🏠
×
Həşr surəsi
Həşr surəsi
1.
Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
2.
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur. Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn edirdilər ki, qalaları özlərini Allahdan qoruyacaqdır. Ancaq Allah (Allahın əzabı) onlara heç gözləmədikləri bir yerdən gəldi və onların qəlbinə qorxu saldı. Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. Ey təmiz ağıl sahibləri, (bundan) ibrət alın!
3.
Əgər Allah onlara (qədərlərinə) sürgünü yazmasaydı, mütləq onları dünyada cəzalandırardı. Axirətdə onlar üçün cəhənnəm əzabı vardır.
4.
Bu, Allaha və elçisinə qarşı çıxmalarına görədir. Kim Allaha qarşı çıxarsa, bilsin ki, Allahın cəzalandırması şiddətlidir.
5.
Xurma ağaclarından hər hansı birini kəsməyiniz, yaxud onu (kəsməyib) kökü üstündə saxlamağınız Allahın iznilədir və doğru yoldan çıxanları rəzil etməsi üçündür.
6.
Allahın onların mallarından elçisinə verdiyi qənimətlər üçün siz nə at, nə də dəvə sürdünüz. Lakin Allah elçilərini istədiyi kimsələrin üstünə göndərər. Allah hər şeyə qadirdir.
7.
Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
8.
Qənimətlər, hicrət edən kasıblara məxsusdur ki, onlar, Allahdan lütf və riza diləyib, Allaha və Onun elçisinə yardım edərkən yurdlarından və mallarından uzaqlaşdırılmışlar. Onlar sadiq olan kəslərdir.
9.
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.
10.
Onlardan sonra gələnlər isə: “Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
11.
Münafiqlərin kitab əhlindən inkar edən qardaşlarına: “Əgər siz yurdunuzdan çıxarılsanız, əlbəttə, biz də sizinlə birlikdə çıxacağıq. Sizin əleyhinizdə heç kimə itaət etmərik! Əgər onlar sizinlə vuruşarlarsa, mütləq sizə yardım edəcəyik!” - dediklərini görmədinmi? Allah onların yalançı olduqlarına şahidlik edir.
12.
Əgər onlar yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə çıxmazlar. Əgər (möminlər) onlarla vuruşsalar, onlara yardım etməzlər. Yardım etsələr belə, arxalarını çevirib qaçarlar. Sonra onlara da heç bir yardım olunmaz.
13.
Onların qəlbində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır.
14.
Onlar sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə, yaxud sipər arxasından hamılıqla vuruşarlar. Öz aralarındakı vuruşmaları isə çox şiddətlidir. Sən onların həmrəy olduqlarını zənn edərsən, halbuki qəlbi müxtəlif düşüncələr içindədir. Çünki onlar dərk etməyən bir tayfadır.
15.
Onlar özlərindən bir müddət əvvəl etdiklərinin cəzasını dadmış kimsələrə bənzəyirlər. Onlar üçün acı bir əzab vardır.
16.
Onlar (münafiqlər) şeytan kimidirlər. Belə ki, o, insana: “(Haqqı) inkar et!” - deyər. İnsan inkar etdiyi zaman isə şeytan: “Mən səndən uzağam. Şübhəsiz ki, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” - deyər.
17.
Onların hər ikisinin sonu əbədi qalacaqları cəhənnnəmdir. Zalımların cəzası budur!
18.
Ey iman edənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
19.
Allahı unudan və buna görə də Allahın onlara özlərini unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.
20.
Cəhənnəm əhli ilə cənnət əhli eyni deyillər. Cənnət əhli uğur qazananlardır.
21.
Əgər bu Quranı bir dağa nazil etsəydik, onun Allah qorxusundan baş əyərək parçalandığını görərdin. Düşünsünlər deyə Biz insanlar üçün bu misalları çəkirik.
22.
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! Gizlini də, aşkarı da O bilir. O, mərhəmətlidir, rəhmlidir.
23.
O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır.
24.
O, yaradan, yoxdan var edən, (yaratdıqlarına) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) Ona məxsusdur. Göylərdə və yerdə nə varsa, hamısı Onu təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.