Göylərdə və yerdə nə varsa, hamısı Allahı təsbeh edir. Hökmranlıq da, həmd də Ona məxsusdur. O, hər şeyə qadirdir.
Sizi yaradan Odur. Sizdən inkar edən də var, mömin olan da. Allah sizin etdiklərinizi görür.
O, göyləri və yeri haqq (hikmət) ilə yaratdı. Sizə surət verib surətlərinizi gözəlləşdirdi. Axır dönüş Onadır.
O, göylərdə və yerdə olan hər şeyi bilir. Gizlədiklərinizi də, aşkar etdiklərinizi də bilir. Allah qəlbdə olanları biləndir.
Daha əvvəl inkar edənlərin xəbəri sizə gəlib çatmadımı? Onlar öz əməllərinin cəzasını (dünyada) daddılar. Onlar üçün (axirətdə də) acı bir əzab vardır.
Bu ona görədir ki, elçiləri onlara açıq-aşkar möcüzələr gətirir, ancaq onlar: “Bir insanmı bizi doğu yola yönəldəcək?” - deyirdilər. Onlar inkar edib (haqdan) üz döndərdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah zəngindir, hər cür tərifə layiqdir.
İnkar edənlər əsla dirildilməyəcəklərini iddia etdilər. De: “Bəli! Rəbbimə and olsun ki, siz dirildiləcəksiniz! Sonra etdiyiniz əməllər mütləq sizə xəbər veriləcəkdir. Bu, Allah üçün asandır.
Ona görə də Allaha, elçisinə və nazil etdiyimiz nura (Qurana) iman edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
Allah məhşər günündə sizi bir yerə cəm edəcəkdir. Məhz o gün aldanma günüdür. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!
İnkar edən və ayələrimizi yalanlayanlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis bir dönüş yeridir!
Allahın izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman edərsə, Allah onun qəlbini doğru yola yönəldər. Allah hər şeyi biləndir.
Allaha və elçiyə itaət edin! Əgər (haqq yoldan) üz döndərsəniz, bilin ki, elçimizin vəzifəsi ancaq açıq-aşkar təbliğ etməkdir.
Allahdan başqa heç bir ilah yoxdur! Ona görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!
Ey iman edənlər! Zövcənizdən və övladlarınızdan sizə düşmən olanlar vardır. Buna görə də onlardan ehtiyat edin! Ancaq əfv etsəniz, xoş görsəniz və (qüsurlarını) bağışlasanız, bilin ki, Allah da bağışlayandır, rəhmlidir.
Şübhəsiz ki, mallarınız və övladlarınız bir sınaqdır. Böyük mükafat Allah dərgahındadır.
Bacardığınız qədər Allahdan qorxun, (sizə verilən öyüdlərə) qulaq asın, Ona itaət edin və öz xeyriniz üçün infaq edin! Nəfsinin xəsisliyindən qorunanlar əsil nicat tapanlardır.
Əgər Allaha gözəl bir borc versəniz, O sizin üçün onu (mükafatını) qat-qat artırar və sizi bağışlayar. Allah şükrün mükafatını verəndir, həlimdir.
Görüləni də, görülməyəni də bilən Odur. O, qüdrətlidir, hikmət sahibidir.