Toz-torpaq qaldıran küləklərə,
rahatlıqla üzüb gedən gəmilərə və
işləri bölüşdürən mələklərə and olsun ki,
Sizə vəd olunan (axirət həyatı) haqdır.
Şübhəsiz, haqq-hesab mütləq baş verəcəkdir.
İçində yollar (orbitlər) olan göyə and olsun ki,
Siz (Quran barəsində) müxtəlif sözlər deyirsiniz.
(Qurandan) dönən kimsə ondan döndərilər.
O kəslər ki, cəhalət içində qalmış qafillərdir.
Onlar haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
O gün onlar odun üzərində tutulub əridiləcəklər.
(Onlara belə deyiləcək:) “Dadın əzabınızı! Bu, tezliklə gəlməsini istədiyiniz şeydir”.
Şübhəsiz, müttəqilər cənnətlərdə və çeşmə başlarında olacaqlar.
Rəbbinin onlara verdiyini (mükafatlarını) alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl sahibləri idilər.
Onlar gecələr (ibadət edib) çox az yatırdılar.
Sübh çağında isə istiğfar edirdilər.
Mallarında da istəyənin və yoxsulun haqqı (payı) var idi.
Yer üzündə yəqinliklə inananlar üçün (Allahın varlığını və qüdrətini göstərən) dəlillər vardır.
Sizin özünüzdə də (buna dair dəlillər vardır)! Hələ də görmürsünüzmü?
Göydə də ruziniz (yağış) və sizə vəd olunan (mükafat və ya cəzalar) vardır.
Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışığınız kimi gerçəkdir.
(Ey elçi!) İbrahimin hörmətli qonaqlarının xəbəri sənə gəlib çatdımı?
Onlar İbrahimin hüzuruna daxil olub salam verdiklərində o da: “Salam! Siz yad adamlarsınız”, - dedi.
İbrahim dərhal ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.
Yeməyi onlara yaxınlaşdırıb: “Yemirsinizmi?” - dedi.
İbrahim (qonaqların yemədiklərini görüb) dərhal onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” - dedilər və onu çox bilikli bir oğlan uşağı (İshaq) ilə müjdələdilər.
Onun zövcəsi (Sara) qışqıraraq gəldi və əlini üzünə vuraraq: “Mən sonsuz bir qoca qarıyam!” - dedi.
Onlar: “Rəbbin belə buyurdu. Şübhəsiz ki, O, hikmət sahibidir, hər şeyi biləndir!” - dedilər.
İbrahim dedi: “Elə isə sizin (mənimlə) nə işiniz var ey elçilər?”
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
Onların üstünə gildən daşlar yağdıraq.
Bu daşlar həddi aşanlar üçün Rəbbinin dərgahında işarələnmişdir.
Oradakı möminləri də (oradan) çıxartdıq.
Orada bir evdən (bir ailədən) başqa müsəlman tapmadıq.
Şiddətli əzabdan qorxanlar üçün orada (ibrətamiz) bir işarə saxladıq.
Musanın da (hekayəsində ibrətlər vardır)! Bir zaman onu açıq-aşkar bir dəlillə Fironun yanına göndərmişdik.
O (Firon), öz ordusu ilə birlikdə (haqdan) üz çevirib: “Bu sehrbazdır, yaxud dəlidir!” – demişdi.
Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman etmədiyi üçün) öz-özünü qınayırdı.
Ad qövmündə də (ibrətlər vardır)! O zaman onların üstünə faydasız (məhv edən) bir külək göndərmişdik.
O külək üstündən keçdiyi hər şeyi külə çevirirdi.
Səmud qövmündə də (ibrətlər vardır)! O zaman onlara: “Müəyyən bir vaxta qədər (dünya nemətlərindən) faydalanın!” - deyilmişdi.
Onlar Rəbbinin əmrinə qarşı çıxdılar və buna görə də onlar görə-görə (gündüz) özlərini ildırım vurmuşdu.
Beləliklə, onlar ayağa qalxa bilmədilər, onlara yardım edən də olmadı.
Daha əvvəl Nuh qövmünü də (məhv etmişdik). Çünki onlar fasiq bir qövm idilər.
Biz göyü əllərimizlə (qüdrətimizlə) yaratdıq və onu genişləndiririk.
Biz yeri də döşədik. Biz necə də gözəl döşəyirik!
Düşünüb ibrət alasınız deyə hər şeydən cüt-cüt yaratdıq.
(De:) “Allaha tərəf qaçın (yönəlin)! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm.
Allahla yanaşı başqa bir ilah qəbul etməyin! Həqiqətən, mən Onun tərəfindən sizə göndərilmiş açıq-aşkar xəbərdarlıq edən bir elçiyəm”.
Onlardan əvvəlkilərə də bir elçi gəldiyi zaman məhz belə demişdilər: “Bu sehrbazdır, yaxud divanədir!”
Bunu (nəsildən-nəsilə) bir-birinə vəsiyyətmi etmişdilər?! Xeyr! Onlar azğın bir qövmdür.
Artıq onlardan üz çevir! Sən bundan ötrü qınanmayacaqsan.
Sən öyüd-nəsihət ver! Çünki öyüd-nəsihət möminlərə fayda verər.
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.
Mən onlardan nə bir ruzi, nə də Məni yedirtmələrini istəyirəm.
Şübhəsiz ki, ruzi verən, qüvvət sahibi və mətin olan Allahdır!
Həqiqətən, zülm edənləri də (keçmiş) yoldaşları kimi əzab qisməti gözləyir. Buna görə də onlar Məni tələsdirməsinlər.
Onlara vəd olunan günlərinə görə vay inkar edənlərin halına!