Əri haqqında səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşidir. Allah sizin bir-birinizlə danışığınızı eşidir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
Sizdən öz qadınlarına zihar edənlər bilsinlər ki, o qadınlar onların anaları deyillər. Onların anaları ancaq özlərini dünyaya gətirən qadınlardır. Onlar, həqiqətən, çirkin bir söz və yalan söyləyirlər. Şübhəsiz ki, Allah çox əfv edəndir, bağışlayandır.
Qadınlarına zihar edib sonra dediklərindən dönən kimsələr (qadınları ilə) yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu sizə verilən öyüddür. Allah sizin etdiklərinizdən xəbərdardır.
Kim (bunu etməyə imkan) tapmazsa, (öz qadını ilə) yaxınlıq etməzdən əvvəl iki ay arxa-arxaya oruc tutmalıdır. Kimin buna gücü çatmazsa, altmış fağırı doydurmalıdır. Bu, Allaha və Onun elçisinə iman etdiyinizə görədir. Bunlar Allahın hüdudlarıdır (hökmləridir)! İnkar edənlər üçün acı bir əzab vardır.
Şübhəsiz, Allaha və elçisinə qarşı çıxanlar onlardan əvvəlkilərin alçaldıldığı kimi alçaldılacaqlar. Biz açıq-aydın ayələr nazil etmişik. İnkar edənlər üçün alçaldıcı bir əzab vardır.
O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri özlərinə xəbər verəcəkdir. Allah onları (etdikləri əməlləri bir-bir) saymışdır, onlar isə onu unutmuşlar. Allah hər şeyə şahiddir.
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və qəlbində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
Ey iman edənlər, bir-birinizlə gizli danışdığınız zaman günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barəsində danışmayın, yaxşılıq və təqva barəsində danışın! Hüzuruna toplanacağınız Allahdan qorxun!
Şübhəsiz ki, gizli danışıqlar şeytanın iman edənləri kədərləndirmək üçün etdiyi işlərdəndir. Ancaq o, Allahın izni olmadıqca onlara heç bir zərər verə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!
Ey iman edənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə (cənnətdə) geniş yer versin. “Qalxın!” – deyildikdə də qalxın ki, Allah sizdən iman edənlərin və elm verilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır.
Ey iman edənlər! Elçi ilə gizli bir şey danışacağınız zaman bu danışığınızdan əvvəl bir sədəqə verin! Bu sizin üçün daha yaxşı və daha təmizdir. Əgər (sədəqə vermək üçün) bir şey tapa bilməsəniz, bilin ki, Allah bağışlayandır, rəhmlidir.
(Elçi ilə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onlar necə də pis işlər görürlər!
Onlar andlarını qalxan edib (insanları) Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir.
Nə malları, nə də övladları Allaha qarşı onlara fayda verəcəkdir. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.
Şeytan onları ələ keçirmiş, beləcə, Allahı anmağı onlara unutdurmuşdur. Onlar şeytanın tərəfdarlarıdır. Bilin ki, şeytanın tərəfdarları məhz ziyana uğrayanlardır.
Şübhəsiz ki, Allaha və elçisinə düşmən olanlar ən zəlil kimsələr arasındadırlar.
Allah (lövhi-məhfuzda): “Mən və elçilərim mütləq qalib gələcəyik!” - deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir.
Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.