün Allaha və bizə gələn həqiqətə iman etməyək?!”
Söylədikləri (bu) sözlərə görə Allah da onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərlə mükafatlandırdı. Yaxşı işlər görənlərin mükafatı budur!
İnkar edib ayələrimizi yalanlayanlara gəldikdə, onlar cəhənnəm əhlidirlər.
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz.
Allahın sizə halal və təmiz olaraq verdiyi ruzidən yeyin! İman etdiyiniz Allahdan qorxun!
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
Ey iman edənlər! Həqiqətən, içki (huşlandıran maddələr), qumar, bütlər və falçılıq şeytan əməli olan murdar şeylərdir. Bunlardan uzaq durun ki, bəlkə nicat tapasınız!
Şübhəsiz ki, şeytan içki (huşlandıran maddələr) və qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı anmaqdan və namaz qılmaqdan uzaqlaşdırmaq istəyir. Artıq (bunlara) son qoyacaqsınızmı?
Allaha itaət edin! Elçiyə itaət edin və (pis işlərdən) çəkinin! Əgər (itaət etməkdən) üz çevirsəniz, bilin ki, elçimizin vəzifəsi açıq-aydın bir təbliğdir.
İman edib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman edər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman edər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər.
Ey iman edənlər! Allah sizi, (ehramda ikən) əlləriniz və mizraqlarınızla ovlaya biləcəyiniz bir ovu (qadağan etmək) ilə imtahan edəcəkdir ki, tənhalıqda Ondan qorxanları bilib ayırd etsin. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır!
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
Həm sizə, həm də yolçulara bir dolanacaq olsun deyə dənizdə ov etmək və onu yemək sizə halal edildi. Ehramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram edildi. Hüzuruna toplanacağınız Allahdan qorxun!
Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını və (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa, hamısını bildiyini və hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür.
Bilin ki, Allahın əzabı şiddətlidir və Allah bağışlayandır, rəhm edəndir.
Elçinin üzərinə düşən ancaq təbliğ etməkdir. Üzə çıxartdıqlarınızı da, gizlətdiklərinizi də Allah bilir.
De: “Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis və yaxşı (haram və halal) eyni ola bilməz. Ey təmiz ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”
Ey iman edənlər, sizə açıqlanacağı təqdirdə xoşunuza gəlməyəcək şeylər haqqında soruşmayın! Əgər Quran nazil edilərkən onlar haqqında soruşsanız, onlar sizə açıqlanar. Allah onları (indiyə qədər bu cür suallar verənləri) bağışlamışdır. Allah bağışlayandır, həlimdir.
Sizdən əvvəlki bir qövm də onları (lüzumsuz suallar) soruşmuş, sonra isə ona görə (açıqlanan hökmü yerinə yetirmədiklərinə görə) inkar edən olmuşdular.
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin inkar edənlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər.
Onlara: “Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin!” – deyiləndə onlar: “Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!
Ey iman edənlər, siz özünüzə baxın! Siz doğru yolda olduqca (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allahadır. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
Bu (qayda), şahidliyi lazımi şəkildə etmələrinə və ya and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarına (çəkinmələri üçün bir çarə olaraq) daha uyğundur. Allahdan qorxun və (Onu) dinləyin! Allah, günahkar qövmü doğru yola yönəltməz.
O gün (qiyamət günü) Allah elçiləri toplayaraq: “Sizə nə cavab verildi?” - deyəcəkdir. Onlar: “Biz heç bir şey bilmirik. Həqiqətən, gizli olanları bilən Sənsən!” - deyəcəklər.
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı, hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
Vaxtilə həvarilərə belə ilham etmişdim: “Mənə və elçimə iman edin!” Onlar da: “İman etdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər.
O zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?” O da: “Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi.
(Həvarilər) demişdilər: “İstəyirik ki, ondan yeyək, qəlbimiz aram tapsın, bizə doğru dediyini bilək və ona (o möcüzəyə) şahidlik edənlərdən olaq”.
Məryəm oğlu İsa dedi: “Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”.
Allah buyurdu: “Mən onu sizə, əlbəttə, endirəcəyəm. Ancaq bundan sonra sizdən kim inkar edərsə, Mən ona aləmlərdən (insanlardan) heç kimə vermədiyim bir əzab verəcəyəm”.
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa elçi belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən.
Onlara yalnız Sənin mənə əmr etdiyin: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – sözünü demişdim. Aralarında olduğum müddət ərzində onlara nəzarət edirdim. Sən məni vəfat etdirincə, onlara nəzarətçi Sən Özün oldun. Sən hər şeyi görənsən.
Əgər onlara əzab versən, şübhəsiz, onlar Sənin bəndələrindəndir. Əgər onları bağışlasan, əlbəttə, Sən qüdrətlisən, hikmət sahibisən!”
Allah buyuracaqdır: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur!”
Göylərin, yerin və onların içində olanların hakimiyyəti Allaha məxsusdur. O, hər şeyə qadirdir.