🏠
×
Münafiqun surəsi
Münafiqun surəsi
1.
Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şahidlik edirik ki, həqiqətən, sən Allahın elçisisən!” - dedilər. Allah da bilir ki, sən Onun elçisisən. Allah münafiqlərin yalançı olduqlarına şahidlik edir.
2.
Onlar andlarını özlərinə sipər etdilər və (insanları) Allahın yolundan döndərdilər. Onların əməlləri necə də pisdir!
3.
Çünki onlar (əvvəlcə) iman edib sonra inkar etdilər. Buna görə də onların qəlbi möhürləndi. Artıq onlar (haqqı) anlamazlar.
4.
Onları gördüyün zaman cüssələri sənin xoşuna gələr, danışdıqlarında da sözlərinə qulaq asarsan. Onlar sanki divara söykədilmiş kötüklər kimidirlər. Hər bağırtının öz əleyhlərinə olduğunu zənn edərlər. Onlar düşməndirlər. Buna görə də onlardan ehtiyat et! Allah onların canını alsın! Necə də (haqdan) döndərilirlər.
5.
Onlara: “Gəlin Allahın elçisi sizin üçün məğfirət diləsin!” - deyildiyi zaman başlarını çevirərlər və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən.
6.
Onlar üçün məğfirət diləsən də, diləməsən də eynidir. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiqləri doğru yola yönəltməz.
7.
Onlar: “Elçinin yanında olanlara heç bir şey verməyin ki, dağılıb getsinlər!” - deyən kimsələrdir. Halbuki göylərin və yerin xəzinələri Allaha məxsusdur. Lakin münafiqlər bunu anlamazlar.
8.
Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, üstün olanlar zəif olanları mütləq oradan çıxardacaqdır”, - deyirlər. Halbuki əsil üstünlük Allaha, Onun elçisinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər.
9.
Ey iman edənlər, mallarınız və övladlarınız sizi Allahı anmaqdan yayındırmasın! Kim bunu edərsə, onlar əsil ziyana uğrayanlardır.
10.
Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” - deməsin.
11.
Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır.