Hökmranlıq əlində olan Allah nə qədər ucadır! O, hər şeyə qadirdir.
O, hansınız daha yaxşı əməl edəcək deyə sizi sınamaq üçün ölümü və həyatı yaratdı. O, qüdrətlidir, bağışlayandır.
O, yeddi göyü təbəqələr şəklində yaratdı. Rəhman olan Allahın yaratmasında heç bir nizamsızlıq görə bilməzsən. Gözünü çevir bax, hər hansı bir nöqsan görə bilirsənmi?
Sonra gözünü çevirib təkrar bax! Göz (görmək istədiyi nöqsanı tapa bilməyib) aciz və yorğun bir halda sənə dönəcəkdir.
Həqiqətən, Biz ən yaxın göyü qəndillərlə (ulduzlarla) bəzədik və bunları şeytanları daşlama vasitəsi etdik. Onlar üçün alovlu od əzabı da hazırlamışıq.
Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. O necə də pis bir dönüş yeridir!
Onlar cəhənnəmə atıldıqları zaman onun qaynayarkən çıxartdığı uğultunu eşidəcəklər.
Cəhənnəm az qala qəzəbindən çatlasın. Hər dəfə ora bir dəstə atıldıqda onun gözətçiləri: “Sizə xəbərdar edən bir elçi gəlməmişdimi?” - deyə onlardan soruşacaqlar.
Onlar belə deyəcəklər: “Bəli! Bizə xəbərdar edən bir elçi gəlmişdi. Ancaq biz onu yalanladıq və: “Allah heç bir şey nazil etməmişdir. Siz böyük bir azğınlıq içindəsiniz!” - demişdik”.
Onlar: “Əgər (elçiləri) dinləsəydik, yaxud ağlımızı işlətsəydik, alovlu od əhli arasında olmazdıq!” - deyəcəklər.
Beləcə, onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm əhli (Allahın mərhəmətindən) uzaq olsun!
Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
Sözünüzü istər gizli saxlayın, istər açıq deyin fərqi yoxdur. Şübhəsiz ki, O, qəlbdəkini biləndir.
Yaradan bilməzmi?! O, lətifdir (ən xırda işləri belə görüb biləndir), hər şeydən xəbərdardır.
Yer üzünü sizin ixtiyarınıza verən Odur. Elə isə onun hər tərəfində gəzib-dolaşın və Allahın ruzisindən yeyin. Dönüş Onadır!
Yer sarsılacağı zaman göydəkinin (Allahın) sizi yerə batırmayacağından əminsinizmi?
Yaxud göydəkinin (Allahın) sizin üstünüzə daş yağdıran bir fırtına göndərməyəcəyindən əminsinizmi? Mənim təhdidimin necə olduğunu tezliklə biləcəksiniz.
Həqiqətən, onlardan əvvəlkilər də (elçiləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
Göydə qanad çırparaq uçan quşları görmürlərmi? Onları havada yalnız Rəhman olan Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görəndir.
Yaxud Rəhman olan Allaha qarşı sizə yardım edəcək əsgərləriniz kimlər olacaq? İnkar edənlər ancaq aldanırlar.
Yaxud Allah ruzini kəsərsə, kim sizə ruzi verəcək? Xeyr! Onlar azğınlığa və (haqqa) nifrət etməyə davam edirlər.
Elə isə üzüstə sürünənmi daha çox doğru yolda gedər, yoxsa düz bir yolda düzgün yeriyən kimsəmi?!
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlb bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
De: “Sizi yer üzündə çoxaldıb yayan Odur. Siz Onun hüzuruna toplanacaqsınız”.
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd (əzab) nə zaman (gerçəkləşəcək)?” - deyirlər.
De ki: “Onu yalnız Allah bilir. Mən ancaq açıq-aşkar xəbərdar edənəm”.
Onun (əzabın) yaxınlaşdığını gördükləri zaman inkar edənlərin üzləri qaralacaq və onlara: “Sizin israrla istədiyiniz (əzab) budur!” - deyiləcəkdir.
De: “Deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə, yaxud bizə rəhm etsə, bəs inkar edənləri acı əzabdan kim xilas edəcək?!
De: “O, Rəhmandır (çox mərhəmətlidir)! Biz Ona iman etmiş və Ona təvəkkül etmişik. Kimin açıq-aydın bir azğınlıq içində olduğunu yaxın bir vaxtda biləcəksiniz”.
De: “Deyin görüm, əgər suyunuz çəkilsə (qurusa), onda kim sizə axar su gətirə bilər?”