🏠
×
Cümə surəsi
Cümə surəsi
1.
Göylərdə və yerdə nə varsa, hamısı hökmran, müqəddəs, qüdrətli və hikmət sahibi olan Allahı təsbeh edir.
2.
Ümmilərə (təhsili olmayanlara) özlərindən onlara Allahın ayələrini oxuyan, onları (şirkdən) təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir elçi göndərən Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində idilər.
3.
Allah (bu elçini) özlərindən olub hələ onlara qoşulmamış başqa kimsələrə də göndərmişdir. O, qüdrətlidir, hikmət sahibidir.
4.
Bu, Allahın lütfüdür, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir.
5.
Özlərinə Tövrat yüklənən, sonra da onu daşımayanlar (ona əməl etməyənlər) çoxlu kitab daşıyan uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalanlayanların məsəli necə də pisdir! Allah zalımları doğru yola yönəltməz.
6.
De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”
7.
Ancaq onlar öz əlləri ilə etdikləri günahlara görə əsla onu istəməzlər. Allah zalımları bilir.
8.
De: “Qaçdığınız ölüm, əlbəttə, sizi yaxalayacaqdır. Sonra gizli olanı da, aşkar olanı da bilən Allaha qaytarılacaqsınız. O da etdiyiniz əməlləri sizə xəbər verəcəkdir.
9.
Ey iman edənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı anmağa tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
10.
Namaz qılındıqdan sonra yer üzünə yayılın və Allahın lütfündən (ruzi) axtarın! Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız!
11.
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!”