Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki,
Sən Rəbbinin neməti sayəsində divanə deyilsən!
Şübhəsiz ki, sənin üçün bitməz-tükənməz bir mükafat vardır.
Həqiqətən, sən uca bir əxlaq sahibisən.
Sən də görəcəksən, onlar da görəcəklər -
Hansınızın divanə olduğunu.
Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir.
Ona görə də sən (haqqı) yalanlayanlara boyun əymə!
Onlar (müşriklər) istəyirlər ki, sən yumşaq davranasan, özləri də yumşaq davransınlar.
Bunlardan heç birinə boyun əymə: çox and içənə, alçaq kimsəyə,
Qeybət qırana, söz daşıyana,
Xeyrə mane olana, həddi aşana, günahkara,
Kobud olana, həmçinin zatı bəlli olmayana -
Onun mal-mülkü və övladları olsa belə!
Ayələrimiz ona oxunduğu zaman o: “Əvvəlkilərin əfsanələridir!” - deyər.
Biz yaxın bir vaxtda onun burnunu damğalayacağıq.
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
Heç bir şeyi istisna etməmişdilər (“İnşaAllah” deməmişdilər).
Ancaq onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən əzab oranı bürüdü.
Beləcə, o bağ yanıb qapqara qaraldı.
Onlar səhər durub bir-birinə belə səsləndilər:
“Əgər məhsulu yığacaqsınızsa, bağınıza erkən gedin!”
Beləliklə, onlar yola düşdülər. Bir-birinə belə pıçıldayırdılar:
“Bu gün yanınıza heç bir yoxsul gəlməsin!”
Onlar (yoxsullara) mane ola biləcəklərini düşünərək erkən getdilər.
Ancaq oranı (bağı) gördükləri zaman belə dedilər: “Yəqin biz səhv gəlmişik.
Xeyr! Biz məhrum edilmişik”.
Onların ən yaxşısı belə dedi: “Sizə deməmişdimmi ki, (Rəbbinizi) həmd-səna ilə təsbeh etməlisiniz?!”
Onlar: “Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz (özümüzə) zülm etmişik”, - dedilər.
Sonra da dönüb bir-birini qınamağa başladılar.
Onlar dedilər: “Vay bizim halımıza! Həqiqətən, biz həddi aşmışıq.
Ola bilsin ki, Rəbbimiz bunun əvəzinə bizə ondan daha yaxşısını verər. Biz Rəbbimizi (Onun rizasını) istəyirik”.
Əzab belədir! Şübhəsiz ki, axirət əzabı daha böyükdür. Kaş biləydilər.
Heç şübhəsiz, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri vardır.
Biz müsəlmanları günahkarlarla bir tutarıqmı?!
Sizə nə olub, necə hökm verirsiniz?!
Yoxsa sizin bir kitabınız var və siz (bu yanlış hökmləri) oradanmı oxuyursunuz?!
Orada bəyəndiyiniz hər şey mütləq sizin olacaqdır (yazılıb)?!
Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?!
Onlardan kimin buna zamin duracağını soruş.
Yoxsa onların şəriklərimi var?! Əgər doğru deyirlərsə, onda şəriklərini gətirsinlər.
O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz.
Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
(Ey elçi!) Sən bu sözü (Quranı) yalanlayanı Mənə həvalə et! Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş əzaba yaxınlaşdırırıq.
Mən onlara möhlət verirəm. Həqiqətən, Mənim fəndim (əzabım) çox güclüdür.
Yoxsa sən onlardan bir ücrət tələb edirsən və buna görə onlar ağır bir borc yükü altındadırlar?!
Yoxsa qeyb (lövhi-məhfuz) onların yanındadır və onlar (istədikləri kimi) yazırlar?!
Sən Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunis) kimi olma! Bir zaman o, (balığın qarnında) dərdli-dərdli (Rəbbinə) səslənmişdi.
Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o, qınanmış halda qupquru bir yerə atılacaqdı.
Lakin Rəbbi onu seçdi və salehlərdən etdi.
Həqiqətən, inkar edənlər Zikri (Quranı) eşitdikləri zaman az qala səni gözləri ilə yıxalar. Onlar: “O divanədir!” - deyirlər.
Halbuki, o (Quran), aləmlər üçün yalnız bir öyüddür.