🏠
×
Vaqiə surəsi
Vaqiə surəsi
1.
Qiyamət qopduğu zaman!
2.
Onun qopacağını heç kim inkar edə bilməz.
3.
O, kimini alçaldar, kimini də ucaldar.
4.
Yer şiddətlə sarsıldığı zaman,
5.
Dağlar parçalanıb ovxalanaraq -
6.
Səpələnmiş toz kimi olduğu zaman,
7.
Siz üç firqəyə ayrılacaqsınız.
8.
Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
9.
Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
10.
(Yaxşı əməldə) öndə olanlar (mükafatda da) öndədirlər!
11.
Onlar Allaha yaxın kimsələrdir.
12.
Nəim cənnətlərində!
13.
Onların çoxu əvvəlkilərdəndir.
14.
Bir qismi də sonrakılardandır.
15.
Onlar bəzədilmiş taxtlarda əyləşəcəklər.
16.
Taxtların üstündə qarşı-qarşıya əyləşib söykənəcəklər.
17.
Onların ətrafında həmişəcavan (xidmətçi) gənclər (mələk qılman) dolanacaqlar.
18.
(Huşlandırmayan) Şərab bulağından doldurulmuş badələr, kuzələr və qədəhlərlə!
19.
Ondan nə başları ağrıyar, nə də ağılları gedər.
20.
(Onlar üçün) bəyəndikləri meyvələr,
21.
Arzuladıqları quş əti,
22.
Və gözəl gözlü (xidmətçi) hurilər (mələklər) vardır.
23.
Onlar qorunub saxlanan inci kimidirlər.
24.
Bu, onlara etdikləri əməllərin mükafatı olaraq veriləcəkdir.
25.
Onlar orada nə boş bir söz, nə də günaha aparan bir şey eşidəcəklər -
26.
“Salam! Salam!” sözlərindən başqa.
27.
Sağ tərəfdəkilər! Nə xoşbəxtdir sağ tərəfdəkilər!
28.
Onlar tikansız sidr ağacları arasında,
29.
(Meyvələri) salxım-salxım sallanmış banan ağacları arasında,
30.
Uzanmış kölgələr altında,
31.
Daim axan suyun kənarında,
32.
Çoxlu meyvələr arasında olacaqlar.
33.
O məyvələr nə tükənər, nə də qadağan olunar.
34.
Onlar hündür döşəklərdə oturacaqlar.
35.
Həqiqətən, Biz onları yenidən başqa bir gözəllikdə yaradacağıq.
36.
Biz onları bakirə xanımlar edəcəyik -
37.
Ərini sevən həmyaşıd qadınlar.
38.
Onlar sağ tərəfdəkilər üçündür.
39.
Onların bir qismi əvvəlkilərdən,
40.
Bir qismi də sonrakılardandır.
41.
Sol tərəfdəkilər! Nə bədbəxtdir sol tərəfdəkilər!
42.
Onlar qızmar yel və qaynar su içində,
43.
Qapqara tüstü kölgəsi altında olacaqlar.
44.
O nə sərin, nə də xoşagələndir.
45.
Onlar bundan əvvəl bolluq içində idilər.
46.
Onlar böyük günah işləməkdə israr edirdilər.
47.
Onlar belə deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra təkrar dirildiləcəyik?
48.
Əvvəlki atalarımız da?”
49.
De: “Heç şübhəsiz, əvvəlkilər də, sonrakılar da,
50.
Məlum bir günün (axirət gününün) müəyyən vaxtında toplanacaqlar.
51.
Sonra siz, ey haqq yoldan azanlar, haqqı yalanlayanlar!
52.
Şübhəsiz ki, zəqqum ağacından yeyəcəksiniz.
53.
Qarınlarınızı onunla dolduracaqsınız.
54.
Onun üstündən də qaynar su içəcəksiniz.
55.
Həm də susamış dəvələrin içdiyi kimi içəcəksiniz.
56.
Bu onların haqq-hesab günündəki ziyafətidir.
57.
Sizi Biz yaratdıq. (Elə isə) təsdiqləməli deyilsinizmi?
58.
Elə isə deyin görək, (ana rəhminə) atdığınız nədir?
59.
Onu siz yaradırsınız, yoxsa Biz?!
60.
Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz -
61.
Sizin yerinizə bənzərlərinizi gətirməkdə və sizi bilmədiyiniz bir şəkildə yenidən yaratmaqda!
62.
Şübhəsiz ki, siz ilk yaradılışı bilirsiniz. Elə isə düşünüb ibrət almalı deyilsinizmi?
63.
Bəs əkdikləriniz barədə nə deyirsiniz?
64.
Onu siz bitirirsiniz, yoxsa Biz?
65.
Əgər Biz istəsəydik, əlbəttə, onu bir saman çöpünə çevirərdik. Siz də təəccüb içində qalıb:
66.
“Həqiqətən, biz ziyana uğramışıq.
67.
Daha doğrusu biz (ruzimizdən) məhrum qalmışıq”, - (deyərdiniz).
68.
Bəs içdiyiniz su barədə nə deyirsiniz?
69.
Onu buluddan siz endirirsiniz, yoxsa Biz?
70.
Əgər Biz istəsəydik, onu duzlu edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!
71.
Bəs yandırdığınız od barədə nə deyirsiniz?
72.
Onun ağacını siz yaradırsınız, yoxsa Biz?
73.
Biz onu ibrət olsun və yolçular istifadə etsin deyə yaratdıq.
74.
Ona görə də uca Rəbbinin adını təsbeh et!
75.
Xeyr, ulduzların mövqelərinə and olsun.
76.
Kaş bunun böyük bir and olduğunu biləydiniz.
77.
O, həqiqətən, dəyərli Qurandır.
78.
Qorunmuş bir Kitabdadır (Lövhi-məhfuzdadır).
79.
Ona (xurafatlardan) təmizlənmişlərdən başqa heç kəs toxuna bilməz.
80.
O (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
81.
İndi siz bu sözümü yalanlayırsınız?!
82.
Sizə verilən ruzini təkzib edərəkmi şükür edirsiniz?!
83.
Can boğaza çatdığı zaman -
84.
O an siz (can verən adama) baxıb qalırsınız.
85.
Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
86.
Əgər (öldükdən sonra) haqq-hesaba çəkiləsi deyilsinizsə,
87.
Və doğru deyirsinizsə, onu (o canı) geri gətirin!
88.
Ancaq (ölən insan) Allaha yaxın olanlardandırsa,
89.
Onun üçün rahatlıq, gözəl ruzi və Nəim cənnəti vardır.
90.
Əgər sağ tərəfdəkilərdəndirsə,
91.
(Ona belə deyilər:) “Sağ tərəfdəkilərdən sənə salam olsun!”
92.
Əgər haqqı yalanlayıb doğru yoldan azanlardandırsa,
93.
Onun üçün qaynar su ziyafəti olacaqdır.
94.
O, cəhənnəmə atılacaqdır.
95.
Şübhəsiz ki, bu, danılmaz həqiqətdir.
96.
Elə isə uca Rəbbinin adını təsbeh et!