Qiyamət yaxınlaşdı və ay yarıldı.
Əgər onlar bir möcüzə görsələr, ondan üz çevirib: “Bu, davam edən bir sehrdir!” - deyərlər.
Onlar (Quranı) yalanladılar və öz nəfsinin arzularına uydular. Halbuki hər bir işin (Allah tərəfindən) qərarlaşdırılmış bir vaxtı vardır.
Həqiqətən, onlara (günahlardan) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
Bu, böyük bir hikmətdir. Ancaq (haqdan üz çevirənə) xəbərdarlıqlar heç bir fayda verməz.
Elə isə carçının bilinməyən bir şeyə çağıracağı günə qədər sən də onlardan üz çevir!
Onlar ətrafa səpələnmiş çəyirtkələr kimi, zəlil halda baxaraq (ortaya) çıxacaqlar.
İnkar edənlər carçıya tərəf qaçarkən: “Bu çox çətin bir gündür!” - deyəcəklər.
Onlardan əvvəl Nuh qövmü də (haqqı) təkzib etmiş və bəndəmizi yalanlayaraq: “O divanədir!” - deyib onu təhdid etmişdilər.
Bu zaman Nuh: “Mən məğlub oldum, yardım et!” - deyə Rəbbinə yalvarmışdı.
Biz də göyün qapılarını leysan yağışı ilə açdıq.
Yerdən də bulaqlar fışqırtdıq. Beləliklə, sular təqdir edilmiş bir iş üçün birləşdi.
Nuhu da taxtadan düzəldilib mismarlanmış bir gəmidə daşıdıq.
O gəmi, (qövmü tərəfindən) inkar edilənə (Nuha) mükafat olaraq gözlərimizin önündə (nəzarətimiz altında) üzürdü.
Həqiqətən, Biz onu ibrət olsun deyə saxladıq. Bəs ibrət alan varmı?
Mənim əzabım və xəbərdarlığım necə oldu?!
Həqiqətən, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
Ad qövmü də (Hudu) yalanlamışdı. Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
Həqiqətən, Biz onların üstünə uğursuzluğu davam edən bir gündə uğultulu soyuq bir külək göndərdik.
O külək, insanları kökündən qopmuş xurma kötükləri kimi (yerdən) qopardırdı.
Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
Səmud qövmü də xəbərdarlıqları yalan saymışdı.
Onlar demişdilər: “Özümüzdən olan bir insanamı tabe olacağıq? O zaman biz azğınlığa düşmüş və çılğınlıq etmiş olarıq.
Aramızdan onamı vəhy gəldi? Xeyr! O, lovğa bir yalançıdır”.
Onlar lovğa yalançının kim olduğunu sabah biləcəklər.
Onları sınamaq üçün dişi bir dəvə göndərən Bizik. (Ey Saleh!) Ona görə də sən onları gözlə və səbir et!
Onlara bildir ki, su onların arasında bölüşdürülmüşdür. Hər kəs su içməyə öz növbəsində gəlsin!”
Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da (qılıncını) alıb (dəvəni) kəsdi.
Bəs Mənim əzabım və xəbərdarlığım necə oldu?!
Biz onlara qorxunc bir səs göndərdik və onlar heyvan ağılına qoyulan quru ot kimi oldular.
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
Lut qövmü də xəbərdarlıqları yalan saymışdı.
Biz onların üstünə daş yağdıran bir fırtına göndərdik. Yalnız Lut ailəsini sübh çağı xilas etdik.
Tərəfimizdən bir nemət olaraq! Biz şükür edəni belə mükafatlandırırıq.
Həqiqətən, Lut onlara şiddətli əzabımız barəsində xəbərdarlıq etmişdi. Ancaq onlar xəbərdarlıqlara şübhə etmişdilər.
Onlar Lutun qonaqlarına (yaraşıqlı oğlanlar kimi görünən mələklərə) pislik etmək istəmişdilər. Biz də onların gözlərini kor etdik. İndi əzabımı və təhdidlərimi dadın!
Həqiqətən, səhər tezdən daimi bir əzab onları yaxaladı.
İndi əzabımı və təhdidlərimi dadın!
Şübhəsiz ki, Biz Quranı ibrət almaları üçün asanlaşdırdıq. Bəs ibrət alan varmı?
Fironun qövmünə də xəbərdarlıqlar gəlmişdi.
Onlar bütün ayələrimizi yalanladılar. Buna görə də onları güc və qüdrətimizə layiq bir şəkildə (əzabla) yaxaladıq.
Sizin inkar edənləriniz onlardan daha yaxşıdır?! Yoxsa kitablarda sizin toxunulmaz olduğunuzmu yazılıb?!
Yoxsa onlar: “Biz müzəffər bir dəstəyik”, - deyirlər?
Yaxın bir vaxtda o dəstə məğlub olacaq və onlar arxalarına dönüb qaçacaqlar.
Xeyr! Onlara vəd olunan qiyamətdir (axirət əzabıdır). Qiyamət isə daha çətin və daha acıdır.
Həqiqətən, günahkarlar azğınlıq və çılğınlıq içindədirlər.
Üzüstə cəhənnəmə sürüklənəcəkləri gün (onlara belə deyiləcəkdir:) “Dadın sizə toxunan cəhənnəm əzabını!”
Şübhəsiz ki, Biz hər şeyi tale ilə yaratdıq.
Bizim əmrimiz bir göz qırpımında gerçəkləşər.
Şübhəsiz ki, Biz sizin kimiləri məhv etmişdik. Bəs ibrət alan varmı?
Onların etdiyi hər şey kitablarda (əməl dəftərlərində) mövcuddur.
Böyük-kiçik hər bir şey yazılmışdır.
Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında olacaqlar.
Güclü hökmdar olan Allahın dərgahında haqq məclisində olacaqlar.