🏠
×
Haqqə surəsi
Haqqə surəsi
1.
Haqq olan qiyamət!
2.
Nədir o haqq olan qiyamət?!
3.
Haqq olan qiyamətin nə olduğunu sən haradan biləsən?!
4.
Səmud qövmü də, Ad qövmü də qəlbi qorxuya salanı (qiyaməti) yalanlamışdılar.
5.
Səmud qövmü qorxunc bir səslə məhv edildi.
6.
Ad qövmü isə uğultulu və şiddətli bir qasırğa ilə məhv edildi.
7.
Allah onu yeddi gecə, səkkiz gün arxa-arxaya onlara ürcah etdi. (Əgər orada olsaydın,) onları orada içi bomboş xurma kötükləri kimi sərilmiş görərdin.
8.
Bəs sən onlardan geriyə qalan bir şey görə bilirsənmi?
9.
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş məmləkətlər də o günahı etdilər (şirkə düşdülər).
10.
Onlar Rəbbinin elçisinə qarşı çıxdılar. Buna görə də Allah onları getdikcə şiddəti artan bir şəkildə (əzabla) yaxaladı.
11.
Hər tərəfi su basdığı zaman üzüb gedən gəmidə sizi Biz daşıdıq.
12.
O sizin üçün bir ibrət dərsi olsun və dinləyib dərk edənlər onu yadda saxlasın deyə belə etdik.
13.
Sura bir dəfə üfürüləcəyi zaman,
14.
Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman,
15.
Məhz o gün qiyamət qopacaqdır.
16.
Göy yarıldı və çatladı; artıq həmin gün o, “bükülüb-zəifləmişdir”.
17.
Mələklər də göyün ətrafında olacaqlar. O gün Rəbbinin ərşini səkkiz mələk daşıyacaqdır.
18.
O gün siz (Allahın hüzuruna) gətiriləcəksiniz. Sizə aid heç bir sirr gizli qalmayacaqdır.
19.
Kitabı sağ tərəfindən verilən belə deyəcəkdir: “Alın kitabımı oxuyun!
20.
Mən əməllərimin haqq-hesabı ilə qarşılaşacağımı dəqiq bilirdim”.
21.
Buna görə də o, razı qalacağı bir həyat içində,
22.
Uca bir cənnətdə olacaqdır.
23.
Onun meyvələri (dərilməsi asan olsun deyə) yaxın olacaqdır.
24.
(Onlara belə deyiləcəkdir:) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllərinizə görə nuşcanlıqla yeyin-için!”
25.
Kitabı sol tərəfindən verilən isə belə deyəcəkdir: “Kaş mənə kitabım verilməyəydi.
26.
Əməllərimin haqq-hesabını heç bilməmiş olaydım.
27.
Kaş ölümlə hər şey bitmiş olaydı.
28.
Mal-mülküm mənə heç bir fayda vermədi.
29.
Səltənətim də yox olub getdi”.
30.
(O gün mələklərə belə deyiləcək:) Onu tutub bağlayın!
31.
Sonra cəhənnəmə atın!
32.
Sonra da onu yetmiş arşın uzunluğundakı bir zəncirə vurun!
33.
Çünki o, əzəmətli Allaha inanmırdı.
34.
O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi.
35.
Ona görə də bu gün burada onun heç bir yaxın dostu yoxdur.
36.
Orada irindən başqa heç bir yemək yoxdur.
37.
Onu yalnız günahkarlar yeyər.
38.
And içirəm görə bildiklərinizə
39.
Və görə bilmədiklərinizə ki,
40.
Həqiqətən, o (Quran), çox şərəfli bir elçinin sözüdür!
41.
Bu, uydurma söz deyildir. Nə qədər də az inanırsınız!
42.
O, kahin sözü də deyildir. Nə qədər də az düşünürsünüz!
43.
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
44.
Əgər o, Bizim adımıza bəzi sözlər uydurmuş olsaydı,
45.
Biz onun gücünü və qüdrətini əlindən alardıq.
46.
Sonra onun şah damarını qopardardıq.
47.
Sizdən heç kəs də buna mane ola bilməzdi.
48.
Həqiqətən, bu (Quran), müttəqilər üçün öyüd-nəsihətdir.
49.
Şübhəsiz ki, Biz aranızda onu yalanlayanların olduğunu yaxşı bilirik.
50.
Həqiqətən, inkar edənlər buna (Qurana inanmadıqlarına) görə peşman olacaqlar.
51.
Bu (Quran), danılmaz bir həqiqətdir.
52.
Elə isə əzəmətli Rəbbinin adını təsbeh et!