🏠
×
Nəcm surəsi
Nəcm surəsi
1.
Batmaqda olan ulduza and olsun ki,
2.
Yoldaşınız (Məhəmməd) nə haqq yoldan çıxmış, nə də azmışdır!
3.
O, öz istəyinə görə danışmır.
4.
O (Quran), yalnız ona göndərilən bir vəhydir.
5.
Onu qüdrətli (mələk Cəbrail) öyrətdi -
6.
Gözəl görünüşlü (Cəbrail). O, öz surətində göründü -
7.
Ən uca üfüqdə ikən.
8.
Sonra (Məhəmmədə) yaxınlaşıb aşağı endi.
9.
O, (birləşdirilmiş) iki yay arası qədər, hətta daha çox yaxınlaşdı.
10.
Bu zaman Allah Öz bəndəsinə vəhyini nazil etdi.
11.
Onun (elçinin) qəlbi gördüyünü yalanlamadı.
12.
Gördüyü şey haqqında indi siz onunla mübahisəmi edirsiniz?
13.
Həqiqətən, onu başqa bir dəfə də (öz surətində) görmüşdü.
14.
(Yeddinci göydə) Sidrəti-müntəhanın (cənnətdəki Sidr ağacının) yanında.
15.
Onun yanında Məva cənnəti vardır.
16.
O zaman Sidr ağacını bürüyən bürümüşdü.
17.
Göz nə yayındı, nə də başqa bir yerə baxdı.
18.
Şübhəsiz ki, o (elçi), Rəbbinin ən böyük dəlillərindən bir qismini gördü.
19.
Lat və Uzzanı gördünüzmü?!
20.
Bəs digər üçüncüsü olan Mənatı?!
21.
Oğlanlar sizin, qızlar isə Onundur?!
22.
Onda bu ədalətsiz bir bölgüdür.
23.
Onlar yalnız sizin və atalarınızın ad qoyduqları şeylərdir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Rəbbi tərəfindən onlara doğru yolu göstərən rəhbər gəldiyi halda onlar yalnız zənnə və nəfsinin arzularına uyurlar.
24.
Yoxsa insan arzuladığı hər şeyə sahib olacaq?!
25.
Axirət də, dünya da Allahındır.
26.
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allahın istədiyi və razı qaldığı kimsə üçün izin verməsi bundan istisnadır.
27.
Axirətə inanmayanlar mələklərə qadın adları qoyurlar.
28.
Halbuki onların bu haqda heç bir məlumatı yoxdur. Onlar yalnız zənnə qapılırlar. Halbuki zənn qətiyyən həqiqət deyildir.
29.
Ona görə də Bizi anmaqdan üz çevirən və dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!
30.
Onların bildikləri yalnız bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin yolundan azanı da, doğru yolda olanı da yaxşı tanıyır.
31.
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Bu, pis əməl sahiblərini etdikləri əməllərə görə cəzalandırması, yaxşı əməl sahiblərini də ən gözəl şəkildə mükafatlandırması üçündür.
32.
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və əxlaqsız işlərdən çəkinənlərdir. Şübhəsiz ki, Rəbbinin məğfirəti genişdir. Sizi torpaqdan yaradarkən də, siz analarınızın bətnlərində rüşeym halında ikən də O sizi yaxşı tanıyırdı. Ona görə də özünüzü təmizə çıxartmayın! Allah günahlardan çəkinəni və Ondan qorxanı yaxşı tanıyır.
33.
Gördünmü (haqdan) üz çevirəni
34.
Və (malından) bir az verib sonra xəsislik edəni?!
35.
Məgər onun əlində qeybə dair məlumatlarmı var ki, görsün?!
36.
Yoxsa Musanın səhifələrində olanlar ona xəbər verilmədimi?!
37.
Bəs əhdə vəfalı olan İbrahimin (səhifələrində olanlar ona xəbər verilmədimi)?!
38.
Heç bir günahkar başqasının günahını yüklənə bilməz.
39.
İnsan üçün öz əməlindən başqa bir şey yoxdur.
40.
Şübhəsiz ki, onun əməlləri tezliklə görünəcəkdir.
41.
Sonra ona (əməllərinin) əvəzi tam veriləcəkdir.
42.
Şübhəsiz ki, axır dönüş Rəbbinədir.
43.
Güldürən də, ağladan da Odur.
44.
Öldürən də, dirildən də Odur.
45.
Həqiqətən, erkək və dişi olmaqla iki cifti O yaratdı -
46.
(ana rəhminə) atıldığı zaman nütfədən.
47.
Yenidən diriltmək də Ona məxsusdur.
48.
Zəngin edən də, kasıb edən də Odur.
49.
Şübhəsiz, Şira ulduzunun Rəbbi də Odur.
50.
Əvvəlki Ad qövmünü də O məhv etmişdir.
51.
Səmudu da! Beləliklə, (onlardan heç kimi sağ) qoymadı.
52.
Daha əvvəl Nuh qövmünü də (O məhv etmişdi). Həqiqətən, onlar daha zalım və daha azğın kimsələr idi.
53.
Alt-üst olmuş şəhərləri (Lut qövmünün məmləkətini) də O viran qoydu.
54.
Beləcə, oranı nələr bürüdü nələr!
55.
Elə isə Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
56.
Bu (Məhəmməd də) əvvəlki elçilər kimi bir elçidir.
57.
Yaxınlaşan (qiyamət) yaxınlaşmışdır.
58.
Allahdan başqa heç kəs onu aradan qaldıra bilməz!
59.
Elə isə siz bu sözə (Qurana) təəccübmü edirsiniz?
60.
(İstehza ilə) gülürsünüz və (oradakı təhdidlərə görə) ağlamırsınız.
61.
Siz qəflət içində əylənirsiniz.
62.
Allaha səcdə edin və Ona qulluq edin!