Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. O, qüdrətlidir, hikmət sahibidir.
Ey iman edənlər! Etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?
Etməyəcəyiniz şeyləri deməyiniz Allah dərgahında nifrətlə qarşılanar.
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb cəhd edənləri sevər.
Bir vaxtlar Musa öz qövmünə: “Ey qövmüm! Mənim Allahın sizə (göndərdiyi) elçisi olduğumu bildiyiniz halda nə üçün məni incidirsiniz?” - demişdi. Onlar haqq yoldan azdıqları zaman Allah da onların qəlbini azdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı bir elçini müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər.
İslama dəvət olunduğu halda Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalımları doğru yola yönəltməz.
Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki inkar edənlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərə üstün etmək üçün elçisini hidayət və haqq dinlə göndərən Odur.
Ey iman edənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi?
Allaha və elçisinə iman edib Allah yolunda malınızla və canınızla cihad edəsiniz! Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.
(Belə etsəniz,) Allah sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Böyük müvəffəqiyyət budur!
Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver!
Ey iman edənlər, Allahın yardımçıları olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim yardımçılarım kimlərdir?” - demişdi. Həvarilər də: “Allahın yardımçıları bizik!” - demişdilər. İsrail oğullarından bir tayfa (İsaya) iman etdi, bir tayfa isə onu inkar etdi. Biz də iman edənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər.