🏠
×
Talaq surəsi
Talaq surəsi
1.
Ey elçi! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən çıxartmayın, özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar).
2.
Gözləmə müddətini başa vurduqları zaman ya onları gözəlcə (nikahınız altında) saxlayın, ya da gözəlliklə onlardan ayrılın. (Zövcənizlə barışmaq, yaxud ayrılmaq məsələsində) içinizdən ədalətli iki nəfəri şahid tutun və Allah üçün şahidlik edin! İçinizdən Allaha və axirət gününə iman edənlərə verilən öyüd budur. Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar.
3.
Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.
4.
(Yaşlılığa görə) heyzdən kəsilmiş qadınlarınızın (gözləmə müddətindən) şübhələnsəniz, (bilin ki), onların gözləmə müddəti üç aydır. Hələ heyz görməmiş olan qadınlar da belədir. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir. Kim Allahdan qorxarsa, Allah ona işində asanlıq bəxş edər.
5.
Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun pis əməllərinin üstünü örtər və onun mükafatını artırar.
6.
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.
7.
İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.
8.
Rəbbinin və Onun elçisinin əmrindən çıxmış neçə-neçə məmləkəti şiddətli bir şəkildə haqq-hesaba çəkib dəhşətli bir əzaba düçar etdik.
9.
Beləcə, onlar əməllərinin cəzasını daddılar və işlərinin sonu ziyana düşmək oldu.
10.
Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Ey iman etmiş təmiz ağıl sahibləri, Allahdan qorxun! Allah sizə Zikr (Quran) nazil etmişdir.
11.
Allah iman edib yaxşı işlər görənləri qaranlıqlardan aydınlığa çıxartmaq üçün açıq-aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onu (ağacları) altından çaylar axan və əbədi qalacağı cənnətlərə daxil edəcəkdir. Allah ona gözəl bir ruzi vermişdir.
12.
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Onun əmri onların arasında nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.